Bakıda keçiriləcək COP29 Liderlər Sammitində 100-dən çox dövlətin yüksək rəsmiləri iştirak edəcək
1-11-2024, 18:08
COP29 Liderlər Sammitində 100-dən artıq dövlət və hökumət başçısının, vitse-prezidentlərin iştirakı gözlənilir.
Bu barədə oktyabrın 31-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin 8-ci iclasında Azərbaycan Prezidentinin Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nuriyev bildirib.
Onun sözlərinə görə, COP29-da iştirak üçün BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyi vasitəsilə 50 mindən artıq şəxs qeydiyyatdan keçib və bu proses davam etdiyi üçün say daha da artacaq.
Təşkilat Komitəsinin sədri xarici medianın və qeyri-hökumət təşkilatlarının da COP29-da iştiraka böyük maraq göstərdiyini bildirib.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 noyabrın 11-dən 22-dək Azərbaycanda keçiriləcək.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəflərin Konfransı – COP Konvensiyasının ali qərar qəbul edən orqanıdır. Katibliyi Bonnda yerləşir. Hər il dünyanın hər yerindən hökumət nümayəndələri COP-da toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində birgə səylər göstərmək üçün çağırışlar edir.
COP-un ilk toplantısı 1995-ci ildə Berlin şəhərində keçirilib.