İranla münasibətlər yenidən kəskinləşdi – Bakıdan Tehrana ağır cavab!

2-11-2024, 00:13           
İranla münasibətlər yenidən kəskinləşdi – Bakıdan Tehrana ağır cavab!
“İran İslam Respublikasında bəzi mövcud anti-Azərbaycan siyasi dairələri yenə də öz köhnə ampluasındadır. Həmin qüvvələr heç bir halda Azərbaycan və İran arasında mehriban qonşuluq münasibətlərinin qorunub saxlanmasında maraqlı deyillər”.

Bu sözləri Globalinfo.az-a deputat Elman Nəsirov iranlı həmkarının Azərbaycanı təhdid etməsi barədə danışarkən deyib.

O bildirib ki, bəzi İrandan olan qüvvələr ciddi cəhdlə iki ölkə arasında münasibətlə xələl gətirməyə çalışırlar:

“Bu çirkin niyyətlərinə nail olmaq üçün hər cür vasitəyə əl atırlar. Əks təqdirdə İran parlamentinin deputatı Əbülfəz Zöhrəvəndin anti-Azərbaycan müsahibəsinə necə qiymət vermək olar?! Bu müsahibədə o, İsrail-İran münasibətlərində yaranmış gərginlik fonunda ilk növbədə rəsmi Bakını ittiham edir. Guya ki, Azərbaycan İsrailin İrana qarşı hərbi əməliyyatlarında onunla əməkdaşlıq edir. Hələ bir qədər də irəli gedərək, Azərbaycanın cəzalandırılmasından danışır. İranın bizə qarşı absurd şəkildə bir qovluğu var. Bu qovluq bağlanmayıb, açıq vəziyyətdədir. Bunların fikrincə, Azərbaycanın qulağına “sillə” vurmaq lazımdır ki, guya ağlını başına yığsın”.

E.Nəsirov deyib ki, Zöhrəvənd deputata yaraşmayan leksikondan istifadə etməklə İran hakimiyyətinin anti-Azərbaycan məsələsi və Azərbaycanın cəzalandırılması ilə bağlı müəyyən planların olması barədə ismarış ünvanlayır:

“Qeyd edim ki, bu şəxs diplomat olub, İranın İtaliya və Əfqanıstanda səfiri işləyib. Eyni zamanda prezident olmuş Əhməd Nejatın Əfqanıstanda müşaviri kimi fəaliyyət göstərib. Yüksək dövlət postları tutmuş şəxsin leksikonuna baxın. Keçmiş səfirin və bugünkü diplomatın danışığına, istifadə etdiyi ifadələrə fikir verin – yalan, iftira, təzyiq, təhdid, Azərbaycanı cəzalandırmaq çağırışı, Azərbaycanın qulağının dibinə “sillə” vurmaq hədəsi və s. Yəni tənqidə dözməyən bir davranışdır. Hətta fikrimcə, o, dediyi sözlərin məsuliyyətini daşımalıdır. Görünür ki, Zöhrəvənd bu prosesdə tək deyil, onun arxasında dayanan daha iri siyasi fiqurlar var. Onlar da bu şəxsin dili ilə Azərbaycan əleyhinə olan çirkin niyyətlərini ortaya qoyurlar. Amma bilsinlər ki, Azərbaycan güclü dövlətdir, onun güclü lideri var, Prezident İlham Əliyevin dünya siyasətində öz sözü, çəkisi mövcuddur!”

Deputat Əbülfəz Zöhrəvənd və onun kimi Azərbaycana ismarış göndərənlərə səslənib:

“Zöhrəvənd kimilər unutmasınlar ki, düz 18 il bundan öncə, yəni 2006-ci ilin aprel aynda İlham Əliyevin ABŞ-a ilk rəsmi səfəri zamanı İranla bağlı bir açıqlama verdi. Bu o zaman idi ki, dünya mətbuatında günlər, dəqiqələr, hətta saniyələr belə göstərirdi ki, Birləşmiş Ştatlarının müttəfiqləri İrana zərbə endirəcək. Azərbaycan başçısı Ağ Evdə ABŞ prezidenti Corc Buşla danışıqlar zamanı və brifinqdə bəyan etdi ki, Azərbaycan ərazisindən heç bir üçüncü dövlət İrana qarşı güc tətbiq edə bilməz, biz buna imkan vermərik! O zamandan 18 il keçib. Göründüyü kimi, cənab Prezident sözünün ağasıdır! Necə bəyanat veribsə, o cür də əməl edib. Ölkə başçımızın sözü imzası qədər gücə malikdir. İndi Əbülfəz Zöhrəvənd kimilərin dedikləri İlham Əliyevin etdiyi yaxşılıqların qarşısında təşəkkürüdürmü? Unutmasınlar ki, Azərbaycan Prezidentinin müəyyən etdiyi xarici siyasətin prioritet istiqaməti ikitərəfli münasibətlər formatındadır. Bu formatda qonşularla münasibətlər əsas istiqamətdir”.

Elman Nəsirovun sözlərinə görə, Prezident İlham Əliyevin siyasətinin fəlsəfəsində İranla əlaqələrin inkişafı əsas istiqamətlərdən biri kimi nəzərdə tutulub:

“Bütün bunların qarşılığında görün, İran və İrandakı siyasi dairələr kimlərin arxasında dayanıb, kimləri önə verir və onların dili ilə Azərbaycana qarşı təhdid dolu ismarışlar göndərir. Bütün bu cəhdlərin heç bir nəticəsi olmayacaq! Çünki Azərbaycan güclü dövlətdir, bizim səfərbər olmuş cəmiyyətimiz var, vətəndaş həmrəyliyi hökm sürür. Güclü ordumuz, “Dəmir yumruq” kimi birləşmiş xalqımız və xalq birliyi mövcuddur. Bütün bu reallıqlar fonunda İran tərəfi onu da unutmasın ki, orada 40 milyona yaxın soydaşımız yaşayır və Azərbaycanı haqq işində hər zaman müdafiə edirlər”.

Zaira Akifqızı

Globalinfo.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.