Xaricdə təhsil, yoxsa "beyin axını"? - AKTUAL

Bu gün, 16:42           
Xaricdə təhsil, yoxsa "beyin axını"? - AKTUAL
"384 milyon manatlıq vəsaitin tamamilə doğru istiqamətdə xərclənib-xərclənmədiyini qiymətləndirmək üçün detallaşdırılmış təhlil aparmaq lazımdır. Bu vəsaitlərin səmərəliliyi məzunların ölkəyə qayıdaraq real töhfə verməsi, təhsil keyfiyyətinin yüksəldilməsi və ölkənin ehtiyaclarına uyğun kadr potensialının formalaşdırılması ilə ölçülür”.

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov 2007-ci ildən bu günə qədər xaricdə təhsil proqramlarına ayrılan 384 milyon manatdan çox vəsaitin necə xərclənməsindən danışarkən deyib.

Ekspert bildirib ki, tələb olunan meyarlar təmin edilibsə, proqram uğurlu hesab oluna bilər:

"Lakin əgər "beyin axını” problemi, qeyri-prioritet sahələrə yönəldilən sərmayələr və zəif monitorinq müşahidə olunursa, proqramın effektivliyi və gələcəkdə bu istiqamətdə strategiyanın dəyişdirilməsi məsələləri yenidən nəzərdən keçirilməlidir. 2007-ci ildən bu günə qədər 384 milyon manatdan çox vəsaitin xaricdə təhsil proqramlarına ayrılması Azərbaycanın insan kapitalının inkişafı istiqamətində atılmış mühüm addımlardan biridir. Bu cür sərmayələr ölkənin iqtisadi, sosial və elmi potensialını artırmaq məqsədi güdür. Lakin belə böyük həcmli vəsaitin effektiv şəkildə istifadə olunub-olunmadığını dəyərləndirmək üçün həm proqramın nəticələri, həm də dünya təcrübəsi kontekstində təhlil aparmaq lazımdır”. Kamran Əsədov bildirib ki, xaricdə təhsil proqramlarının əsas məqsədi strateji əhəmiyyət kəsb edən sahələrdə yüksək ixtisaslı mütəxəssislər yetişdirməkdir: "Bu proqramların düzgün şəkildə həyata keçirilməsi ölkənin müxtəlif sektorlarda inkişafını dəstəkləyə bilər. Əgər vəsaitlər ölkə üçün prioritet sahələrə – məsələn, mühəndislik, tibbi texnologiyalar, təhsil, kənd təsərrüfatı və enerji sahələri üzrə yüksək ixtisaslı kadrların hazırlanmasına yönəldilibsə, bu, məqsədəuyğun hesab edilə bilər. Lakin əgər tələbələr ehtiyac olmayan və ya ölkənin əmək bazarına uyğun gəlməyən ixtisaslara göndərilibsə, bu halda vəsaitlərin istifadəsi səmərəsiz sayılacaq”.

Ekspert qeyd edib ki, xaricdə təhsil proqramlarında məzunların ölkəyə qayıtması və burada işləməsi vacib bir göstəricidir:

"Dünya təcrübəsi göstərir ki, bu cür proqramların uğurlu nəticəsi yalnız məzunların öz sahələrində fəaliyyət göstərməsi ilə deyil, həm də ölkə iqtisadiyyatına real töhfə verməsi ilə ölçülür. Məsələn, Cənubi Koreya 1960-cı illərdə xaricdə təhsil proqramlarına böyük həcmdə vəsait ayıraraq mühəndislik və texnologiya sahələrində mütəxəssislər hazırlayıb. Bu mütəxəssislərin böyük əksəriyyəti ölkəyə qayıdaraq sənayenin inkişafına təkan verib. Əgər Azərbaycan üçün də eyni yanaşma tətbiq edilibsə, proqramların effektivliyi yüksək qiymətləndirilə bilər. Lakin bəzi hallarda, xüsusən də Avropa və ABŞ universitetlərində təhsil alan tələbələrin bir hissəsi ölkəyə qayıtmaq əvəzinə xaricdə qalmağa üstünlük verir. Bu isə "beyin axını” problemini dərinləşdirir və investisiyanın effektivliyini azaldır”.

Kamran Əsədov hesab edir ki, təhsil keyfiyyəti də bu vəsaitlərin düzgün istiqamətdə xərclənib-xərclənmədiyini təyin edən mühüm bir meyardır:

"Dünya səviyyəsində tanınan universitetlərdə təhsil almaq tələbələrə müasir biliklər və bacarıqlar qazandırır. Misal üçün, ABŞ-ın "Fulbright” proqramı və ya Avropa Birliyinin "Erasmus+” proqramları tələbələri yüksək reytinqli universitetlərə göndərməklə onların bilik və təcrübələrini artırır. Əgər Azərbaycan tələbələri də yüksək reytinqli universitetlərdə təhsil alıbsa, bu, müsbət nəticələr vəd edir. Lakin əgər vəsaitlər aşağı səviyyəli və ya reytinqsiz universitetlərə yönəldilibsə, bu, resursların səmərəsiz istifadəsi hesab edilə bilər”.

Təhsil ekspertinin fikirincə, monitorinq və hesabatlılıq bu cür proqramların səmərəliliyini təmin etmək üçün vacibdir:

"Xaricdə təhsil proqramlarının uğurlu olması üçün ayrılan vəsaitlərin hara və necə xərcləndiyi şəffaf şəkildə izlənilməli və ictimaiyyətə hesabat verilməlidir. Dünya təcrübəsində, məsələn, Avstraliya və Kanada bu cür proqramların nəticələrini mütəmadi olaraq qiymətləndirir və əldə olunan nəticələr əsasında gələcək strategiyalarını müəyyənləşdirir. Azərbaycanda da bu yanaşma tətbiq edilsə, vəsaitlərin effektivliyi barədə daha aydın mənzərə əldə edilə bilər. Bəzi ölkələr, məsələn, Finlandiya və Sinqapur, xaricdə təhsildən daha çox daxili təhsil sistemlərini inkişaf etdirməyə üstünlük verir. Sinqapur ali təhsil sistemini gücləndirərək tələbələrin xaricə ehtiyac duymadan yüksək səviyyəli təhsil almalarını təmin edib. Azərbaycanda da bu istiqamətdə addımlar atılaraq vəsaitlərin bir hissəsi daxili universitetlərin inkişafına yönəldilə bilərdi. Bu, yerli təhsil müəssisələrinin keyfiyyətini artırmaqla yanaşı, tələbələrin ölkədə qalaraq milli iqtisadiyyata daha yaxından töhfə verməsini təmin edərdi”.

Ekspert bildirib ki, regionların inkişafı və təhsil imkanlarının genişləndirilməsi də bu vəsaitlərin istifadə olunması üçün alternativ yanaşmalardan biri ola bilərdi: "Hindistan və Çin kimi ölkələr regionlarda yüksək səviyyəli universitetlərin və elmi mərkəzlərin yaradılmasına diqqət ayırıb, bu isə həm regional inkişafı təmin edib, həm də paytaxtla bölgələr arasındakı fərqi azaldıb. Azərbaycanda da belə bir strategiya tətbiq edilsəydi, ölkənin bütün regionlarından olan tələbələrin yüksək keyfiyyətli təhsil almaq imkanı genişlənərdi”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.