Azərbaycanla İran arasında konsulluq məsləhətləşmələri keçirilib

24-09-2024, 11:17           
Azərbaycanla İran arasında konsulluq məsləhətləşmələri keçirilib
Sentyabrın 23-də Bakıda Azərbaycan Respublikasının və İran İslam Respublikasının Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib.

Bu barədə Aərbaycan XİN-dən məlumat verilib.

Qeyd olunub ki, məsləhətləşmələrdə nümayəndə heyətlərinə ölkələrin XİN Konsulluq idarələrinin rəisləri Emil Səfərov və Əlirza Mahmudi başçılıq ediblər.

Məsləhətləşmələr çərçivəsində İran nümayəndə heyəti Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Samir Şərifov tərəfindən qəbul edilib və görüş zamanı iki ölkə arasında əməkdaşlığın mövcud vəziyyəti, həmin əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Tədbirdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidmətinin rəsmiləri iştirak ediblər.

Danışıqlar zamanı konsulluq sahəsində ikitərəfli əlaqələrin inkişaf perspektivləri, iki ölkə vətəndaşlarının hüquq və azadlıqlarının qorunması, o cümlədən bəzi istiqamətlər üzrə çətinliklərlə üzləşmiş vətəndaşlara zəruri konsulluq və hüquqi yardımın göstərilməsi imkanları, beynəlxalq axtarışda olan şəxslərin təhvil verilməsi, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün vətəndaşı olduqları ölkələrə verilməsi kimi məsələlər nəzərdən keçirilib.

Eyni zamanda, məsləhətləşmələr çərçivəsində iki ölkənin daxili işlər, sərhəd və gömrük orqanları arasında əməkdaşlıq məsələlərinə toxunulub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.