Bələdiyyələrin yeni gəlir mənbəyi - Deputat anlaşılmazlığa aydınlıq gətirdi

2-11-2024, 00:01           
Bələdiyyələrin yeni gəlir mənbəyi - Deputat anlaşılmazlığa aydınlıq gətirdi
Parlamentdə “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Büdcə sistemi haqqında” və “Nağdsız hesablaşmalar haqqında” qanunlara təklif edilən dəyişiklik layihəsi birinci oxunuşda qəbul edilib.

Bu dəyişiklik nədən ibarətdir? Bələdiyyələrin statusu, yoxsa maliyyə əldə etmək imkanlarının əhatəsini genişləndirilir?

Milli Məclisin deputatı Kamran Bayramov TNS-ə bildirib ki, parlamentdə bələdiyyə maliyyəsinin əsasları, büdcə sistemi və nağdsız hesablaşmalarla bağlı qanuna dəyişikliklər olunub: "Qanunvericiliyin dəyişdirilməsi, təkmilləşdirilməsi onunla əlaqəlidir ki, yaxın zamanlarda bələdiyyə seçkiləri keçiriləcək. Bələdiyyələrin maliyyə və iqtisadi potensialının gücləndirilməsi, eyni zamanda onların təkmil bir quruma çevrilməsi istiqamətində qanunvericilik tədbirləri həyata keçirilir. Bu yaxınlarda Milli Məclis bələdiyyələrin birləşməsi ilə bağlı yeni qanun qəbul etdi. Bu da bələdiyyələrin daha güclü, daha çevik, daha operativ və vətəndaşlara layiqli xidmət göstərə bilən qurumlara çevrilməsi məqsədini daşıyır”.

Deputat bildirib ki, qanunlara dəyişikliklərlə bağlı mətbuatda bir az dolaşıqlıq var: “Hesab edirlər ki, bələdiyyələr nağdsız hesablaşmalara məhz bu qanun layihələrinin qəbulundan sonra keçəcəklər. Bu, qətiyyən belə deyil. Çünki bələdiyyə vergilərinin nağdsız qaydada həyata keçirilməsi artıq 10 ilə yaxındır ki, həyata keçirilir. 2015-ci ilin yanvarın 1-dən bu nağdsız hesablaşmalara keçid ilə vətəndaşlarımız artıq bələdiyyə vergilərini bank, poçt və digər nağdsız vasitələrlə ödəyə bilirlər”.

Kamal Bayramov “Qrant haqqında” Qanuna dəyişikliklərə də toxunub.

“Dəyişikliklərdən sonra bələdiyyələr artıq subvensiya və dotasiya ilə bərabər, qrant alıcısı kimi də qəbul olunacaqlar. Yəni ki, qrant resipienti kimi. İstənilən bələdiyyə həm hökumətdən, həm də qeyri-hökumət təşkilatlarından hər hansı layihə çərçivəsində qrant almaq hüququna malik olurlar. Düşünürəm ki, bu da onların maliyyə və iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına xidmət edəcək. Ümid edirik ki, növbəti seçkilərdən sonra bələdiyyələr öz işlərini daha yaxşı quracaq, vətəndaşlarımıza daha layiqli xidmət göstərəcəklər", - deyə o bildirib.

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli isə TNS-ə deyib ki, bələdiyyələrlə bağlı təklif olunan dəyişikliklər istənilən halda bələdiyyənin fəaliyyətinə təkan verə biləcək addım kimi qiymətləndirilməlidir: "Bu dəyişikliklər bələdiyyələrin fəaliyyətinə bu və ya digər formada öz müsbət təsirin göstərəcək. Burada əsas məqsəd bələdiyyələrdə şəffaflığın təmin edilməsidir. 2015-ci ildən bütün yerli vergilər nağdsız şəkildə poçt, onlayn, bank və digər vasitələrlə həyata keçirilir”.

Vüqar Tofiqli bildirib ki, indi olan düzəliş sadəcə texniki, redaktə xarakterlidir: “Sadəcə olaraq, 10 il bundan əvvəl qəbul edilmiş qanuna müəyyən texniki düzəlişlər edirlər. Ümid edirəm ki, bu dəyişiklik Azərbaycan bələdiyyə sisteminin inkişafına, onların problemlərinin azalmasına xidmət edə biləcək. Seçkilərdən sonra bələdiyyələrin sayı 1606-dan 684-ə düşəcək, Bu da o deməkdir ki, bələdiyyə sahəsində işləyənlər daha mənsuliyyətli fəaliyyət göstərəcəklər”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.