Ölkədə bu qədər narazı kütlə var. Hamısını da yaradan məmurlardır. - Səxavət Məmməd yazır

22-09-2024, 00:01           
Ölkədə bu qədər narazı kütlə var. Hamısını da yaradan məmurlardır. - Səxavət Məmməd yazır
Azərbaycana qarşı açıq təhdidlər var. Bu birbaşa və dolayı yolla edilir. Hətta “Krokus” terroru da misal çəkilərək mesaj verilir. Sözdə Rusiya ilə Ermənistan arasında guya mübarizə gedir. Məsələ ondadır ki, iqtisadi baxımdan Rusiya ilə Ermənistan arasındakı münasibətlər çiçəklənmə dövrünü yaşayır. Aylar öncədən Qərb mediası yazırdı ki, Rusiya sanksiyaların bir qismini Ermənistan vasitəsi ilə yarır. Bizimkilər indi ayılıb.
ABŞ Ermənistana silah alışı ilə bağlı hansı səmti göstərir, onlar da gedib həmin ölkələrlə əməkdaşlıq edirlər. Fransa, Hindistan, Cənubi Koreya, Yaponiya və.s.
Rusiya ilə ABŞ Cənubi Qafqaz uğrunda bir-birinə girib. Rusiya Abxaziya və Cənubi Osetiyanı Gürcüstana vermək istədiyini göstərir. Məsələ ondadır ki, Rusiya Abxaziyanı qətiyyən güzəştə getməz. Ancaq Cənubi Osetiyan verilə bilər. Bizimkilər düşünür ki, Rusiya güzətə gedir. Düşünən yoxdur ki, Rusiya balaca bir ərazini verib, əvəzində Gürcüstanı götürmək istəyir. Nə isə ee, ABŞ-nin də, Rusiyanın da, NATO-nun da, də, dut, düt...
Baxırsan, deputatı da, partiya sədri də, politoloqu da, şəhərimizin qonaqları da Bakıda yaşamağın mümkünsüzlüyündən danışır. Xüsusilə tıxaclara görə. Kənardan baxan da elə bilər ki, rayonlarda güllük-gülüstanlıqdır. Biri də çıxıb demir ki, bu ölkə niyə görə bir dənə Bakıdan ibarət olmalıdır? İkinci mərkəzi şəhərin hanı? Niyə qurulmayıb? Qurulması cəhənnəm, niyə var olanlar qorunmur? Kimə deyirsən?
Əsas odur, Formula 1 keçirilsin, pulsuz Redbull içənlər də tərifdən yağdırsın. Yollarda zülm çəkənlər var? Cəhənnəmə ki...
Dünyada Azərbaycan qədər yol çəkmək təcrübəsinə malik ikinci bir ölkə bəlkə də yoxdur. Bu qədər təcrübəyə rəğmən hələ də kanalzasiya lyukları ilə yolu ağız-ağıza qoya bilmirik. Bu o deməkdir ki, yol çəkməyə yox, pul silməyə baş sındırmışıq. Yoxsa bu qədər təcrübə niyə effekt verməsin?
Qərb Azərbaycanı təhdid edir, Qərbə qarşı savaşın içərisindəyik, ancaq qabağa çəkilən məmurların Avropanın, ABŞ-nin hansısa universitetində Sertifikat alması qabardılır. Diplom yox, konkret Sertifikat! Lənət sənə kor şeytan.
Ölkədə bu qədər narazı kütlə var. Hamısını da yaradan məmurlardır. Baxırsan siyasi partiya sədrləri politoloqların, siyasi şərhçilərin bazarına girib, Rusiya-Ukrayna müharibəsindən danışır, Yaxın Şərqi xırdalayır, İrana kəllə atır, Ermənistana barmaq silkələyir. Biri də demir ki, ay bala, ay uşaq sən siyasi partiya sədrisən e, niyə gedib işinlə məşğul olmursan? TV kanallara çıxmağı böyük uğur sayan siyasətçi narazı kütləni neynəsin?
