Həm Agentliyin pulunun xərclənmə qaydaları dəyişdi, həm də bu xərclənməyə sərəncam verəcək şəxs
Bu gün, 07:34
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin əmri ilə Fərid Osmanov İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri təyin edilib.
Maraqlıdır ki, bir neçə gün öncə Prezidentin fərmanı ilə RİNN tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası yeni redaksiyada təsdiqlənmişdi.
Xatırladıram ki, uzun illər bu Qaydalar mövcud olsa da ondan effektiv istifadə etmək mümkün olmamışdı.
Odur ki, indiyədək İRİA tərəfindən startaplara, xüsusilə də ilkin inkişaf dövrü keçirən startaplara, yaxud hansısa bir innovativ, texnoloji layihələrə, rəqəmsal layihələrə investisya ayırmaq, qrantlar vermək, maliyyə dəstəyi göstərməklə bağlı sistemli addımlar olmayıb.
İndi isə görünən odur ki, Nazirlik bu sektora böyük vəsaitlər yatırmaq və bu vəsaitlərdən effektiv istiafdə etmək niyyətindədir.
Xatırladıram ki yeni təyin olunan Sədr də uzun illər bank sektorunda çalışıb, Mərkəzi Bankın icraçı direktoru olub.
Əvvəlki Sədrin, İnarə Vəliyevanın dövründə həm rəqəmsal hökumət quruculuğu, həm də innovasiya-startap ekosistemin problemləri ətrafında dəfələrlə müzakirələrimiz və mübahisələrimiz olub. Bəzi addımların qüsurlu olduğunu da bildirmişəm.
Aktiv görsənirdilər. Bunlar haqıqnda çox yazılıb.
Uğurlu addımları da olub. Xüsusilə də ötən il rəqəmsal transformasiya, rəqəmsal hökumət quruculuğu və bəzi çatışmazlıqlar olsa da İT kadrların hazırlanması sahəsi də müəyyən irəliləyişlərlə yadda qaldı.
İnarə xanımın dövründə ən ciddi çatışmazlıqlar innovasiyalar və startap ekosistemin inkişafı, İKT güzəştlərdən effektiv istifadə ilə bağlı olub.
Qlobal hesabatlarda da ötən il bu sektorda vəziyyətin acınacaqlı olduğu qeyd edilib. Əlbəttə, bunlarin İRİA -ya aid olanı və olmayanları da vardı, indi görünür ki bu həm də vəsaitlərdən istifadə ilə də bağlı olub.
Amma Beynəlxalq reytinqlərlə bağlı komissiyanın son toplantılarından, İnarə xanımın təqdimatlarından görünürdü ki, İRİA da bunun fərqindədir və vəziyyətdən çıxış yolu ilə bağlı nəsə hazırlayırdılar.
Həmin nəsənin biri, vəsaitlərdən istiafdə ilə bağlı qaydalar artıq təsdiqləndi.
Amma görünür ki, artıq başqa bir məsul şəxs bu işləri davam etdirəcək.
İnarə xanıma yeni fəaliyyət sahəsində uğurlar arzulayıram.
Fərid Osmanov da sektorda tanınan bir şəxsdir. 20 ildir ki bank sektorundadır. Toplantılardakı pozitiv çıxışları ilə yadımda qalıb.
Amma sirr deyil ki, ən konservativ, mühafizəkar sahələrdən biri də bank sektorudur.
Əgər yeni sədr innovasiya və startap ekosistemə də konservativ yanaşmalar sərgiləsə sürətli inkişaf gözləmək sadəlövhlük olardı.
Hansı ki region ölkələrinin xeyli irəli getdikləri indiki zamanda Azərbaycan üçün sürətli inkişaf olduqca zəruridir.
Ümid edirəm yeni təyinat uğurlu olacaq.
Yeni Sədr üçün start vəziyyəti əvvəlkilərdən daha münbitdir - ən azı qurumun vəsaitindən istifadə qaydalarını Prezident təsdiqləyib, müəyyən mexanizmlər hazırlanıb.
Qalır ki hökumət İRİA-ya bu vəsaitləri versin və maraqlı tərəflər cəlb edilməklə işlərə başlanılsın.
Fərid Osmanova da rəqəmsal transformasiyanın və ekosistemin inkişafı sahəsində uğurlar arzulayıram !
Osman Gunduz
TEREF