Müharibə Rusiya ərazisinə sıçradı - Moskvaya və üç şəhərə hücumlar, iki bölgə atəş altında...
Bu gün, 09:49
Krasnodarda neft emalı zavodu vuruldu, Kursk və Belqorod atəşə tutuldu, yaralılar var, “Rusiyaya Azadlıq” legionu Moskvaya hücum anonsu verdi; ekspertlər hesab edir ki, Kiyevin mesajıdır - sizin də rahatlığınız pozulacaq...
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Qərbin Moskvaya dron hücumu ilə bağlı mövqeyini “ən alçaq” adlandırıb. “Yeni Müsavat” bildirir ki, o, bunu “Sputnik” radiosunun efirində Avropa İttifaqı və ABŞ-ın pilotsuz təyyarə hücumuna reaksiyası ilə bağlı sualı cavablandırarkən bildirib. “Bu, əlbəttə ki, tamamilə alçaq mövqedir. Başqa söz və ya tərif yoxdur: onlar yalnız özlərinə faydalı olanı görür və şərh edirlər”, - Zaxarova bildirib. Məlumdur ki, bir müddət öncə Kremlə dron hücumu olması və bunun Ukrayna tərəfindən edilməsi barədə iddiaların ardınca mayın 30-da Moskvada iki yaşayış binası dronla vurulub. Dronlardan biri Profsoyuznaya küçəsində, digəri Yeni Moskvanın Atlasova küçəsində yerləşən yaşayış binasını hədəf alıb. Rusiya Fövqəladə Hallar Nazirliyi hücum nəticəsində xəsarət alanların olmadığını açıqlayıb. Qeyd olunub ki, eyni hadisə Novomoskovsk inzibati rayonunun Atlasova küçəsindəki 24 mərtəbəli yaşayış binasında da baş verib.
Habelə, Moskva vilayətinin qubernatoru Andrey Vorobyov bildirib ki, hava hücumundan müdafiə qüvvələri regionda bir neçə PUA vurub.
“Bu, Kiyev rejiminin bizim bazar günü qərar qəbuletmə mərkəzlərindən birinə çox effektiv zərbələrimizə cavabıdır”. Kremlin sözçüsü Peskov Moskvaya PUA hücumlarını şərh edərkən deyib. Peskov bildirib ki, hücumla bağlı prezident Putin dərhal məlumatlandırılıb: “Putin Moskvada və regionda PUA-larla bağlı vəziyyətlə bağlı bütün məlumatları birbaşa rejimdə alıb. Müdafiə Nazirliyi, mer Sobyanin, qubernator Vorobyov və digər idarələr ona məruzə ediblər”. Peskov deyib ki, hava hücumundan müdafiə sistemi və bütün xidmətlər yaxşı işləyib. “Bugünkü hücum xüsusi hərbi əməliyyatın zəruriliyini və məqsədlərinə çatdığını bir daha sübut edir”. Peskovun açıqlaması onu deməyə əsas yaradır ki, Rusiya bu hücumun Kiyev etdiyini rəsmiləşdirir və bununla da Ukraynaya qarşı daha şiddətli hücumlar hazırlamağa zəmin yaradırlar.
Ukrayna isə Moskvada yaşayış binalarına pilotsuz uçuş aparatları (PUA) ilə edilən hücumla əlaqəsi olmadığını açıqlayıb. Ukrayna Prezidentinin Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak “hücumlarla birbaşa əlaqəmiz yoxdur”, - deyə qeyd edib. Rusiya Prezidenti Vladimir Putin çıxışı zamanı Moskvaya hücumun səbəbini açıqlayıb. Onun sözlərinə görə, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin qərargahı vurulub. Putin bildirib ki, Ukrayna ordusunun hərəkətləri barədə qərar qəbul edən mərkəzlərə zərbələr endirilir, Baş Kəşfiyyat İdarəsinin qərargahı da bu kateqoriyaya aiddir və bir neçə gün əvvəl vurulub: “Buna cavab olaraq Kiyev rejimi Rusiyanı, Rusiya vətəndaşlarını qorxutmaq üçün başqa yol seçdi və yaşayış binalarına hücumlar təşkil etdi. Bu, təbii ki, terror fəaliyyətinin bariz nümunəsidir”, - Putin qeyd edib.
Burada iki versiya var: birincisi, Rusiya sadəcə blef edir və Kiyevi vurmasını və qarşıdakı vurmaq planlarına bəri başdan “əsas” yaradır, eyni zamanda belə bir versiya da səslənir ki, müharibə Rusiya ərazisinə inikas olunub.
