Mardan və Solovyovların ümidinə qalan talançı Rusiya Azərbaycanın uğurlarını NİYƏ həzm edə bilmir?
Bu gün, 00:14

Rusiyanın media məkanında baş təbliğatçılardan olan jurnalist Sergey Mardan və ondan heç də geri qalmayan Vladimir Solovyov Azərbaycana və dövlət başçısına qarşı sərsəmləyiblər.
Maraqlıdır ki, Rusiyanın önə sürdüyü "təbliğat maşını" dayanmaq bilmir. Görünən odur ki, Azərbaycanın uğurlarını həzm etməkdə ciddi narahatlıq yaşayırlar. Bəs görəsən, həzm problemi nədən qaynaqlanır?
TEREF xəbər verir ki, politoloq İlqar Vəlizadə mövzu ilə bağlı Oxu.Az-a danışıb.
O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin "Əl-Ərəbiyyə" kanalına telekanalına verdiyi müsahibəyə Rusiyadan gələn reaksiyalar təəccüblü deyil:
"İllərdir Rusiyada bəzi şəxslər anti-Azərbaycan mövqeyində çıxış edirdilər və Azərbaycan tərəfindən atılan addımlara, daxili və xarici siyasətdəki uğurlarımıza sevinmirdilər. Onlar müxtəlif böhtanlar yayırdılar. Təkcə Sergey Mardan və Vladimir Solovyov deyil, eyni zamanda siyasi elitanın digər nümayəndələri də Azərbaycanın əleyhinə atılan addımlara dəstək göstərirdilər. Onların əksəriyyəti ermənilərlə əlbir olan qruplar olub. Sözügedən şəxslərin Qarabağ klanı ilə dərin əlaqəsi də danılmaz faktdır".
O qeyd edib ki, Azərbaycanın müstəqil və uğurlu siyasət yürütməsi bu qüvvələr üçün qəbuledilməz reallıq və vahiməli yuxudur:
"Azərbaycan Prezidentinin son müsahibəsi onları daha da qıcıqlandırıb. Rusiyada mövcud tarixi narrativlər Azərbaycan və digər MDB ölkələrinin narrativləri ilə üst-üstə düşmür. Rusiya üçün SSRİ-nin dağılması fəlakət sayılır və onların dediklərinə görə bu fəlakətin acı nəticələrini hələ də çəkirlər. Çünki Rusiya siyasi və demoqrafik potensialını itirib. SSRİ-nin dağılması digər ölkələr üçün tarixi fürsət olub, bu ölkələr öz müstəqilliklərini möhkəmləndiriblər və asılılıqlarını azaldıblar. Bu yanaşmalar bir-birinə ziddiyyət təşkil edir və Rusiyanın aparıcı mətbuatı, fəal dairələri bu mövzuda absurd narahatlıqlarını dilə gətirirlər".
İ.Vəlizadə əlavə edib ki, SSRİ-yə daxil olan ölkələr könüllü deyil, müharibə və zorakılıq nəticəsində bu birliyə qatılıblar:
"Rusiya imperiyası və sonradan Sovet İttifaqı bu əraziləri birləşdirərək onların resurslarından mənfəət əldə edib, həmin dövlətləri talayıb. Bu ölkələrdən biri də Azərbaycandır. Bu baxımdan, Azərbaycan xalqı Rusiya qarşısında minnətli deyil və milli maraqlarına uyğun siyasət yürüdür".
Politoloq vurğulayıb ki, ideoloji fərqlər dərinləşir və Azərbaycanın milli ideologiyası Rusiyanın milli ideologiyası ilə uyğun gəlmir:
"Rusiya digər ölkələrin daxili işlərinə müdaxilə etməməli və öz işi ilə məşğul olmalıdır. Bu, münasibətlərin normallaşmasına və inkişafına imkan verə bilər".