İçərişəhəri avtomobillərdən xilas edin!

Bu gün, 10:24           
İçərişəhəri avtomobillərdən xilas edin!
Son aylarda Bakının mərkəzi hissələrində nəqliyyatın və şəhər ərazisinin idarə edilməsi ilə bağlı həyata keçirilən layihələr diqqət çəkir.

Hurriyyet.az xəbər verir ki, Xəqani bağının və ətrafındakı bir sıra küçələrin avtomobilsizləşdirilməsi, ərazinin piyadaların hərəkəti və istirahət üçün uyğunlaşdırılması layihəsinin timsalında müasir şəhər idarəetmə yanaşmasının uğurlu nümunəsini gördük. Hazırda Cəfər Cabbarlı meydanı və ətrafındakı ərazilərdə, eləcə də bir sıra digər mərkəzi prospekt və küçələrdə reallaşdırılan layihələr də müasir və asudə şəhər harmoniyasının təmin edilməsi, ekoloji çirkliliyin və səs kirliliyinin azaldılması baxımından əhəmiyyətli olacaq.

Gedişat və şəhər ehtiyacları onu göstərir ki, qeyd edilən layihələr daha da genişləndirilməli, bütün Bakını əhatə etməli, paytaxtın mərkəzini avtomobillə doldurmaq yolundan imtina edilərək ictimai nəqliyyat, velosipedlər, skuterlərin hərəkət şəraiti yaxşılaşdırılmalı, ən əsası isə piyada hərəkətin davamlılığı, təhlükəsizliyi və cəlbediciliyi daha da artmalıdır.

Bu baxımdan şəhərin ən görkəmli və tarixi ərazisi olan İçərişəhər də nəzərdən kənarda qalmamalıdır. İçərişəhərin avtomobilsizləşdirilməsi ideyası tez-tez günəmə gəlsə də, hazırda buna daha çox zərurət var və ictimai tələb formalaşıb.

Tarixi mühitin qorunması, ərazidəki yerli və dövlət əhəmiyyətli abidələrin qorunması, yerli və xarici turistlərin rahatlığı üçün İçərişəhərdə nəqliyyatın yeni yanaşmalar əsasında idarə edilməsinə ehtiyac var.

Təsadüfi deyil ki, bir neçə ay əvvəl “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun xüsusi rejimi haqqında Əsasnaməyə dəyişiklik də edilib.

Dəyişikliyə görə, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə yeni səlahiyyət verilib. Belə ki, qoruq ərazisindən keçən yollarda nəqliyyat vasitələrinin hərəkəti qoruq ərazisində yerləşən abidələrin qorunması üçün təhlükə yaradarsa, İdarə onların hərəkətini məhdudlaşdıra və ya qadağan edə biləcək.

Dəyişikliyə qədər isə sözügedən hallarda İdarə Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası qarşısında həmin yollardan istifadəyə məhdudiyyətlərin tətbiqi və ya istifadənin tam dayandırılması barədə məsələ qaldıra bilərdi.

İçərişəhərdə yaşayanların, orada yerləşən qurumlarda çalışanların mənafelərini müəyyən qədər nəzərə almaqla burada nəqliyyatın hərəkətinin yenidən təşkil edilməsinə qanunvericilik baxımından da zəmin formalaşıb.

Bu arada İçərişəhərin ictimai nəqliyyat xidmətləri ilə də kifayət qədər təmin edildiyini vurğulamaq olar. Neftçilər, Azərbaycan prospektləri, İstiqlaliyyət küçəsindən hərəkət edən bütün marşrut xətlərini, Qala divarının dibində yerləşən “İçərişəhər” metrostansiyasını, ətraf yollara çəkilmiş velosiped zolaqlarını nəzərə alsaq, buranın qismən avtomobilsizləşdirilməsinə dərhal başlamaq olar.

Paralel olaraq vacib kateqoriyaya daxil olan maşınların, yanğınsöndürən, təcili tibbi yardım, nisbətən kiçikhəcmli yük avbtomobillərinin İçərişəhərə müvəqqəti girişi üçün də mexanizm yaradıla bilər. Lakin bu avtomobillər də irihəcmli olmamalı, tarixi abidələri zədələməməli, tarixi daş döşəmələrə xələl gətirməməlidir.

Ərazidə turistlərə xidmət edə biləcək kiçik elektrik avtomobillərin xidmət göstərməsi də mümkündür.

Bütün bunları nəzərə alaraq qısa vaxtda “İçərişəhər”lə bağlı yeniliklərin tətbiqini gözləməliyik.

Qafqazinfo.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.