Mənimsəmələrə, şişirdilmiş tenderlərə və səmərəsiz xərclərə son – “Rəqəmsal dövlət maliyyəsi” nəyi dəyişəcək?
Bu gün, 00:12

Prezident İlham Əliyevin imzaladığı yeni fərmana əsasən, “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi yaradılır. Bu sistem büdcə gəlirlərinin və xərclərinin vahid mərkəzdən rəqəmsal izlənməsini təmin edəcək. Yeni mexanizm dövlət büdcəsinin gəlir və xərclərinin şəffaf izlənməsi, maliyyə intizamının gücləndirilməsi və rəqəmsal nəzarət mexanizmlərinin tətbiqini nəzərdə tutur. Bəs qanunun icrası uzun illər davam edən mənimsəmələrin, səmərəsiz xərclərin və qeyri-şəffaf maliyyə əməliyyatlarının aradan qaldırılmasına təsir göstərə biləcəkmi?
Məsələ ilə bağlı Moderator.az-a danışan iqtisadçı Eldəniz Əmirov bildirib ki, bu fərman ölkənin maliyyə dayanıqlığı üçün çox önəmlidir. İqtisadçı onun icrasının da tam peşəkar səviyyədə həyata keçiriləcəyinə inanır:
“Belə fərmanın icrası mütləq şəkildə peşəkar yanaşma tələb edir. Digər tərəfdən, çox təəssüf ki, ölkə mediası bu məsələyə kifayət qədər diqqət ayırmadı. Yəni müəyyən media qurumlarında işıqlandırılsa da, geniş müzakirə edilmədi, mövzuya yetərincə yer verilmədi. Halbuki bu, çox önəmli bir fərmandır. Ona görə ki, Azərbaycanda neft gəlirləri ildən-ilə azalır. Bu isə dövlət büdcəsinin gəlirləri ilə bağlı riskləri artırır. Risklərin artması isə xərclərlə bağlı problemlərin yaranma ehtimalını gücləndirir.
Belə bir durumda dövlət maliyyəsinin idarə edilməsində daha peşəkar, şəffaf, etibarlı və güclü nəzarət mexanizminin yaradılması zəruridir. Bu baxımdan , “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi çox önəmlidir. Çünki bu mexanizm, ilk növbədə, şəffaflığın təmin olunmasında mühüm rol oynayacaq. Gəlirlər və xərclər yalnız dövlət büdcəsində deyil, həm də dövlət mülkiyyətindəki şirkətlərin dividendləri, büdcədənkənar fondlar və dövlət sifarişi ilə icra olunan layihələrdə mövcuddur. Bütün bunlar elektron qaydada izləniləcək. Fərmanın mahiyyətində dayanan əsas məqsəd də məhz budur. Nəticədə əvvəlki illərdə qeyri-şəffaf aparılan bütün maliyyə əməliyyatları rəqəmsal müstəvidə görünəcək. Bu, artıq fərmanın tələbidir və bu zaman maliyyə intizamının güclənəcəyini düşünürəm. Əgər maliyyə intizamı güclənirsə, bu, eyni zamanda elektron müqavilələrin kütləvi tətbiqi deməkdir”.
İqtisadçı vurğulayıb ki, dövlət vəsaiti hesabına aparılan satınalma prosesləri sadəcə kağız üzərində deyil, elektron müqavilələrdə öz əksini tapacaq və nə qədər elektron sistem üzərində aparılırsa, manipulyasiya imkanları da bir o qədər daralır:
“Yəni elektronlaşma həm də saxtakarlığın qarşısını alan bir alətdir. Bu fərman xəzinədarlıq nəzarətini gücləndirəcək, bilavasitə Maliyyə Nazirliyinin Xəzinədarlıq Agentliyi vasitəsilə proseslərin izlənilməsinə imkan yaradacaq. Eyni zamanda, maliyyə ekspertizasının aparılmasına şərait yaradacaq – istər layihələrin, istər ayrı-ayrı ödənişlərin və digər xərclərin...
Nəticədə, səmərəsizlik aradan qalxacaq. Təbii ki, bütün bunlar davamlı olarsa, icraçı subyektlər də məsuliyyəti gücləndirəcək. Məsuliyyətin güclənməsi isə, nəticə etibarilə, mənimsəmələrin və səmərəsizliyin azalmasına xidmət edəcək”.
Eldəniz Əmirov əlavə edib ki, sirr deyil – əvvəlki illərdə mənimsəmələr, şişirdilmiş tenderlər, səmərəsiz və heç bir geri dönüşü olmayan investisiya layihələri həyata keçirilib:
“Bu fərman məhz həmin neqativ halların aradan qaldırılması mahiyyətini daşıyır. Amma bir məsələ var ki, fərman yaxşı olsa da, keyfiyyətli icra tələb edir. Çünki keyfiyyətli icra olmadıqda artıq risklər yaranır. Gözləntilərin uğurlu olması ilə bağlı risklər də ortaya çıxır. Burada texniki infrastruktur yaradılmalı, inteqrasiya olunmalıdır və bütün qurumlar bu sistemə qoşulmalıdır. Yəni rəqəmsal nəzarət mexanizmi olsa belə, insan faktoru yenə də rol oynayır. Ona görə də peşəkar kadrlar olmalıdır.
Düşünürəm ki, bu məsələlər doğru təşkil edilərsə, ölkə iqtisadiyyatı üçün çox önəmli olacaq. Çünki ölkənin maliyyə sistemi iqtisadiyyatın ən vacib dayaqlarından biridir. Əgər “Rəqəmsal dövlət maliyyəsi” sistemi düzgün yaradılarsa, tətbiqi və icrası davamlı şəkildə peşəkar səviyyədə həyata keçirilərsə, o zaman şəffaflıq və maliyyə intizamı keyfiyyətcə yeni mərhələyə qədəm qoyacaq”.