Sərhəddə atılan güllələrin üzərində hansı paytaxtların adı yazılıb? - Ermənistan hücuma keçdi
Dünən, 16:32
Ötən gün Ermənistan hərbi birləşmələri yenidən sükutu pozdu. Sülh bəyanatı ilə çıxış edən, bütün əsas məsələlərin razılaşdırıldığından danışan Ermənistan bu dəfə Laçın istiqamətində mövqelərimizi atəşə tutdu. Uzun müddət idi, atəşkəs pozulmurdu.
Görünür, rəsmi İrəvan bu xislətindən əl çəkmək niyyətində deyil. Digər maraqlı məqam isə Qərb ölkələrinin Azərbaycan və Ermənistan arasında yekun sülhün əldə olunmasında vasitəçi rolunda çıxış etmək uğrunda “yarışmasıdır”.
Ermənistanın atəşkəsi pozmaqda hədəfi nə ola bilər? Burda Qərb mərkəzlərinin, Rusiyanın nə kimi rolu, iştirakı var?
Globalinfo.az-a danışan hərbi ekspert Səxavət Məmməd deyib ki, uzun zaman idi, Azərbaycan və Ermənistan arasında şərti sərhədlərdə atəşkəsin pozulması halları müşahidə edilmirdi:
“İntensiv atəşkəs pozuntuları zamanında da Laçın, Kəlbəcər, bəzi hallarda isə Naxçıvan hədəfə alınırdı. Ermənistan bu addımları ilə regionda gərginliyin mövcud olduğunu diqqətə çatdırmaq istəyir. Digər tərəfdən rəsmi İrəvan belə bir pozuntunun baş vermədiyini deyərək, məsələni üzərindən atmağa çalışır. Azərbaycanı hədəfə gətirmək istəyir, lakin bu əbəsdir. Çünki dəqiq araşdırmalar göstərir ki, atəşkəs pozuntusu ermənilər tərəfindən olub.
Fərqli fikirlər səsləndirilir. Bu məsələdə Rusiya, Fransa və Qərbi ittiham etmək mümkündür. Reallıq isə başqadır. Son vaxtlar erməni ictimaiyyətində Robert Köçəryanın fəallaşması, Levon Ter-Petrosyanın Azərbaycan haqqında köhnə müsahibələrinin yenidən tirajlanması vəziyyəti bir qədər də gərginləşdirdi. İki ölkə arasında gərginliyin olmasını göstərməyin ən yaxşı yolu şərti sərhəddə atəşkəsin pozulmasıdır”.
Hərbi ekspertin sözlərinə görə, Ermənistan sülh müqaviləsinin imzalanmasında maraqlı deyil:
“Bunun üçün də müxtəlif bəhanələr gətirirlər. Zamanında da bu baş verdi. Levon Ter-Petrosyanın dönəmində razılığın əldə olunacağı bir məqamda hakimiyyət Köçəryana ötürüldü. O da müəyyən məqama qədər prosesi davam etdirdi. Siyasi nəticə əldə edilmək üzrə olduğu an hakimiyyət Serj Sərkisyana keçdi. Dolayısı ilə Ermənistan bir xətt tutub. Nə qədər sülh istiqamətində açıqlamalar versələr də bu, reallığı əks etdirmir. Əksinə, daha geniş əraziləri ələ keçirmək istəyirlər.
İndiki məqamda sülh müqaviləsi imzalanarsa, Ermənistanın hazırkı sərhədləri tanınsa, yenə də qazanclı çıxmış olacaqlar. Çünki onlar cəmi 9 min kvadrat kilometrlə dövlət yaratmışdılarsa, hazırda bu rəqəm 29 min kvadrat km-dır.
Təzyiqi artırmaqlarının səbəbi isə Azərbaycanın indiki sərhədlər daxilində Ermənistanın ərazilərini tanıması istəyi ilə bağlıdır. AXC-nin varisliyi məsələsindən imtina edilməsi tələbinin arxasında da elə bu amil dayanır”.
Səxavət Məmməd hesab edir ki, bəzi ölkələr guya regiona sülh gətirərək sülhpərvər rolunun olduğunu göstərməyə çalışır:
“Bunlardan biri də ABŞ-dır. İki ölkə arasında sülhün əldə olunması istiqamətində müxtəlif təkliflər verir, çıxışlar edir. Lakin sahədə bu yanaşmanın şahidi olmuruq. Ermənistanın silahlandırılması, ordunun gücləndirilməsi istiqamətində rəsmi Vaşinqtonun fəaliyyəti buna nümunədir.
Rusiya nə qədər regiona sülh gətirmək istəyindən çıxış etsə də faktiki olaraq bütün problemlərin yaradıcısı və uzun müddətli idarəedicisi elə rəsmi Moskvadır. Ümumilikdə həmin ölkələrin əsas marağı Cənubi Qafqazdır”.