Yüz ilin davası: ruslar Avropanı niyə tuta bilmədilər?
Bu gün, 00:06
Polşa Azərbaycanın da daxil olduğu müstəqil dövlətlərin qorunmasını tələb edirdi...
BURDA
Bolşeviklərin Rusiyada hakimiyyəti ələ keçirmələrindən az sonra baş verən önəmli hadisələrdən biri Rusiya-Polşa müharibəsidir. Lenin və silahdaşları üçün bu, sadəcə polyaklarla müharibə deyildi. Onlar Avropaya inqilab ixracı barədə düşünürdülər və Polşa üzərində qələbə bunun birinci mərhələsi olacaqdı. Amma hər şey başqa cür alındı. “Radio Svoboda”nın bu haqda məqaləsini təqdim edirik.
Rusiya imperiyasının dağıntıları üzərində
Qırmızı ordunun tərk etdiyi Kiyevə 1920-ci il mayın 7-də Polşa süvariləri daxil oldular və Dneprin şərq sahilində plasdarm yaratdılar. Qırmızı orduya qarşı Polşanın yaz hücumu aprelin 25-də başlamışdı və uğurla inkişaf edirdi.
1920-ci ilin aprel hadisələrini Sovet-Polşa müharibəsinin başlanğıcı saymaq qəbul olunub. Əslində isə polşalıların hücumu hələ 1918-ci ilin noyabrında Birinci dünya müharibəsinin bitməsindən sonra başlayan hərbi əməliyyatların davamı idi. Almaniya Brest sülhünün şərtlərinə görə nəzarət etdiyi keçmiş Rusiya imperiyası ərazilərindən qoşunlarını çıxardı. Sovet Rusiyası və Polşa sərhədləri arasındakı məkanda siyasi vakuum yarandı. Bolşevik hökuməti qoşunlarını qərbə göndərərək, həmin vakuumu doldurmağa çalışırdı. Artıq noyabrın 17-də 16-cı sovet ordusu hərəkətə keçdi və dekabrın 10-da Minskə daxil oldu.
XVIII əsrin sonlarına qədər Reç Pospolitaya dövlətinə məxsus olan torpaqlara yenicə bərpa edilən Polşa dövləti də iddia edirdi. Litva və Belarus polyakları Şərq ucqarlarının müdafiəsi komitəsini (ŞUMK) yaratdılar. Komitə kömək üçün Varşavadakı hökumətə müraciət etdi. Dövlətin müvəqqəti rəhbəri (“rəis”i) Yuzef Pilsudskinin 1918-ci il 7 dekabr tarixli fərmanı ilə ŞUMK dəstələri Polşa ordusunun tərkib hissəsi elan edildilər.
Dekabrın 10-da sovet Rusiyası Polşanın müstəqilliyini tanıdı. 1919-cu il yanvarın 1-də Smolenskdə bolşevik ekspansiyasının aləti kimi istifadə olunacaq Belarusiya Sovet Sosialist Respublikası elan edildi.
Litvanın paytaxt kimi iddia etdiyi Vilno (Vilnüs) şəhərini Polşa yanvarın 1-də tutdu. Qırmızı ordu və polyak özünümüdafiə qüvvələri ilk dəfə yanvarın 4-də Vilno yaxınlığında üz-üzə gəldilər. Yanvarın 6-də Polşa qarnizonu Vilnodan qovuldu. İnqilab ixracı uğurla gedirdi, çünki Polşa ŞUMK qüvvələrinə ciddi yardım göstərə bilmirdi. Amma Antantanın müdaxiləsindən sonra almanlar Polşa qoşunlarını şərqə buraxdılar. Nəticədə onlar fevralın ilk günlərində Koveli, 9-da Brest-Litovskı, 19-da Belostoku tutdular.
Dünya şöhrətli bəstəkar və siyasətçi İqnasi Yan Paderevski baş nazir olandan sonra Polşanın mövqeləri gücləndi. Polşa hökuməti 1919-cu il yanvarın 30-da ABŞ, fevralın 24-də Fransa, fevralın 25-də İngiltərə, fevralın 27-də İtaliya tərəfindən tanındı. O, Antanta ölkələrindən hərbi yardım almağa başladı, zira dünya müharibəsindən sonra müttəfiqlərdə tökülüb qalan silahlar bolşeviklərə müqavimət üçün yetərli idi.
