Reklamın ümumi tələbləri hüquqi müstəvidə - AYSU NƏBİZADƏ YAZIR

14-11-2024, 12:14           
Reklamın ümumi tələbləri hüquqi müstəvidə - AYSU NƏBİZADƏ YAZIR
“Reklam haqqında” Azərbaycan Respublikası Qanunun (bundan sonra-Qanun) 2.0.1-ci maddəsinə əsasən reklam istehlakçısının diqqətini reklam obyektinə müxtəlif vasitə və üsullardan istifadə olunmaqla istənilən formada cəlb etmək, marağını formalaşdırmaq və saxlamaq, əmtəəni bazarda tanıtmaq və satışını stimullaşdırmaq məqsədi ilə yayımlanan məlumat hesab olunur.

Bununla da bəlli olur ki, reklamdan bəhs edilməsi üçün yuxarıda sadalanan məqsədlərlə məlumatın yayımlanması zəruridir. Göstərilən məqsədlər birbaşa olaraq istehlakçının seçimlərinə və qərarına birbaşa təsir edir. Bu hərəkət planlı olaraq həyata keçilir və gəlir əldə etməyə yönələrək kommersiya məqsədi güdür.

Eyni zamanda reklamın məqsədi reallaşdırılarkən, yəni istehlakçını cəlb etmək prosesi həyata keçirilərkən qanunda qadağan edilməyən üsul və vasitələrdən istifadə etməklə həyata keçirilməlidir.

Burada diqqət edilməli digər məqam isə gəlir əldə etmək məqsədi güdmədən edilən əmtəəyə dair hər cür tanıtım, tərifin reklam hesab olunub-olunmayacağıdır. Qanunvericilikdə reklamın məqsədinə nəzər yetirdikdə, onun məhz kommersiya xüsusiyyətini nəzərə aldıqda, planlı qazanc əldə etmək məqsədi olmadan edilən hər hansı tanıtmaq hərəkəti də reklam hesab edilməyəcəkdir.

Reklama dair tələblər.

Reklama dair tələblər arasında əsas məsələ onun haqsız reklam kimi sayılmasının qarşısını almaqdır. Belə ki, Qanunun 4.2-ci maddəsinə əsasən reklam əmtəə istehlakçılarının seçimini stimullaşdırmalı, onları aldatmamalı, çaşqınlıq hissi yaratmamalı, rəqiblərinin istehsal etdiyi, reklam edilən əmtəə ilə eyni, yaxud onun əvəzedicisi olan başqa əmtəələrin bazar nüfuzuna xələl gətirməməlidir. Bu müddəa müxtəlif formalarda təzahür edə bilər: oxşar və eyni əmtəə və xidmətlərə dair oxşar və eyni əmtəə nişanından istifadə etməklə, digər bazar subyektinin əmtəəsi və ya öz əmtəəsi barədə həqiqətəuyğun olmayan məlumatlar yaymaqla, əmtəə barədə zəruri məlumatları istehlakçıdan qəsdən gizlətməklə, digər bazar subyektlərin işguzar nüfuzunu ləkələməklə və s. formalarda. Bu baxımdan reklama dair tələblərdə hər zaman diqqət mərkəzində hədəflənən istehlakçılar götürülür və bütün məsələlər istehlakçılar baxımdan araşdırılır.

İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Qanunun 13-cü maddəsinin 6-cı və 7-ci bəndlərində qeyd edilir:

Haqsız, qeyri-dəqiq və gizli reklam nəticəsində reklam istehlakçısına dəyən zərər məhkəmənin qərarı ilə təqsirkar bilinmiş reklam fəaliyyətinin subyekti tərəfindən ödənilir.

Mal (iş, xidmət) haqqında yanlış və ya yarımçıq məlumat, yaxud haqsız, qeyri-dəqiq və gizli reklam nəticəsində dəyən zərəri ödəmək barəsində istehlakçının tələblərinə baxılarkən onun əldə etdiyi malın (işin, xidmətin) xassələrinə və xarakteristikasına dair xüsusi biliyinin olmaması ehtimalı əsas götürülməlidir

Haqsız reklam halları daha çox oxşar əmtəə və xidmətlərdə baş tutur. Bəs bazar subyektinin əmtəə nişanından oxşar olmayan əmtəə və xidmətlərin reklamında istifadəsi necə tənzimlənəcək?

