Çindən başlayan yeni fəlakət: Ölümcül virus yaxınlaşır
Dünən, 16:34
Virusun simptomları hansılardır, necə yayılır, nə dərəcədə təhlükəlidir?
COVID-19-dan yenicə qurtulan dünyamız yeni qorxulu xəstəliklə üz-üzədir. Bu dəfə başımızın üzərini metapnevmovirus təhlükəsi alıb.
Koronavirusla olduğu kimi yeni xəstəliyin də mənbəyi Çindir. Virusoloqlar dünyanın yeni pandemiya təhdidi ilə üz-üzə olduğu barədə xəbərdarlıq edirlər. Fəlakət ssenarisi qurmaq istəməsək də, koronovirus epidemiyasının yayılmasının canlı şahidi olduğumuzdan, narahat olmağa dəyər.
Çin Xalq Respublikasının Xəstəliklərə Nəzarət və Profilaktika İdarəsi ötən ilin dekabrın 23-dən 29-dək aparılan tənəffüs nümunələrinin analizlərinin nəticələrinə istinadən metapnevmovirusun yaranması ilə bağlı məlumat yayıb. Bu xəstəlik insanlarda kəskin respirator virus infeksiyasına səbəb olur. Metapnevmovirusu əsasən 14 yaşa qədər insanlara təsir göstərir.
Metapnevmovirus bütün Çində aktiv şəkildə yayılır. Hindistan, Malayziya və Pakistan xəstəliklə bağlı təhlükəsizlik tədbirlərini gücləndiriblər. Virusun ölüm nisbəti koronavirusdan (COVID-19) daha yüksəkdir və 43%-ə çatır.
Qeyd edək ki, metapnevmovirusa yoluxma halları Qazaxıstanda da qeydə alınıb. Respublikanın Səhiyyə Nazirliyinin məlumatına görə, ümumilikdə 30 yoluxma halı aşkar edilib. Ölkədə xəstəliklərin mövsümi artım statistikası isə 1,6%-dir.
Bundan əlavə, virusun Rusiyada yayıldığı barədə də məlumatlar gəlir.
Yuxarıda dünyanın COVID-19-dan yenicə qurtulduğunu qeyd etsək də, bunun Azərbaycana aidiyyatı yoxdur. Ən azından kağız üzərində bizdə koronavirus epidemiyası davam edir və hökumət virusun qarşısını almaq üçün quru sərhədlərimizi hələ də bağlı saxlayır. Amma viruslar da “hiyləgərdir”, quru sərhədi bağlı olanda, icazəsiz təyyarə ilə gələ bilər. Xəstəliyin qonşu dövlətlərdə yayılması isə onun Azərbaycana keçməsinin an məsələsi olduğunu göstərir.
Bəs, yeni virusun simptomları nələrdir? O, hansı yolla yayılır? Əsas risk qrupuna kimlər daxildir? Xəstəliyin müalicəsi varmı? İnsanlar bu virusdan qorunmaq üçün nə etməlidir?
Pressklub.az-ın suallarını cavablayan həkim-infeksionist Sadiqə Əliyeva deyib ki, metapnevmovirus paramiksoviruslar ailəsinə aiddir. RNT (riboviruslar-red.) tərkibli viruslardandır. Yəni, respirator sinsitial virusla oxşarlığı var. Bu virusun ağır forması bronxialit və pnevmoniyalardır.
Doktorun sözlərinə görə, virusun simptomları qızdırma, öskürək, boğaz ağrısı, burun tıxanıqlığı, bədəndə səpkilər, qusma, ishal və s. ilə müşahidə olunur. Yəni, digər respirator virus infeksiyalarında olduğu kimidir: “Virus hava-damcı və təmas yolu ilə yayılır. Uşaqlar və yaşlılara daha tez yoluxurlar. Xəstəliyin hələlik xüsusi müalicəsi yoxdur. Yalnız simptomatik müalicə aparılır. İnsanlar bu viruslardan qorunmaq üçün maskadan istifadə etməli, əlləri tez-tez və təmiz yumalı, gigiyenik qaydalara riayət etməlidir”.
Müsahibimiz bildirib ki, həssas qrupa əsasən azyaşlılar daxildir. Amma böyüklər üçün də təhlükəlidir. Xəstəliyin ağırlaşması halında ölümlə nəticələnə bilər. Çox vaxt xəstəlik yüngül formada keçir, lakin immuniteti zəif olanlar, körpələr və yaşlı insanlar üçün metapnevmovirus ciddi fəsadlar yarada bilər.
Həkimlər tövsiyə edir ki, həm özümüzün, həm də ətrafımızdakıların sağlamlığı üçün tədbirli olmalı, gigiyenik qaydalara əməl etməliyik. Unutmayaq ki, həyat ehtimallardan ibarətdir. Laqeyd yanaşdığımız hər məsələ ölüm-qalım imtahanımıza çevrilə bilər.
Günay Elşən