`Qərar qəbul etməyin vaxtı çatıb` - Leyla Əliyeva
29-09-2016, 21:52
Azərbaycan şərq müdrikliyi və qərb tərəqqisinin qovuşuğunda, Şərqlə Qərbin kəsişməsində yerləşən, qədim ənənələri və zəngin tarixi olan ölkədir.
Bunu Heydər Əliyev Fondunun vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “Davamlı inkişaf və ekoloji sivilizasiya” adlı “dəyirmi masa”nın rəhbəri qismində çıxışı zamanı deyib.
Leyla Əliyeva qeyd edib: “Azərbaycan keçmişdə tarixi İpək Yolu üzərində iri mərkəz olub ki, bu da ölkə mədəniyyətinə böyük təsir göstərərək onu tolerantlığa, yeni ideyalar və dialoqa inanan ölkəyə çevirib”.
Heydər Əliyev Fondunun vitse-prezidenti bildirib ki, Azərbaycanın nadir coğrafi mövqeyi də ölkənin landşaftına təsir göstərib. Leyla Əliyeva vurğulayıb ki, ölkədə qarla ötrülmüş gözəl dağlar, sərt qayalar, çaylar, sıx meşələr, çəmənlər və ovalıqlar var.
FAO-nun xoşməramlı səfiri əlavə edib ki, Azərbaycanda 11 iqlim qurşağından doqquzunun olması sayəsində zəngin biomüxtəliflik mövcuddur.
Leyla Əliyeva həmçinin deyib ki, hökumətin ətraf mühitin mühafizəsinə görə əsas məsuliyyət daşımasına baxmayaraq, fəal vətəndaş, xüsusilə gənclərin iştirakı olmadan davamlı inkişafı təmin etmək mümkün deyil.
Vətəndaş cəmiyyəti nümayəndələrinin, gənclərin və ətraf mühitin mühafizəsi üzrə fəalların adından çıxış edən Leyla Əliyeva 2011-ci ildə təsis edilmiş IDEA İctimai Birliyinin fəaliyyəti və uğurları, o cümlədən gənclərin maarifləndirilməsi üzrə tədbirlər, təşkilatın layihəsi çərçivəsində ölkədə beş milyondan artıq ağac əkilməsi, biomüxtəlifliyin qorunması barədə məlumat verib.
Heydər Əliyev Fondunun vitse-prezidenti qeyd edib ki, IDEA-nın "Bir planet - bir gələcək" şüarı yalnız Azərbaycanda deyil, onun hüdudlarından kənarda yaşayan gəncləri də təbiətin mühafizəsi naminə öz ətrafında birləşdirib: "Biz bütün layihələrimizi yaradıcı, bədii və nikbin tərzdə həyata keçirməyə çalışırıq”.
Leyla Əliyevanın sözlərinə görə, "Davamlı inkişaf və ekoloji sivilizasiya” adlı “dəyirmi masa” bütün beynəlxalq birlik üçün çox mühüm məsələləri əhatə edir: "Biz hamımız bilirik ki, ekologiya və sivilizasiya - bir-birinə zidd olan iki termindir, çünki sivilizasiya min illər ərzində qlobal ekologiyanı pozur. Nəticədə biz bu gün bütün planetin təhlükə altında qaldığı vəziyyətdəyik. Lakin "ekoloji sivilizasiya" konsepsiyasının meydana çıxması göstərir ki, getdikcə daha çox insan bu vəziyyət haqqında bilir və ətraf mühiti qorumaq üçün fəaliyyət göstərməyə hazırdır. İrq, din, adət-ənənə və əqidəmizdən asılı olmayaraq, hamımız bir planetdə yaşayırıq və ümumi gələcəyi bölüşürük - ekoloji problemlər sərhəd tanımır. Bu problemlər bütün ölkələri təhdid edir və yalnız birgə işləyərək, bir-birimizi dəstəkləyərək müsbət nəticələrə nail ola bilərik”.
FAO-nun xoşməramlı səfirinin sözlərinə görə, hazırda əksər hallarda bəşəriyyət təkcə təbiətə etinasız yanaşmır, həm də onu qəsdən dağıdır: "Bizim planetimiz böyük təhlükə altındadır və zaman bizə qarşı işləyir. Bir çox növlərin və bütün ekosistemin mövcudluğu təhlükə altındadır".
Leyla Əliyeva deyib ki, təbiətin itkiləri artıq illərlə deyil, dəqiqələrlə ölçülür: “Və bizim burada danışdığımız müddətdə hər 15 dəqiqədən bir brakonyerlərin əlindən fil və hər saat insan əlindən 11 min akula ölür”.
