Dron müharibəsi qapıda- biz də hazır deyilik...
Bu gün, 12:29
Superölkələr illərlə ulduz müharibələrindən, başqa planetdən Yerə hücum edən meymunlarla savaşdan, kosmosda hökmranlıqdan rəvayətlər uydurublar, amma indi dronların əlində girinc qalıblar
Ukraynadakı müharibə uzandıqca, gec-tez Rusiya ərazisinə də keçəcəyi gözlənilən idi. Amma dronların əvvəl Kremlə, son günlər isə Moskva və onun ətrafınadək uçub gəlməsi artıq bir başqa xanədir. Moskva və ətrafı artıq az qala “cəbhəyanı zonaya” çevrilir.
Rusiya o qədər böyük ərazidir ki, onun hava məkanını raketdən qorumaq olar, amma bu dron artıq nanomüharibədir, yeni reallıqdır... Buna heç ABŞ-da hazır deyil, yoxsa Çinin kəşfiyyat şarı okeanı keçib ölkənin hava məkanınadək gələ bilməzdi ki...
Bu superölkə illərlə ulduz müharibələrindən, başqa planetdən Yerə hücum edən meymunlarla savaşdan filmlər çəkiblər, ruslar isə “kosmosda hökmran bizik” rəvayətləri uydurublar. İndi isə dronların əlində girinc qalıblar. Dronlar raket deyil ki, hava səmasını keçəndə radara salıb vurmaq olsun, yalnız onlar göründüyü halda hədəf ola bilirlər. O da ya qismət… O səbəbdən Rusiyanın buna hazırlıqlı olmamasının əsas səbəbi dronlarla mübarizə üçün hələ effektiv mübarizə texnologiyasının yaradılmamasıdır.
“Bayraqdar”lar ilk ciddi sınağı Qarabağ savaşından keçdi, silah düccarlarının tank satışı bazarına zərbə vurdu. Ukrayna müharibəsi Qərbin silah alverçilərinin biznesinə yaradı, indi isə kiçik həcmli hücum dronları geniş istifadədə sınaqdan çıxarılır…
Rusiyanın bu hücumlar qarşısında nə edəcəyi maraqlıdır. Karıxmış kimi görünürlər. Prezident Putin bir gün əvvəl bu hücumlar barədə danışarkən Moskva hava hücumundan müdafiə sistemindən üstüörtülü gileyləndi, qənaətbəxş işlədiyini, lakin görüləsi işlərin çox olduğunu dedi.
Qərbdə yaxalarını qırağa çəkir, “biz Rusiya ərazisinə hücumlara haqq qazandırmırıq” deyirlər, amma aydındır ki, bu, ABŞ-ın və NATO-nun planıdır. Rusiya bu hücumlardan nəyə görəsə təəccüblənir, əhaliyə qarşı terror deyir, amma niyə? Sən Kiyevi və digər şəhərləri vurursansa, orada yaşayan əhalinin də bağrı yarılırsa, sənin də əhalin o sınağa çəkləcək...
Bu müharibə 462 gündür davam etsə də, hələ də hər iki ölkədə tam savaş ab-havası yoxdur. Ukraynın qərbində necə kef edirlərsə, Moskva və digər böyük şəhərlərdə də həyat öz axarında davam edir. Azərbaycan Birinci Qarabağ savaşında bunları görüb. İkinci Qarabağ savaşında Ali Baş Komandan tam doğru olaraq, ölkədə dərhal fövqəladə və hərbi vəziyyət elan etdi. Hamı bu müharibəni bütün gerçəyi ilə yaşadı. Ukraynanın deyəsən, bütün regionlarında hərbi vəziyyət tətbiq edilməyib. Rusiya isə bəzi sərhəd kəndləri istisna olmaqla, “kənardan” yaşayırdı bu müharibəni. İndi vəziyyət dəyişir.
Dron hücumlarını Rusiya artıq özünə uyğun təbliğata çevirməyə başlayıb. Əvvəla, tələsik Dövlət Duması orduya çağrılımaqla bağlı yaş həddini artırmağa qərar verdi. İkincisi, hələ də “Ukrayna ilə niyə müharibə edirik” sualı ilə üzləşən Kremlə “baxın, gəlib evinizi bombalayırlar”deməyə əsas verib. Üçüncüsü, bu hücumlar təkcə sərhədyanı Belqorod vilayətində deyil, ölkədə mümkün hərbi vəziyyətin elan olunması üçün əsas verib. Çeçenistan prezidentinin ölkədə hərbi vəziyyətin tətbiqi ilə bağlı bugünkü çağırışı Kremlə razılaşdırılmış ola bilər. Dördüncüsü, dron hücumları Rusiyanın Ukraynaya hücumlarının intensivliyini və miqyasını genişləndirmək üçün bəhanə verir. Nəhayət, ölkə ərazisi Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilovun anons etdiyi kimi daha ağır silahlarla vurularsa, Rusiya hərbi doktorinasına uyğun olaraq, nüvə silahına əl ata bilər.
Qərbin gərginliyi Ukrayna ərazisindən Rusiyaya da keçirmək niyyətinin səbəbləri var. Rusiya geri çəkilmir və işğal planını gerçəkləşdirəcəyini bəyan edir. Bu isə Qərbin məğlubiyyəti demək olar. Ona görə mümkün qədər müharibəni uzatmaqla indi daha çox mülkü əhalinin bu münaqişəyə cəlb etməyə çalışırlar. Çünki nə qədər ki, hər iki ölkədə ictimai rəy müharibənin dayandırılmasını küçələrdə gur səslə tələb etməyəcək, bu savaş dayanmayacaq. Bu, etirazlar baş tutarsa, Avropada da ictimai rəyi hərəkətə gətirər, anti-müharibə nümayişlərini tətikləyər, hökumətlərindən müharibəyə dəstəyi dayandırmağı tələb edərlər. Bu baş verərsə, ABŞ və Qərb müttəfiqləri bu müharibədən uduzmadan da çıxa bilər. Ukraynanın özünə gəlməsi on illiklər lazımdır, Rusiya da illərlə sanksiyalardan əziyyət çəkəcək. Savaş dayansa, bundan sonrası uzun prosesdir...
İnanmırsız, gedin Vyetnam müharibəsinin niyə dayandığının tarixinə nəzər yetirin. ABŞ-ın qoşulduğu müharibə davam etdikcə, ciddi əsgər itkiləri verirdilər, buna parallel olaraq da ABŞ-da müharibə əleyhinə nümayişlər də çoxalırdı. Amerika ordusunun Vyetnamdan geri çağırılması və müharibənin sonlandırılmasında ictimai rəyin ciddi rolu oldu. Həmin vaxt hələ də həyatda olan 100 yaşlı Kissincerin də diplomatik səyləri oldu. Onun bu müharibə haqda proqnozlarını Zelenski “qoca kişidir” deyib lağa qoyur, amma onun bir bildiyi var. Ən azı ölkəsinin qoşulduğu müharibələrdən necə çıxdığını yaxşı bilir...
Nəhayət, biz də bu tip dronlarla mübarizəyə necəsə hazır olmalıyıq, ətrafımızda düşmənlər çoxdur...
Nazim SABİROĞLU