A. əmtəə nişanından ona oxşar belə olmayan digər B. adlı əmtəənin reklamında istifadə edilmişdir. A. əmtəə nişanının müstəsna hüquq sahibi digərinə qarşı “əmtəə nişanından qanunsuz istifadəyə son qoyulması, dəyən zərərin əvəzinin ödənilməsi” kimi iddia qaldırmışdır. B. adlı əmtəənin sahibi iddianın əmtəələrin oxşar və eyni olmaması səbəbi ilə əsassız olduğunu bildirmişdir. Məhkəmənin 2-2(102)-269/2021, 30.06.2021-ci il tarixli qərarında isə qeyd edilmişdir ki, “....bu yanaşmadan belə nəticəyə gəlmək olur ki, əmtəə nişanının qeydə alındığı təsnifatlardan savayı, digər bütün təsnifatlar üzrə başqa şəxslər tərəfindən istifadəsi qanuna uyğundur. Halbuki, mübahisə iki eyni və ya oxşar əmtəə nişanları ilə bağlı deyildir. Göstərilən hal “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinin tələblərinə də ziddir. Həmin normada qeyd edilir ki, əmtəə nişanının sahibi əmtəə nişanından istifadə hüququnu lisenziya müqaviləsi,əmtəə nişanına dair hüququ isə müqavilə əsasında həmin nişanın aid edildiyi əmtəələrin və xidmətlərin hamısı və ya bir hissəsi barədə başqa şəxsə verə bilər.”.

Bununla da reklamlarda əmtəə nişanından qanunsuz istifadə halı, sadəcə oxşar və eyni əmtəələrlə bağlı mübahisə baxımından araşdırılmamalı, ümumilikdə digər tərəfin əmtəə nişanından istifadənin hüquqi əsas olub-olmaması halı araşdırılmalıdır. Bəhs edilən işdə əmtəə nişanından reklamda istifadənin hüquqi əsası və tərəflər arasında bağlanılmış hər hansı müqavilə mövcud olmamışdır. Burada Cavabdeh ölkədə kifayət qədər nüfuza malik olan A əmtəə nişanın sahibi ilə öz fəaliyyətlərinin əlaqəli olduğu təəssüratını yaratmaqla istehlakçılarda çaşqınlıq yaratmışdır.

Daha sonra Qanunun 4.3-cü maddəsində qeyd edilir ki, istehsalı (satışı) lisenziyalaşdırılan, sertifikatlaşdırılan əmtəələr yalnız müvafiq təsdiqləyici sənədlər olduqda, reklam edilə bilər. Bu halda reklamda lisenziyanın və sertifikatın nömrəsi, verilmə tarixi və onu verən orqanın adı göstərilməlidir.

Burada isə aydınlaşdırılmalı məqam odur ki, reklam edilənin əmtəə yoxsa subyektin özünün olmasıdır. Hesab edək ki, X adlı MMC-nin özəl tibb fəaliyyəti ilə məşğul olan eyniadlı X və yaxud M adlı əmtəəsi var. X-in və ya M-in reklamda istifadəsi zamanı malik olduğu lisenziya barədə məlumatlarla yaymlanmalıdır. Burada lisenziyanın həqiqətən mövcud olub-olmaması, yaxud əmtəə nişanının olub-olmaması əhəmiyyət daşımır. Burada əsas məsələ özəl tibb fəaliyyəti, yəni lisenziya alınmalı olan fəaliyyətin lizensiya məlumatları olmadan reklamıdır.

Ya da X adlı MMC-nin bir neçə müxtəlif adlarda əmtəəsi və ya xidməti var. Onlardan bəziləri lisenziya alınmalı olsa da, bəziləri belə fəaliyyətə aid deyildir. Bu zaman reklamda X adının verilməsi birbaşa olaraq həmin pozuntu faktını yaratmayacaqdır. Çünki qanunverici yalnız lizensiyalaşdırılan əmtəənin reklamına dair tələblərdən bəhs edir.

Reklam dövlət əleyhinə yönələn açıq çağırışlara, dövlətə xəyanətə, terrorçuluğa, zorakılığa, təcavüzə, milli mənəvi dəyərlərə, insanların həyat və sağlamlığına, şərəf və ləyaqətinə, dini və siyasi əqidəsinə, ictimai təhlükəsizliyə, ətraf mühitə ziyan vura biləcək hərəkətlərə təhrik etməməlidir.