Ukraynanın əks-hücum planı təsirlidir. Amerikalı senator Lindsi Qrehem deyib. “Ukrayna əks-hücumu başlayanda rusları pis oyanmalar gözləyəcək. Yaxın günlərdə siz ukraynalıların böyük güc nümayişini görəcəksiniz”, - Qrehem bildirib. Senator hücum planı və detallarla bağlı danışmayıb. Yeri gəlmişkən, mayın 31-də Ukraynaya məxsus dronlar Krasnodar diyarındakı neft emalı zavodlarına hücumlar edib. İlski neft emalı zavodu səhər saatlarında dron hücumuna məruz qalıb. PUA-nın çırpılması nəticəsində partlayış baş verib. Partlayış nəticəsində xəsarət alan olmayıb və zavodun ərazisində yanğın baş verməyib. Afipsk neft emalı zavodu da PUA hücumuna məruz qalıb. Zavoddakı qurğuların birində yanğın başlayıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
“Rusiyaya Azadlıq” legionu isə Moskvaya hücum etmək üçün öz sıralarına minlərlə insan toplayır. Bu barədə Böyük Britaniyanın “The Times” nəşri məlumat yayıb. Legionun “Sezar” ləqəbli sözçüsü nəşrə bildirib ki, Moskvaya hücum etmək üçün lazım olan hərbçi sayına çatana qədər, onlar Rusiya sərhədindəki ərazilərə hücumlar təşkil edəcəklər. “Bizim kifayət qədər imkanlarımız var. Minaatanlarımız, zirehli texnikamız, tank əleyhinə sistemlərimiz və kəşfiyyat aparatlarımız movcuddur”, - “Sezar” deyib. Onun sözlərinə görə, hazırda “Rusiyaya Azadlıq” legionunda 500-1000 arası hərbçi var. “Sezar” bildirib ki, legionun əsas məqsədi Ukraynanı qorumaq, işğal olunmuş ərazilərini azad etmək və Putin rejimini devirməkdir: “Biz cinayətkar və ya ”Vaqner" kimi özəl hərbi şirkət deyilik. Hamımız Rusiya Federasiyasının vətəndaşlarıyıq. Bəzilərimiz əvvəllər Ukrayna Silahlı Qüvvələrində xidmət etmişik".
Mayın 31-də son xəbər ondan ibarət idi ki, Ukrayna Şebekino şəhərinə (Belqorod vilayəti) kütləvi zərbələr endirib. Zərbə yerli vaxtla saat 03:15-də endirilib, 4 nəfər yaralanıb. Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov açıqlayıb. “Qrad mərmiləri 8 çoxmənzilli, 4 fərdi təsərrüfat, o cümlədən məktəb və 2 inzibati binanın pəncərələrini sındırıb, fasadları və dam örtüyünü deşib. Bir mağaza tamamilə yanıb. 12 avtomobildə müxtəlif zədələr var. Bu gündən başlayaraq biz uşaqları Şebekino və Qrayvoron rayonlarından çıxarırıq. Bu gün üç yüz uşaq Voronejə göndəriləcək”, - o bildirib. Rusiyanın Kursk vilayətinin qubernatoru Roman Starovoit isə Qluşkovski rayonunun Tyotkino kəndinin yenidən Ukrayna tərəfindən atəşə tutulduğunu bildirib: “Bu səhər biz 2 dəfə atəşə tutulduq. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb. Elektrik xətləri zədələndiyi üçün bəzi küçələrdə işıq yoxdur. Təmir briqadaları təhlükəsiz olan kimi bərpa işlərinə başlayacaqlar. Frunze küçəsində 4 evin dam örtüyü və fasadları qəlpələrdən zədələnib, pəncərələri sındırılıb. Bundan başqa, 2 avtomobilə ziyan dəyib”.
