"Cəmiyyət və dövlət susur deyə əxlaqsızlığın sayı artır" - AÇIQLAMA

21-12-2024, 09:25           
"Cəmiyyət və dövlət susur deyə əxlaqsızlığın sayı artır" - AÇIQLAMA
Son günlər sosial şəbəkələrdə bir günlük kirayə evlərin, bəzi kafe və restoranların əxlaqsızlıq yuvasına çevrilməsi barədə xəbərlər yayılır.

Bəs görəsən dövlət bu halların qarşısını almaq üçün hansı addımları atmalıdır?

Mövzu ilə bağlı sosioloq Elçin Bayramlı Sonxeber.az – a açıqlama verib:

"Çox təəssüf ki, son dövrlərdə belə faktların sayı həddən artıq artıb. Müxtəlif forma və üsullarla ölkədə açıq şəkildə əxlaqsızlıq biznesi yayılır. Buna qarşı mübarizə aparmaqda isə nə dövlət maraqlıdır, nə də cəmiyyət. Birincisi bizim özümüzdə sosial məsuliyyət yoxdur. Bu kimi hallarda nə etiraz bildiririk, nə də müvafiq orqanlara xəbər veririk. İkincisi isə, dövlət tərəfindən belə məsələlərə nəzarət yoxdur. Halbuki, bu, cinayətdir. Ümumiyyətlə Azərbaycanda bu və ya digər formada açıq şəkildə əxlaqsızlıq yuvaları fəaliyyət göstərir. Bir çox-hallarda restoran, kafe, sauna, masaj mərkəzləri adı altında bəlkə də yüzlərlə, minlərlə obyekt fəaliyyət göstərir. Bunun qanun pozuntusu, faktiki insan alveri olmasına baxmayaraq heç bir ciddi tədbir görülmür. Xüsusilə də azyaşlı qızlarla bağlı belə hadisələr çox təəssüf ki, heç bir ciddi reaksiya ilə nəticələnmir. Bu hal artıq insanlar tərəfindən adi qəbul edilir. Cəmiyyətdə sosial məsuliyyət sıfır səviyyəsində olduğuna görə belə hallara qarşı etirazlar edilmir. Bunun da müəyyən obyektiv və subyektiv səbəbləri var. Bizdə hər hansı hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat vermək çox bürokratik problemlər yaradır. İnsanlar saat başı narahat olunur, ifadəyə çağırılır. Buna görə də vətəndaşlar da bezir, başlarının ağrımasını istəmirlər və cinayət halları baş verəndə məlumat vermək üçün maraqlı olmurlar. Halbuki, bəzi ölkələrdə anonimliyin qorunması və vətəndaşın narahat edilməməsi şərti ilə proseslər icra edilir, tədbirlər görülür.Əgər bu qayda Azərbaycanda da tətbiq edilsə, insanlar aidiyyəti qurumlara şahid olduqları qanunsuzluqlarla bağlı məlumat verməkdən çəkinməyəcəklər. Ümumiyyətlə çox biabırçı bir vəziyyət var. Azərbaycanda müasirlik, biznes adı altında bütün əxlaqi dəyərlər sistemimiz çökdürüb. Mənəvi deleqasiya gedir, açıq şəkildə əxlaqsızlıq kompaniyası gedir. Sosial şəbəkələrdə də dəhşətli bir vəziyyət var. Çox təəssüf ki, cəmiyyət və dövlət olaraq bu problemlər bizi qəti narahat etmir. Buna görə də acı nəticələri getdikcə daha çox görürük və görməkdə davam edəcəyik".

Çiçək Sadatova












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.