Böyük güclər Hind və Sakit Okean bölgəsində əzələ nümayişinə çıxıblar

22-09-2024, 12:34           
Böyük güclər Hind və Sakit Okean bölgəsində əzələ nümayişinə çıxıblar
Rusiya Ukrayna müharibəsiylə yanaşı strateji tərəfdaşı Çinlə birgə hərbi təlimləri axsatmır. İki dövlətin dəniz qüvvələrinin Sakit Okeanda birgə hərbi təlimləri başlayıb. Rusiya və Çinin döyüş gəmiləri Vladivostokdan dənizə çıxıblar. Rusiya və Çinin dəniz qüvvələrinin artan hərbi təlimləri Amerika Birləşmiş Ştatlarının Hind və Sakit Okean bölgəsində artan fəallığına cavab kimi qiymətləndirilir.
Pekinin tələblərinə baxmayaraq, ABŞ Filippində yerləşdirdiyi orta mənzilli raket sistemini geri çəkmək istəmir. Bu sistemlərin regional münaqişədə istifadəsinin mümkünlüyünü sınaqdan keçirilir. ABŞ və Filippinin münaqişə vəziyyətində sistemin orada istifadəsinin mümkünlüyünü və bu mühitdə nə dərəcədə yaxşı işlədiyini sınaqdan keçiriblər. Söhbət ABŞ ordusuna məxsus SM-6 raketləri və 1600 km (994 mil)-dən çox məsafə qət edə bilər “Tomahawks” raketlərini buraxa bilən “Typhon” sistemindən gedir. Çin hədəflərini vura bilən qanadlı raketlərlə təchiz oluna bilən "Typhon" sistemi bu ilin əvvəlində birgə təlimlər üçün gətirilib, ancaq sonra geri qaytarılmayıb.
Çin və Rusiya Vaşinqtonu silahlanma yarışını qızışdırmaqda ittiham edərək, sistemin Hind-Sakit Okean hövzəsində yerləşdirilməsini pisləyiblər. Çin Xarici İşlər Nazirliyi bildirib ki, ABŞ-ın raket sistemlərini yerində saxlamaq planından çox narahatdır. "Bu, regional ölkələrin təhlükəsizliyini ciddi şəkildə təhdid edir və geosiyasi qarşıdurmanı gücləndirir", - nazirliyin sözçüsü Lin Jian mətbuat brifinqində deyib. Çin Müdafiə Nazirliyinin sözçüsü Vu Qian də Manila və Vaşinqtonun “bölgəyə böyük müharibə riskləri” gətirdiyini söyləyib. Filippinin xarici işlər Nnziri Enrike Manalo çinli həmkarını ölkəsində raket sisteminin mövcudluğunun Çin üçün heç bir təhlükə yaratmayacağına və regionda sabitliyi pozmayacağına əmin etməyə çalışsa da, Pekin buna inanmır.
Son aylar Çinlə Filippin gəmiləri bir-birlərinə çox yaxınlaşıblar və bu iki ölkə arasında toqqşuma risqini artırıb. Filippin rəsmiləri, Filippin və ABŞ qüvvələrinin Luzon adasının şimalında, Cənubi Çin dənizinə baxan və Tayvan boğazına yaxın olan raket sistemi ilə məşq etməyə davam etdiklərini söyləyiblər. Halbuki, birgə təlimlər başa çatıb. Buna baxmayaraq, Filippin ordusunun sözçüsü, polkovnik Louye Demala “Reuters” agentliyinə bildirib ki, raket sisteminin nə qədər qalacağına qərar vermək Filippin səlahiyyətlilərinə bağlıdır.
Raket sistemlərinin geri qaytarılmasının əleyhinə olan Filippin bununla Çini çəkindirmək siyasətinə üstünlük verir. Bununla ABŞ Hind və Sakit Okean bölgəsində müttəfiqlərinin hərbi gücünü artırmış olur. Filippin Çinlə qarşıdurma istəmir. Manila və Pekin Cənubi Çin dənizində mübahisələrin necə idarə olunmasına dair bir sıra müzakirələr aparıblar. Ancaq bu müzakirılərdən nəticə yoxdur.
Bu arada, Vaşinqton Çinlə kiber müstəvidə də mübarizəsini davam etdirir. Birləşmiş Ştatlar Amerika infrastrukturuna, eləcə də internetə qoşulan müxtəlif cihazlara daha da sızmaq üçün Çinə yönəlmiş hakerlər tərəfindən botnet kampaniyasını müəyyən edib və ləğv edib. ABŞ Federal Təhqiqat Bürosu direktoru Kristofer Vray Vaşinqtonda keçirilən kiber sammit zamanı Çinin kiber müstəviyə müdaxiələrinə qarşı mübarizəni genişləndirdiklərini bildirib. Wray bildirib ki, “Integrity Technology Group” adlı informasiya təhlükəsizliyi şirkəti adı altında işləyən hakerlər korporasiyalardan, media qurumlarından, universitetlərdən və dövlət qurumlarından məlumat toplayıblar. Adəti üzrə Çinin Vaşinqtondakı səfirliyi ABŞ-ın ittihamlarını rədd edib. Çin səfirliyinin sözçüsü Liu Pengyu “Amerikanın Səsinə” göndərdiyi yazılı cavabda “FTB-nin əsassız iddialar əsasında əldə etdiyi nəticələrin” yanlış olduğunu bildirib.
“Atlas” Araşdırmalar Mərkəzi
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.