1919-cu il fevralın ortaları üçün tədricən Neman çayı üzrə sovet-polyak cəbhəsi formalaşdı. Fevralın 27-də yaradılan Litva-Belarusiya Sovet Sosialist Respublikasının rəhbərliyi Polşa ilə sərhədləri müəyyənləşdirməyə çalışdı, lakin Varşava danışıqlara getmədi. “Litbel layihəsi” alınmadı. Qırmızı terrora baxmayaraq, çox yaşamadı. Bolşeviklər Baltika ölkələrindən çıxarıldılar.
Qırmızı Qərb ordusunun sayı 45 min nəfər təxmin edilir, ancaq Belarusiyanı tutandan sonra onun döyüş qabiliyyətli qüvvələrinin bir hissəsi başqa istiqamətlərə, vəziyyətin ağır olduğu yerlərə göndərildi. Bundan yararlanan Polşa qoşunları Nemanı keçdilər və hücuma başladılar. 1919-cu il martın 1-də Slonimi, martın 5-də Pinski tutdular. 17-19 apreldə Lida, Novoqrudok, Baranoviçi, Vilno polyakların nəzarətinə keçdi.
Aprelin 21-də Vilnoya gələn Yuzef Pilsudski yerli əhaliyə müraciət etdi. O, Litvanı federasiya formasında Reç Pospolitaya dövrünün uniyasına qayıtmağa çağırdı və elan etdi ki, “azad olunmuş xalqlar özlərinin daxili, milli və dini işlərini Polşa tərəfindən hər hansı zorakılıq olmadan həll edəcəklər”. Litva hakimiyyəti bu təklifi rədd etdi. Kaunasda oturan hökumət Varşavanın bütün təklifləri müqabilində danışıqlara başlamağın ilkin şərti olaraq Vilnüsün Litva paytaxtı kimi tanınmasını irəli sürürdü.
Qırmızı ordu isə həmin vaxt ciddi yardım almadı, çünki əsas qüvvələri ağlarla döyüşürdü: şərqdə Kolçakla, cənubda Denikinlə. Ağların Şimal-Qərb ordusu Petroqradı təhdid edirdi. Qırmızıların qərbdə geri çəkilməsi davam edirdi. Almanların daha əvvəl tərk etdiyi Qrodnoya polyaklar aprelin 28-də daxil oldular. İyulun 4-də Molodeçnonu, iyulun 25-də Slutsku tutdular. Antanta Nazirlər şurasının Qalisiyanı Polşa nəzarətinə vermək barədə qərarından sonra Zbruç çayına qədər bütün şərqi Qalisiya polyakların nəzarətinə keçdi. Fransadan gətirilən general Yuzef Qallerin ordusu mərkəzi Lvov olan Qalisiyanı tutaraq Qərbi Ukrayna Xalq Respublikasına son qoydu.
Polşa 1919-cu ilin avqustunda yeni hücum hazırlayırdı. Avqustun 8-də altı saat sürən döyüşdən sonra Minski tutdular, avqustun 29-da isə Bobruysk alındı.
Qırmızılarla ağlar arasında
Polşa Qırmızı orduya qarşı savaşırdı və eyni zamanda, həm sovet Rusiyası, həm də Ağ hərəkatla danışıqlar aparırdı. Rusiyanın Cənubunun Hərbi qüvvələrinin Baş komandanı Anton Denikinlə razılığa gəlmədilər. Denikin və Pilsudskinin nümayəndəsi general Aleksandr Karnitski arasında Taqanroqda aylarla sürən danışıqlar nəticəsiz yekunlaşdı. Ağlar Polşanın müstəqillik hüququnu tanıyırdılar, amma indi, bolşeviklər üzərində qələbədən sonra çağırmağı düşündükləri Müəssislər Məclisinin sanksiyası olmadan müstəqilliyi tanımağa və ərazi məsələlərini həll etməyə hazır deyildilər. “Vahid və bölünməz Rusiya” tərəfdarları Ukrayna Xalq Respublikası ilə əməkdaşlığı ümumiyyətlə mümkünsüz hesab edirdilər: onlar Ukraynanın müstəqilliyi ideyasının özünə qarşı idilər. Finlandiyada bolşevik inqilabını darmadağın edən general Mannerheymin fikrincə, belə imperiya siyasəti Denikinin kobud səhvi idi.