Reklamda əmtəənin dövlət və yerli özünüidarəetmə orqanları, dövlət mülkiyyətində yaxud asılılığında olan kommersiya və qeyri-kommersiya təşkilatları, publik hüquqi şəxslər, büdcədənkənar fondlar və ya onların vəzifəli şəxsləri tərəfindən dəstəklənməsinə yol verilmir. Belə bir pozuntuya yol verdikdə isə tədbiq ediləcək məsuliyyət reklamın yerləşdirildiyi (yayımlandığı) yerdən asılı olaraq dəyişəcəkdir. Bu pozuntuya yol verilməsi açıq məkanda yerləşdirilən reklamlarda baş tutduqda, İnzibati Xətalar Məcəlləsinin 428.7.2-ci maddəsi (“Reklam haqqında” Azərbaycan Respublikası Qanununun və digər qanunvericilik aktlarının tələblərinə cavab verməyən reklamın açıq məkanda yerləşdirilməsinə), audiovizual mediada baş tutduqda isə İXM-in 381.6-ci maddəsi ilə (Audiovizual media, çap mediası və onlayn media subyektləri tərəfindən reklam və sponsorluqla bağlı “Media haqqında” və “Reklam haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinə riayət edilməməsinə görə) inzibati məsuliyyətə səbəb olacaqdır.

Qeyd olunanlardan əlavə reklamla bağlı digər tələblər aşağıdakılardır:

- Reklamda “Dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına riayət edilməlidir. Reklamvericinin tələbinə əsasən reklam qurğularında yerləşdirilən reklamın mətnində Azərbaycan Respublikasının dövlət dili ilə yanaşı digər dillərdən istifadə oluna bilər. Bu halda xarici dildə olan mətn dövlət dilində olan mətndən sonra yerləşdirilməli, dövlət dilində olan mətnin tutduğu sahədən böyük olmamalıdır.

- Reklam qurğuları insanların rahatlığını pozmamalı, nəqliyyat vasitələrinin hərəkətinə təhlükə yaratmamalı, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş texniki tələblərə cavab verməlidir. Reklam qurğusundan yalnız reklamın yayımlanması məqsədi ilə istifadə oluna bilər.

- Reklamda yalnız Azərbaycan Respublikası ərazisində tətbiqinə icazə verilmiş ölçü vahidlərindən istifadə olunmalı, əmtəələrin qiyməti Azərbaycan Respublikasının pul vahidi (rüsumsuz ticarət mağazaları istisna olmaqla) ilə göstərilməlidir.

Son olaraq, Qanunun 4.6-cı maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin, pornoqrafiyanın, tütün və tütün məmulatlarının və bu Qanunla reklamı qadağan olunan digər məhsulların reklamına yol verilmir.

Eyni zamanda qanunverici alkoqollu içkilərin reklamına müəyyən məhdudiyyətlərlə yol versə də, enerji içkilərinin reklamına hər hansı məhdudiyyət müəyyən etməmişdir. “Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının Qərarında içkinin enerji içkisi hesab edilməsi üçün meyarlar göstərilmişdir. Hər hansı içkinin bu meyarlara cavab vermədən enerji içkisi olaraq reklamı halında da aldadıcı reklam halı baş tutacaqdır.

Qeyd edilən məsələ ilə bağlı oxşar məhkəmə qərarında qeyd edilir:”..... Cavabdeh tərəfindən aparılmış araşdırma nəticəsində, “BİZON energy” adlı alkoqolsuz içkilərinin qablaşdırılmasının üzərində “ENERGY” və “CHARGE YOUR POWER” sözləri yazmaqla İddiaçı MMC tərəfindən istehlakçılarda həmin məhsulların enerji içkisi olması təəssüratı yaradıldığı və həmin məhsulların keyfiyyəti və başqa xassələri barədə düzgün olmayan məlumatlar verilməklə haqsız rəqabətə yol verildiyi, bununla da İddiaçı MMC tərəfindən “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin ikinci abzasının tələblərinin pozulduğunu müəyyən edilmiş və nəticədə xx.xx.2021-ci il tarixli Qərar ilə onun barəsində 215.968,0 manat məbləğində maliyyə sanksiyasını tətbiq edilmişdir...”.

Aysu NƏBİZADƏ

Bakı Şəhəri Reklam İdarəsinin aparıcı hüquqşünası
hurriyet












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.