Heydər Əliyev Fondunun vitse-prezidenti qeyd edib ki, planetin biomüxtəlifliyinin 50 faizindən çoxu məhv olub və biz tədricən bütün növlərin, bütün meşələrin və bütün yaşıl həyatın məhv olacağı zamana yaxınlaşırıq: "Buna görə də hesab edirəm ki, müzakirələr və diskussiyalar aparmağın çox vacib olmasına baxmayaraq, qəti qərarlar qəbul etməyin və fəaliyyət göstərməyin vaxtı çatıb. Əlbəttə ki, yalnız nikbin qalaraq və ümidləri itirmədən uğura nail ola bilərik. Ötən il beynəlxalq ictimaiyyət tarixi sıçrayış edib və nəhayət, ətraf mühitin tənəzzülünün birgə, əl-ələ verib qarşısını almaq üzrə razılığa gəlib”.
Leyla Əliyeva danışıqlar prosesində şəxsən iştirak etmək və Paris sazişinin yaranmasına şahid olmaq xoşbəxtliyinin ona nəsib olduğunu bildirib.
Leyla Əliyevanın sözlərinə görə, bununla yanaşı, beynəlxalq ictimaiyyət davamlı inkişaf sahəsində nəzərəçarpacaq uğurlara nail olub – bu, bütün dünyada mühafizə olunan ərazilərin genişləndirilməsi, brakonyerliyin və heyvanların qanunsuz ticarətinin azaldılması, ekoloji təmiz texnologiyalara keçid, bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, tullantıların və bir çox başqa şeylərin emalının stimullaşdırılmasıdır.
FAO-nun xoşməramlı səfiri vurğulayıb ki, böyük səylər nəticəsində pandaların populyasiyası artırılıb və bu cins "nəsli kəsilmək təhlükəsi” kateqoriyasından çıxıb.
Leyla Əliyeva qeyd edib ki, analoji uğur Azərbaycanda da əldə olunub: "Biz beş il bundan əvvəl ceyranların mühafizəsi və sayının artırılması üzrə layihəyə başladıq. O zaman bizdə onlardan yalnız bir neçə yüzü var idi. Bir neçə il gərgin işdən sonra onların sayı altı minə qədər artdı. Hazırda biz böyük təhlükə altında olan Qafqaz bəbirinin və Xəzər nərəkimilərinin mühafizəsi ilə bağlı layihə üzərində səylə çalışırıq".
Leyla Əliyeva çıxışı zamanı xoşməramlı səfiri olduğu FAO-nun "Sıfır aclıq" təşəbbüsündən də bəhs edib. O qeyd edib ki, hazırda hələ də 125 milyon insanın humanitar yardıma ehtiyacı var. Bundan əlavə, ifrat yoxsulluq şəraitində yaşayan insanların 93 faizi ya zəif, ya da ekoloji risklərə qarşı zəifliyi olan ölkələrdə yaşayır: “Bu, təkcə humanitar böhran deyil, həmçinin inkişafın böhranıdır. Bu, təkbaşına humanitar fəaliyyət yolu ilə həll oluna bilməz, hərtərəfli və ardıcıl yanaşma lazımdır".
Heydər Əliyev Fondunun vitse-prezidenti qeyd edib ki, FAO öz milli məqsədlərinin prioritetləşdirilməsində üzv ölkələri və 2030-cu ilədək davamlı inkişaf sahəsində Gündəlik kontekstində vəzifələri dəstəkləyir.
Leyla Əliyeva deyib ki, bu kontekstdə FAO-nun yekun məqsədi kənd təsərrüfatının davamlı inkişafı üzrə investisiyaları dəstəkləmək və bütün səviyyələrdə iştirak etməklə iqtisadi artıma və sabit, dinc, inklüziv cəmiyyətlərin saxlanmasına kömək etməkdir: "Biz heç bir uşağın aclıqdan ölmədiyi, qida çatışmazlığının, ekoloji təsir və ya susuzluğun, ayrı-seçkiliyin olmadığı, bərabər dünyanı və təbiətin bütün heyrətamiz canlılarının yaşamaq və çiçəklənmək şansı olduğu dünyanı təmin etmək üçün birlikdə işləməli və səylə çalışmalıyıq”.
FAO-nun xoşməramlı səfiri vurğulayıb ki, bu məqsədlərə yalnız birlikdə nail olmaq və dünyanı daha yaxşı etmək mümkündür.
AzVision.az