Vətən müharibəsinin başlamasından 4 il ötür

27-09-2024, 08:06           
Vətən müharibəsinin başlamasından 4 il ötür
Bu gün Vətən müharibəsinin başlamasından dörd il ötür. Bu münasibətlə Azərbaycanda Anım Günü qeyd olunur.

Dörd il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə ordumuz torpaqlarımızın azadlığı uğrunda mübarizəyə başlayıb. Rəşadətli Azərbaycan Ordusu 30 il işğalda qalan əraziləri sürətlə düşmən tapdağından təmizləyib. Vətən müharibəsi həm də xalq-ordu-iqtidar birliyinin bütün dünyada ən nümunəvi təcəssümü kimi yadda qalıb.

Lakin müharibənin gedişində ölkəmiz bir sıra haqsız xarici təzyiqlərlə də üzləşib, BMT Təhlükəsizlik Şurasında əleyhimizə qətnamələrin qəbul edilməsinə cəhdlər olub. Ancaq İlham Əliyevin qətiyyətli siyasəti bu təzyiqləri müvəffəqiyyətlə dəf edib və ordumuzun uğurlu əməliyyatları məntiqi nəticə ilə yekunlaşıb.

Beləliklə, Azərbaycan Silahlı Qüvvələrinin sentyabrın 27-də Qarabağda başlayan və noyabrın 9-na qədər davam edən 44 günlük "Dəmir yumruq" əməliyyatı nəticəsində beş şəhər, dörd qəsəbə və 286 kənd işğaldan azad edilib.

Vətən müharibəsi nəticəsində Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndləri, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun doqquz kəndi, Şuşa şəhəri, Laçın rayonunun üç kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha beş adsız yüksəklik düşmən tapdağından azad olunub.

Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. Bu sənəd həm də Ermənistanın kapitulyasiya aktı kimi yadda qalıb. Razılaşmaya əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları heç bir itki vermədən Azərbaycana qaytarılıb.

Vətən müharibəsi ilə Ermənistan ordusu darmadağın olub və ermənilərin özləri haqqında yaratdıqları mif tarixin tozlu səhifələrinə göndərilib.

Qeyd edək ki, Azərbaycan Ordusu döyüş meydanını qoyub qaçan ermənilərdən xeyli hərbi qənimət ələ keçirib. Hazırda həmin hərbi qənimətlər Hərbi Qənimətlər Parkında nümayiş etdirilir.

Azərbaycan 44 günlük müharibədə 2908 şəhid verib, altı nəfər isə itkin düşüb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.