Seçkilərdən dərhal sonra biri müsahibəsində deyir ki, qismən demokratik seçi keçirmək olardı. Nə? Yəni, sənin dairəndə demokratik, digərləri vecimə də deyil? Söhbət Akif Nağıdan gedir. Başqa bir partiya sədri deyir ki, artıq sədrlikdən gedəcəm, partiyanında buraxılmasını təklif edəcəm. Daha sonra da başlayır malalamağa, nə bilim partiyanın idarə heyətinin qərarından-zaddan danışmağa. Söhbət Pənah Hüseyndən gedir. Öhtəliyin var? Sənin partiyan və özün siyasətdə olsa nə olar, olmasa nə olar? Qatar çoxdan gedib! İllər əvvəl bir partiya sədrindən müsahibə alıram. Otağa kim girdi, dedi müavinimdir, təxminən 17 nəfər içəri girib çıxmışdı. Axırda dedim, bəy, deyəsən partiyanın bütün üzvləri müavindir. Söhbət Sərdar Cəlaloğlundan gedir.
Milli Məclisin (parlament demək olmaz, danışanlara açıq şəkildə irad tutuldu ki, bura danışmaq üçün deyil) deputatlarına "deputat" deyə müraciət edirsən, adama bozarılar ki, millət vəkili deyin! Ağızlarına su verilib, sonra da görək kim suyu ağzında daha çox saxlayacaq yarışmasına qatılanların millət vəkili adına iddia etməsi də ayrı komediyadır.
Olimpiadada Azərbaycanı başqa millətin nümayəndələrinin təmsil etməsi çoxları tərəfindən müsbət qarşılanmadı. Dərhal ortaya bir fikir atıldı - Bayraq millətdən artıqdır! Çönüb tarixə baxırsan, bir millətin müxtəlif dövrlərdə nə qədər bayraqları olub. Uzağa getməyək, qulağımızın dibindəki Gürcüstan dünən yox, srağagün bayrağın dəyişdirdi. Bayraq önəmli şeydirsə, onu ən uca zirvəyə sancan əsgər idi. Çempion olan maksimum himn səsləndirir, əsgər isə suverenliyi bərpa edir. Biri 80 manat alır, digərinin almadığı şey qalmır.
Jurnalistlərlə oturub söhbət edirsən. Mətbuatdan söz düşəndə normalda söhbət belə olmalıdır - o jurnalistin yazısı daha kəskin idi, o biri jurnalistin yanaşması daha maraqlı idi, bu biri jurnalistin üslubu çox fərqlidir-filan. Əslində olan budur - O sayt rəhbəri filan şirkəti vurub bu qədər aldı, bu sayt rəhbəri filan məmuru vurub aylığa bağladı, bu biri sayt rəhbəri şirkətlərin canın boğazına yığıb, filan sayt filan şirkəti vurur ki, müqavilə bağlasın... Bəs mətbuatın funksiyası? Ə yaxşı görək saallah, qoy oturmuşuq.
O gün də Vikipediyaya qarşı bizimkilər ağır döyüşlər aparırdı. Əvvəla Vikipediya ciddi bir platforma deyil. İkincisi, sən şəhidin haqqında niyə Vikipediyada məlumat axtarırsan? Misal üçün girirsən Rusiya müdafiə nazirliyinin saytına, babanın, nə bilim hansısa qohumunun ad soyadını düzgün şəkildə yazırsan və axtarış verirsən. Görün nələr çıxır. Özü də həlak olanlar haqqında yox ha, sağ qayıdanlar haqqında da. Harda döyüşüb, hansı çayı necə keçib, harda yaralanıb, nə qədər müalicə alıb, ona hansı tibb bacısı baxıb, ağlınıza gələn, gəlməyən hər şey. Sənin baban haqqında az məlumat varsa, bu o deməkdir ki, az iş görüb. Bizim müdafiə nazirliyinin saytında axtarış verirsən, məlumat çıxacaqsa, o da təxminən belə olur - Qəhrəmancasına şəhid olub. Bəzi jurnalistlərin də leksikonundan qəhrəmancasına, igidcəsinə sözləri düşmür. A kişi, sən mənə hekayəni ver, mən qərar verim, qəhrəmancasına, igidcəsinə, yoxsa kor güllədən şəhid olub.
Başqa nə var, nə yox, özünüz yatıb, özünüz dura bilirsiniz?












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.