Seçki bazarları silkələdi: Dolların yerini o tutacaq - ARAŞDIRMA
Bu gün, 12:00
Donald Trampın ABŞ prezident seçkilərindəki qələbəsindən sonra kriptovalyutaların və ilk növbədə “Bitcoin”-in qiyməti sürətlə artır. O, artıq 93.000 dolları keçib ki, bu da rekord göstəricidir. Bununla belə, kriptovalyutaların artımı il ərzində müşahidə olunub və bir sıra digər amillərlə bağlı olub.
“Cebheinfo.az” xəbər verir ki, son günlər kriptovalyutaların sürətlə bahalaşmasının əsas səbəbi Trampın növbəti ABŞ prezidenti seçilməsi olub.
Seçki kampaniyası zamanı o, dəfələrlə kripto sənayesini və Amerika mədən şirkətlərini dəstəkləyəcəyini vəd edib. Xüsusilə, o, ABŞ-ni “planetin kriptovalyuta paytaxtına” çevirəcəyini, həmçinin rəqəmsal maliyyəyə kütləvi şəkildə sərmayə qoyacağını vəd edib:
"Əgər gələcək kriptovalyuta ilə müəyyən ediləcəksə, mən onun ABŞ-də hasil edilməsini, buraxılmasını və istehsal olunmasını istəyirəm”.
Tramp və ətrafının “Bitcoin” sevgisi
Hələ namizədlik dövründə Tramp özünü kriptovalyuta tərəfdarları ilə əhatə etməyə başlayıb. Onlaırn arasında “Tether” ilə əlaqəli olan İlon Mask və Hovard Lutnik, həmçinin ən qədim kriptovalyuta jurnallarından biri olan “Bitcoin Magazine”-in rəhbəri David Bailey də var.
Eyni zamanda, kriptovalyutaların tərəfdarı olan J.D.Vansın Trampın vitse-prezidenti vəzifəsini icra edəcəyi gözlənilir. Bundan əlavə, ABŞ Konqresinə 250-dən çox kriptovalyuta tərəfdarı namizəd seçilib və qanunvericilər arasında kriptovalyutaların əsas rəqibi olan senator Şerrod Braun vəzifəsini itirib.
Tramp həmçinin Baydenin rəhbərliyi altında bir çox böyük kriptovalyuta şirkətlərinə nəzarəti gücləndirən Qiymətli Kağızlar və Birja Komissiyasının sədri Gary Gensleri qovacağına söz verib. Komissiya rəhbəri vəzifəsinə Genslerin əvəzinə bu sahəyə ən yaxşı münasibət bəsləyən namizədlər nəzərdən keçirilir.
Vədlər bununla bitməyib. Noyabrın 12-də axşam Tramp elan edib ki, İlon Mask və özünün keçmiş rəqibi Vivek Ramasvami ABŞ hökumətində yeni Hökumətin Effektivliyi Departamentinə (DOGE) rəhbərlik edəcəklər. Bu struktur dövlət xərclərini azaldacaq, həddindən artıq tənzimləməni aradan qaldıracaq və dövlət aparatının səmərəliliyini artırmaq üçün bürokratik strukturlarda islahatlar aparacaq.
Trampın ABŞ-də hakimiyyətə gəlməsi ilə kriptovalyuta bazarına müsbət təsir göstərməli olan bir sıra qanunların qəbulu planlaşdırılır. “Coinbase”-in baş məsləhətçisi Paul Grevalın sözlərinə görə, artıq Konqresdə investorların qorunmasını təmin etmək və kriptovalyuta bazarının tənzimlənməsində qeyri-müəyyənliyin bir qismini aradan qaldırmaq üçün nəzərdə tutulmuş qanun layihəsi var.
“Bitcoin”-i silkələyən seçki
Tarixən ABŞ prezident seçkiləri “Bitcoin”-nin artım dövrlərinə təsadüf edib. 2016-cı ildə seçkilərdən əvvəl kriptovalyuta 35%, ondan sonra isə 125% bahalaşıb. 2020-ci ildə seçkilərdən əvvəl artım 34%, sonra isə 307% olub. Bu dəfə seçkiqabağı artım 10% olub.
Beləliklə, Donald Trampın hakimiyyətə gəlməsi kriptovalyutaların sürətli böyüməsi üçün güclü katalizator olub. İnvestorlar bunu kriptovalyuta sənayesinin yeni administrasiyada inkişaf üçün əlverişli şərait yaradılacağına işarə kimi qəbul edirlər. Hələlik Tramp bir söz demir, amma öz hərəkətləri və qərarları ilə bu inamı daha da gücləndirir.