Erməni dilini öyrənməliyikmi?.. - ARAŞDIRMA...-EKSPERT RƏYLƏRİ

24-09-2024, 10:04           
Erməni dilini öyrənməliyikmi?.. - ARAŞDIRMA...-EKSPERT RƏYLƏRİ
“Ermənistanda Azərbaycan dilinin tədrisinə təkcə orta məktəblərdə deyil, ali məktəblərdə də önəm verilir. İrəvan Dövlət Universitetində bununla bağlı ayrıca kafedra var. Ermənilər sistemli şəkildə Azərbaycan dili və Türk dilinin öyrənilməsinə böyük əhəmiyyət verirlər. Çünki belə hesab edirlər ki, onların azərbaycanlılar və türklərlə “mübarizə”si daim davam edəcək…"

İstər keçmişdə olsun, istərsə də çağdaş dövrümüzdə Azərbaycanda erməni dili mövzusu vacibliyini daim qoruyur və qorumaqda davam edir. Mövcud məlumatlara görə, 2008-ci ildə Ermənistanda Azərbaycan dili kursu açılıb və 2012-ci ildən isə "Azərbaycan dili" dərsliyi nəşr olunub. Əlbəttə, bu, ermənilərin istifadə etdiyi, keçmişdən gələn strateji addımdır. Hətta bu sahədə bizim ermənilərdən geri qaldığımızə həm faktlardan, həm də mövzuya toxunan ekspertlərin açıqlamalarından açıq-aydın görmək mümkündür. Ermənistanda artıq 2022-2023-cü tədris ilində 12 məktəbdə türk dili, 4-ndə isə Azərbaycan dili tədris edilirdi. "Azərbaycan dili" dərsliyi hazırlanıb ki, hazırda həmin kitab universitetlərdə tədris vəsaiti kimi istifadə olunur...

Bu bir çox insanlara qəribə görünə bilər: axı ermənilərin Azərbaycan dilini bilməsinin onlara nə kimi köməyi ola bilər? Amma məsələyə bir az qlobal, bir də tarixi faktlar prizmasından baxsaq, hər şey aydın olar. Diktator olsa da, dünyada nüfuzlu siyasi lider kimi tanınmış, SSRİ rəhbəri İosif Stalin II Dünya müharibəsi davam edərkən orta məktəblərdə şagirdlərə alman dilinin tədris olunması ilə bağlı göstəriş verib… O, düşmənin dilini bildikdən sonra onunla mübarizənin, onu məğlub etmənin istər-istəməz asanlaşacağı düşüncəsi ilə bu cür addım atıb və həmin addım nəticəsiz də qalmayıb… Bildiyimiz kimi, sonda faşist Almaniyası SSRİ-yə biabırçasına məğlub olub…
Məsələ ondadır ki, düşmənlə, işğalçıyla mübarizə dedikdə, həm hərbi, silahlı qarşıdurma, hərbi və mülki kəşfiyyat, xüsusi xidmət qurumlarının gizli-açıq mübarizəsi, həm də media üzərindən informasiya savaşı nəzərdə tutulur. Belə ki, istər kəşfiyyatların mübarizəsində, istərsə də informasiya savaşında uğur qazanmağın sirrlərindən biri də düşməni onun öz dili ilə vurmaqdır…

Düzdü, bu gün artıq 30 ilə yaxın erməni işğalı altında qalmış torpaqlarımızı azad etdikdən sonra biz Azərbaycan xalqı və dövləti olaraq Ermənistanla sülh sazişi bağlamağa və bu düşmənçiliyə son qoymağa çalışırıq. Təəssüf ki, bilavasitə hazırkı Ermənistan hakimiyyətinin dilindən rəsmən səslənməsə də, ölkədəki bir sıra müxalif, revanşist dairələr yenidən “Artsaxı, hətta Naxçıvanı azad etmək” kimi müharibə çağırışları edir. Yəni bu ölkə ilə hələ də nə vaxtsa savaşmaq ehtimalı qalır. Odur ki, Azərbaycanda erməni dilini öyrənib-öyrənməmək məsələsi aktualdır…

Bəs görəsən, ekspertlərimiz bu haqda nə deyir?..

