Xilas edilmiş on üç həyat

Bu gün, 07:04           
Xilas edilmiş on üç həyat
Britaniyalı dalğıclar Riçard Stenton və Con Volanten Tailandın Tham Luang mağarasında itkin düşən uşaqları 9 gün sürən axtarışlardan sonra tapırlar. Qarşıda isə onları xilas etmək kimi çətin vəzifə dururdu.
2018-ci ilin iyulunda bütün dünyanın diqqəti Tailanda, Tham Luang mağarasındakı xilasetmə əməliyyatına yönəlmişdi. Burada 11-16 yaşlı 12 yeniyetmə və onların 25 yaşlı futbol məşqçisi güclü yağış nəticəsində suyun qalxması və geriyə yolun bağlanması səbəbindən içəridə ilişib qalmışdılar. Xoşbəxtlikdən, onlar özləri ilə bir qədər ərzaq və su götürmüşdülər.
Qrup iyunun 23-də yoxa çıxdı. Velosipedləri mağaranın girişində tapıldı. İçəridə isə yağış mövsümünün başlaması səbəbindən su sürətlə qalxırdı. Valideynlər həyəcan təbili çaldı və tezliklə axtarışlara Tailand ordusu və polisi qoşuldu.
Tham Luang mağarası 10 kilometrlik mürəkkəb labirintdir. Su ilə dolmuş dar keçidlər, tam qaranlıq və çətin relyef axtarışları olduqca təhlükəli edirdi.
9 gün boyunca dünya uşaqların sağ olub-olmadığını bilmirdi.
2 iyulda britaniyalı dalğıclar Riçard Stenton və Con Volanten uşaqları girişdən 4 kilometr aralıda qayalıq çıxıntının üzərində tapdılar. Artıq ərzaqsız və sussuz qalan yorğun uşaqların sakit təbəssümlü görüntüləri dünyanı dolaşdı.
İndi qarşıda çətin məsələ dururdu: uşaqları və məşqçini xilas etmək. Müxtəlif variantlar müzakirə olunurdu: qayaları deşmək, yaxud yağış mövsümünün sonunu gözləmək (bu isə aylarla mağarada qalmaq demək idi). Amma su sürətlə artırdı və vaxt yox idi. Nəticədə qərara alındı ki, uşaqlar peşəkar dalğıcların köməyi ilə bir-bir su basmış tunellərdən çıxarılsın.
Əməliyyatın xeyli çətinlikləri vardı. Su bulanıq və soyuq idi. Mağara labirintlərinin və tunellərinin dəqiq xəritəsi yox idi. Bunları dəqiqləşdirməyə bir neçə gün getdi. Minlərlə insanın qoşulduğu hazırlıq işlərində 200 dalğıc iştirak edirdi ki, çoxu ABŞ, Avstraliya, Böyük Britaniya, Çin və Finlandiyadan gələn könüllülər idi. Üç dalğıc itkin düşdü və 23 saat sonra oksigen aclığı çəkərkən tapıldılar. Bir yerli dalğıc isə həlak oldu: oksigenin bitməsi, ya soyuq su üzündən - dəqiq məlum deyil.
Davam edən yağışlar üzündən artan su nasoslarla çəkilirdi. Bütün bu müddət ərzində qrupa ərzaq və su daşınırdı. ABŞ-dan xüsusi, bütün üzü örtən maskalar gətirildi, yol boyu oksigen balonları yerləşdirildi. Uşaqların olduğu yerə kəmərlə oksigen vurulurdu.
Təxliyə əməliyyatı iyulun 8-də başlanıldı. Uşaqları xüsusi elastik kapsulun içinə qoyurdular. Hər cəhd 3-4 saat çəkirdi. Bu uşaqlar üçün həm çətin olardı, həm də onların yolboyu təlaşa qapılmaları faciəli sonluqla nəticələnərdi. Buna görə onları yatırdırdılar. Təxliyə edilən hər kəsi iki dalğıc müşayiət edirdi. Onlar həm təxliyə ediləni, həm də onun oksigen balonunu daşıyırdılar. Bəzi xüsusilə dar yerlərdə öz balonlarını da bellərindən çıxarmalı olurdular. Suyun altı ilə çəkilən tros onlara istiqamətdən yayınmamağa kömək edirdi.
İlk gün dörd uşaq çıxarıldı. Növbəti gün daha dördü xilas edildi. Nəhayət, iyulun 10-da son dörd uşaq və məşqçi təxliyə edildi. Beləliklə, qrup itkisiz qurtarıldı.
MGM və bir neçə başqa studiyanın 2022-ci ildə çəkdikləri “On üç həyat” filmi (rejissor Ron Hovard) Tham Luang mağarasındakı xilasetmə əməliyyatından bəhs edir.
Yadigar Sadigli
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru