Gürcüstanda etiraz: Aksiyalarını maliyyələşdirməkdə ittiham edilən 7 QHT-nin bank hesabları dondurulub
Bu gün, 00:10

Tbilisi Şəhər Məhkəməsi Baş Prokurorluğun tələbi ilə yeddi qeyri-hökumət təşkilatının (QHT) bank hesablarını dondurub. Prokurorluq bu təşkilatları etiraz aksiyalarının maliyyələşdirilməsində günahlandırır.
Baş Prokurorluğun açıqlamasına görə, qərar “sabotaj və ağırlaşdırıcı hallarda sabotaja cəhd, xarici təşkilatların fəaliyyətinə dəstək, eləcə də konstitusiya quruluşu və milli təhlükəsizlik əleyhinə maliyyə təminatı” ittihamları çərçivəsində aparılan istintaqla əlaqədardır.
İdarənin iddiasına görə, həmin QHT-lər etirazçılar üçün xüsusi qaz maskaları, qoruyucu eynəklər, tibbi maskalar, bibər qazı balonları və digər vasitələr alıb. Prokurorluq qeyd edir ki, bu ləvazimatlar “polis ilə baş verən gərgin toqquşmalarda” fəal şəkildə istifadə olunub.
Bəyanatda həmçinin vurğulanır ki, QHT rəhbərləri ictimaiyyəti açıq şəkildə itaətsizliyə və müqavimətə çağırıb, onların təşkilati və maliyyə fəaliyyəti isə “zorakı hərəkətlərdə iştirak edən şəxslərin və onların ailə üzvlərinin müdafiəsinə” yönəlib. Prokurorluğa görə, bu təşkilatlar etirazçılara tətbiq edilən cərimələri ödəyib, hüquqi müdafiə xərclərini qarşılayıb və digər şəxsi-təşkilati məsələlərini həll edib.
“Bütün bu addımların məqsədi bir tərəfdən qanunsuz hərəkətlərə qarışan şəxsləri həvəsləndirmək, digər tərəfdən onları qorumaq olub. Nəticədə isə bu fəaliyyət hüquq-mühafizə orqanlarının zəiflədilməsinə və işinin pozulmasına yönəlib,” – deyə açıqlamada bildirilir.
2024-cü ilin noyabrında Gürcüstan hakimiyyəti ölkənin Avropa İttifaqına üzvlüklə bağlı danışıqlarını 2028-ci ilə qədər dayandırdığını elan edib. Bu qərar ölkə miqyasında genişmiqyaslı etirazlara səbəb olub. Polşa, Almaniya və Fransa hakimiyyətin dinc nümayişçilərə, jurnalistlərə və müxalifət liderlərinə qarşı zorakılığını pisləyib. Latviya, Litva və Estoniya da daxil olmaqla bir sıra Qərb ölkələri aksiyaların zorakılıqla yatırılmasına görə məsul şəxslərə qarşı sanksiyalar tətbiq edib.