“Öz doğma dilimizi, zəfər tariximizi dünyaya tanıtsaq, bu ermənilərə ən tutarlı cavabdır. Bu halda erməni dilinin tədrisi ilə bağlı ayrıca kafedralar yaradılmasına da ehtiyac qalmaz...”

Bu fikri Moderator.az-a açıqlamasında tarix üzrə ekspert, publisist, tənqidçi və pedaqoq Nadir İsrafilov ifadə edib.

"Azərbaycanda erməni dilinin tədrisi ilə bağlı məsələ birinci dəfə deyil ki, gündəmə gətirilir. Bunun zəruriliyini əsaslandıranlar belə bir fakta istinad edirlər ki, bəs Ermənistan Təhsil Nazirliyinin yaydığı məlumata əsasən, bu ölkədə 2022-2023-cü tədris ilində 12 məktəbdə türk dili, 4 məktəbdə isə Azərbaycan dili tədris olunub. Ermənistanda Azərbaycan dilinin tədrisinə təkcə orta məktəblərdə deyil, ali məktəblərdə də önəm verilir. İrəvan Dövlət Universitetində bununla bağlı ayrıca kafedra var. Ermənilər sistemli şəkildə Azərbaycan dili və Türk dilinin öyrənilməsinə böyük əhəmiyyət verirlər. Çünki belə hesab edirlər ki, onların azərbaycanlılar və türklərlə “mübarizə”si daim davam edəcək".

Bizdəki yanaşmanın bir az fərqli olduğunu bildirən Nadir İsrafilov davamında deyir ki, "məlum olduğu kimi, Azərbaycanın bir neçə universitetində erməni dilinin tədrisi var. Lakin bu kafedra səviyyəsində deyil. Yəni erməni dilinin tədrisi lazım olan səviyyədə deyil. Bu isə yaxşı mütəxəssis hazırlanmasına mane olur. Azərbaycanda bu sahə ilə bağlı mütəxəssis yetişdirmək üçün universitetlərdə erməni dilinin tədrisi ilə bağlı kafedralar yaradılmalıdır.

İrəli sürülən təkliflərin içərisində dərsliklərdə erməni tarixi ilə bağlı məlumatların yer alması da var. Buna səbəb olaraq isə bizim onlara cavab vermə imkanımızın olmaması göstərilir. Bunu təklif edənlər hesab edir ki, biz erməni tarixini gizlətməməli, onu cəmiyyətimizə də öyrətməliyik. Şagird və tələbələrə keçmişdə və indi Cənubi Qafqazda baş verən olay və proseslər haqqında məlumat verməliyik. Həmçinin bu istiqamətdə, dərsliklərdə informasiyalar yer almalı və şagirdlərə ötürülməli olduğunu deyənlər də var. Sanki gənc nəsilə öz tariximizi düzgün və dolğun ötürmüşük, bir erməni informasıyalarını ötürmək qalıb. Onsuz da, lazımsız informasiyalarla yüklü olan tarix dərsliklərimizə Ermənistan tarixinin saxta informasiyalarını yükləmək hansı zərurətdən irəli gəlir?.

Bildiyim qədər, Azərbaycanda erməni dilini öyrədən mərkəzlər, bu dili tədris edən universitetlər var. Bakı Dövlət Universitetində (BDU) 2005-ci ildən erməni dili tədris olunur. Neçə illər idi ki, Azərbaycan Dillər Universitetində də (ADU) erməni dili keçilirdi. Hətta bu universitetdə Erməni Araşdırmaları Mərkəzi də fəaliyyət göstərib, “Erməni dilinin qrammatikası” dərsliyi belə, nəşr olunub. 2021-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində də (UNEC) erməni dilinin tədrisinə başlanılıb. Hətta Ermənistan İqtisadiyyatının Araşdırılması Mərkəzi tərəfindən Universitet tədqiqatçıları üçün kurslar da yaradılmışdı. Universitetdə Elmi-Tədqiqat Mərkəzi də fəaliyyət göstərir. Daha nə lazımdır?..