Çeçenistan lideri Ramzan Kadırov çeçen qüvvələrinin “Donetsk Xalq Respublikası”na yerləşdirilməsi ilə bağlı əmr aldığını bəyan edib. Kadırov Zaporoje ilə Xerson rayonları arasında təmas xəttinin alternativ seksiyasına yerləşdirilmiş Axmat bataliyonunun digər bölmələrinin də hücuma keçməsi üçün oxşar əmrlərin alındığını bildirib. Politoloq Elxan Şahinoğlu hesab edir ki, Rusiya Ukraynaya qarşı bir ildən çoxdur işğalçı müharibə aparır, minlərlə günahsız insan həlak olub, şəhərlər dağıdılıb, paytaxt Kiyev tez-tez raket atəşinə tutulur, buna cavab olaraq Ukrayna müharibəni tədricən Rusiya ərazisinə keçirməyə çalışır. “Bu Kiyevin Rusiya cəmiyyətinə mesajıdır ki, işğalçı müharibəni davam etdirdiyiniz halda bizim kimi sizin rahat həyatınız da pozulacaq. Bu bir növ Birinci Çeçenistan savaşında çeçen mücahidlərin əks-həmlələrinə bənzəyir. Çeçenistan şəhərlərinin və kəndlərinin dağıdılmasına, minlərlə dinc sakinin qətlinə cavab olaraq çeçen mücahid Şamil Basayev dəstəsi ilə Rusiyanın Budyonovks şəhərinə hücum əməliyyatına baş vurmuşdu. Ukrayna hazırda keçmişdə çeçen mücahidələrin həyata keçirdiyi strategiyadan istifadə edir” - deyə o bildirib. Bəs, digər politoloqlar necə hesab edirlər, dron hücumu Rusiyanın blefidir, yoxsa müharibə gerçəkdən Rusiya ərazisinə keçib?
Hərbi ekspert Azad İsazadənin “Yeni Müsavat”a bildirdiyinə görə, Ukrayna Rusiya ərazisini vurmağa yeni başlamayıb. “Engels şəhərinin aeroportunu vurmuşdu, Bryansk, Rostov və Belqoroda ara-sıra hücumlar olurdu. İndi fərq budur ki, daha güclü hərbi texnikası var, Ukrayna istehsalı olan PUA-lar hərəkətə keçib, gücünü artırmaqdadır, üstəgəl, Qərbdən gələn silahların hesabına Rusiya ərazilərinə daha çox zərbələr endirir. Bilməliyik ki, müharibənin Rusiya ərazisinə keçidi getdikcə genişlənəcək. Buna qədər Kremlin qülləsinə dronla hücumu, varlıların yaşadığı Rublyovka ərazisinə hücumu da qeyd etmək lazımdır. Bu da Rusiyanın işini çətinləşdirəcək”,- deyə hərbi analitik vurğuladı. A.İsazadənin fikrincə, həm Ukraynada hərbi əməliyyatlar aparmaq, həm öz ərazilərini qorumaq Rusiya üçün çətin olacaq: “Bundan əlavə, ”Azad Rusiya" legionun aksiyaları böyüyəcək. Hətta Rusiya ərazisində bu gedişlə əsgər əsgərlə üz-üzə gələ bilər. Ona görə də deyə bilərik ki, müharibə Rusiya ərazisində daha da geniş miqyas alacaq".
Təhlilçi Şahin Cəfərlinin sözlərinə görə, Ukrayna müharibəsi “Üç günə Kiyevdəyik” söhbətindən “ukraynalı diversantların Belqoroda hücumundan dərin narahatlıq keçiririk” açıqlamasına qədər gəlib: “Ukrayna komandanlığı bu müharibənin gedişində qeyri-standart qərarları ilə dəfələrlə düşməni çaşdıra bilib. Bir müddətdir ki, bütün dünya Ukrayna ordusunun böyük hücum əməliyyatını gözləyir. Təbii ki, Rusiya komandanlığı da bunu bilir və mümkün hücum istiqamətlərində öz hazırlıqlarını görüb. Yəni gözlənilməzlik amili artıq yoxdur. Bu səbəbdən şəxsən mən düşünürdüm ki, görəsən, Ukrayna tərəfi bu dəfə hansı hiylə və çaşdırıcı manevr həyata keçirəcək? Belə bir məqamda müharibəni Rusiya ərazisinə keçirmək, bu əməliyyatda rusiyalılardan ibarət hərbi birləşmələrdən istifadə etmək, ”bizim bu işə aidiyyətimiz yoxdur, tank və hərbi geyim istənilən “voentorq”da satılır, bunlar Rusiya vətəndaşlarıdır" açıqlaması və “Belqorod Xalq Respublikası” söhbətləri ilə qarşı tərəfi trollamaq zəka örnəyidir". Onun fikrincə, məqsəd Rusiya komandanlığını Ukraynadakı qüvvələrinin bir hissəsini çıxarıb, sərhəd vilayətlərinin müdafiəsinə yönəltməyə vadar etməkdir: “Belə görünür ki, mobil qruplarla bu tip əməliyyatlar, sərhəd xətti boyu destabilizasiya yaratmaq, sərhəd zolağını cəbhə xəttinə çevirərək qarşı tərəfi orada böyük qüvvələr saxlamağa məcbur etmək siyasəti Ukrayna tərəfindən davam etdiriləcək”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”