Erməni dilinin tədrisi ilə bağlı təklif irəli sürənlər düşünür ki, düşmənin dilini bilmək ona anladığı formada cavab vermək üçün gənclərə mükəmməl fürsət verəcək. Lakin bu məsələ zaman-zaman gündəmə gətirilsə də, heç də birmənalı qarşılanmayıb. Bir neçə dil bilməyin heç bir ziyanı yoxdur. Lakin yerində və qədərində. Erməni dilini orta məktəblərə gətirib kütləviləşdirmək kimi bir tendensiya yaransa, bu cəhdi erməni dəyirmanına su tökməkdən başqa bir şey adlandırmaq olmaz. Hesab edirəm ki, əbədi düşmənlərimizin dilini bilsək də, bilməsək də, onların alçaq xisləti, mənfur niyyəti onsuz da hamıya bəllidir...

Ölkəmizdə erməni dilini öz dilimizdən də yaxşı bilən kifayət qədər insan var. Öz doğma ana dilimizi, ta qədimdən bu yana şanlı tariximizi, zəngin mədəniyyətimizi dərindən bilsək və dünyaya tanıtsaq, bunun özü elə erməniyə tutarlı cavabdır”, - deyə ekspert vurğulayıb.

"Erməni dilinin Azərbaycanda öyrənilməsinə ehtiyac var. Bu gün biz bu prosesə daha da ciddi yanaşmalıyıq".

Milli Məclisin deputatı, ilahiyyat üzrə fəlsəfə doktoru, alim, siyasətçi Ceyhun Məmmədov Moderator.az-a açıqlamasında "Ölkəmizə bu dilə verilən önəmin səbəbini və vacibliyinin nə yerdə olduğunu" cavablandırarkən söyləyib.

"Bu gün informasiya müharibəsi və ermənilərin təxribatı davam edir, ona görə də bu istiqamətdə səylərimizi və fəaliyyətimizi davam etdirməliyik. Söhbət ondan gedir ki, kütləvi olmasa da, bəzi məktəblərdə və ali təhsil müəsissələrində erməni dilinin tədrisinə imtiyaz var".

"Bu gün müharibə bitsə də, Ermənistanın bizə qarşı düşmənçilik təxribatları davam edir və edəcəkdir. Təbi ki, eyni zamanda informasiya müharibəsidə qaydasında davam edəcək. Ona görə erməni dilinin tədrisi, Ermənistanı araşdıran mərkəzlərin fəaliyyəti çox önəmlidir. Hansı prosesslər gedir, addımlar planlaşdırılır. Nə cür və hansı formada Ermənistan Azərbaycana qarşı təxribatlarını davam etdirir. Biz bu istiqamətdə mütləq addımlar atmalıyıq və eyni zamanda qeyd etdiyimiz məsələyə çox həssas və diqqətlə yanaşmaq lazımdır. Peyğəmbərimizin məşhur kəlamında dediyi kimi, "düşmənlərinizin dilini öyrənin".

Onlar bu gün, sabah və yaxud gələcəkdə də bizə qarşı eyni fəaliyyəti davam etdirəcəklər. Biz düşünsək ki, onlar artıq yanaşmasını dəyişib, xeyr, bu səhv düşüncə olar. Onlar dəyişməyib hələ düşmənçilik və qisas hissi ilə alışıb yanırlar və Azərbaycana qarşı eyni nifrət niyyətindədirlər".

Hər iki açıqlamada aydın görünür ki, düşüncələr, ideyalar fərqli, amma məqsədlər və arzular birdir. Tək reallıq mövcuddur ki, dövlətimiz var və dövlət varsa, xalqı da daim var olacaqdır. Var olan xalq və dövlətin də dostu ilə yanaşı düşməni də olacağı təbiidir…

Nəticə etibarı ilə bunu deyə bilərik ki, indidən düzgün istiqamətdə atılmış addımlar, gələcəyimizi qorumaq üçün ən doğru seçim olacaqdır. Yoxsa boşa atılmış addımların xeyirindən çox ziyanı ilə qarşılaşma ehtimalımız var, erməni dili məsələsi də bu cür həssas və diqqətlə işlənməsi lazım olan mövzulardandır…

Çimnaz Məmmədova, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin II kurs tələbəsi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.