Qırmızılar isə sərhədi müzakirə etməyə hazır idilər. Pilsudski, 1919-cu ilin oktyabrında Mikaşeviçidə gedən danışıqlardakı nümayəndələrinə təkrar-təkrar deyirdi ki, bolşeviklərə inanmır və “Lenin ən təntənəli andını pozmaqdan çəkinməyib, istədiyi kimi davranacaq”. Bolşeviklər danışıqlar apararkən eyni zamanda Polşa ordusu içərisində təbliğatlarını genişləndirirdilər. Bununla belə, Pilsudski Leninlə qeyri-formal atəşkəs bağlamağa üstünlük verdi. Öz nümayəndələrinə dedi ki, “Rusiyada mütləqiyyətin bərpasını istəmir”. O, bununla Denikinin məğlubiyyətinə töhfə verdi, çünki Qərb cəbhəsindən götürülən Latış diviziyasının seçmə hissələri Cənub cəhbəsindəki döyüşlərdə həlledici rol oynadılar.
Sovet-Polşa cəbhəsində sakitlik 1920-ci ilin yazına qədər davam etdi, amma fasilələrlə. Yanvarda polyaklar mühüm qalası ilə birlikdə Dvinski (indi Dauqavpils) tutdular və Latviyaya verdilər. Martın 10-də Belarusiyanın Mozır şəhərini gözlənilmədən ələ keçirdilər. Qırmızların böyük qüvvələrdən istifadəsinə rəğmən, şəhəri qaytarmaq üçün dörd cəhdləri dəf edildi.
Polşa hökuməti 1920-ci il martın 19-da Rusiya ilə sülhün ilkin şərtlərini açıqladı. Şərtlərə “azad və demokratik seçkilərin keçirilməsi” və “keçmiş Rusiya imperiyası ərazisində formalaşan və hazırda faktiki hökumətə malik bütün dövlətlərin müstəqilliyinin tanınması” daxil idi. Leninin rəhbərlik etdiyi bolşevik hökumətindən həmin dövlətlərin “daxili quruluşuna heç bir təsir göstərməmək” istənilirdi. Varşava martın 27-də bildirdi ki, Moskva ilə Minsk yaxınlığındakı Borisovoda danışıqlar aparmağa razıdır. Cavab verilmədi.
Pilsudski eyni zamanda Simon Petlyuranın Ukrayna Direktoriyası ilə ittifaq barədə müqavilə hazırlayırdı. Sənəd aprelin 21-də Varşavada imzalandı. Razılaşmaya görə, UXR hökuməti tanıma müqabilində Polşadan bolşeviklərə qarşı hərbi yardım alacaqdı. Ukrayna Qalisiya, Qərbi Volın, Lemko, Nadsanye və Xolm bölgələrinə iddialarından vaz keçdi. Respublikanın şərq sərhədlərini Polşanın 1772-ci ildə birinci bölünməsinə qədərki Reç Pospolitaya və Rusiya imperiyası sərhədləri üzrə keçirmək nəzərdə tutulurdu.
Polyaklar şərqə gedirlər...
Apreldə polyaklar cəbhədə Qırmızı ordunun böyük qüvvələrinin cəmləşdiyini aşkar etdilər: Şimali Qafqazdan və Sibirdən göndərilənlər idi. Baş komandan Sergey Kamenev 1920-ci ilin martında hücum planı hazırlamışdı. Artilleriya və zirehli qatarlara malik 100 minlik sovet qüvvəsi mövqelərə yerləşdirilirdi. Məhz bu, Polşa liderini formal atəşkəsi pozmağa və düşmənə preventiv zərbə endirməyə sövq etdi. Aprelin 25-də polşalılar cəbhənin bütün Ukrayna hissəsi boyunca Qırmızı ordu mövqelərinə hücuma keçdilər. İkiqat say üstünlüyünə malik polyaklara Petlyuranın qüvvələri də (15 min nəfərə qədər) kömək edirdi. Hücum iki həftə ərzində yetərincə uğurlu cərəyan etdi.
Aprelin 26-da Jitomir tutuldu və burada Pilsudski Ukrayna xalqına müraciət edərək, onun müstəqillik və dövlət quruluşunu özünün seçməsi hüququnu tanıdı. UXR Direktoriyasının rəhbəri Simon Petlyura yeni Polşa-Ukrayna ittifaqının möhkəmliyini vurğuladı. Belə koalisiyanın yaranması Pilsudskinin həmin mərhələdə Rusiyadan və Polşadan asılı olmayan Ukraynanın yaranmasını planlaşdırdığını göstərir.
Aprelin 27-də polyaklar Berdiçevə daxil oldular, 1-ci süvari diviziyası isə Kazatin dəmiryolu qovşağını tutdu. Cənubda 6-cı ordu Vinnitsa, Bar və Jmerinkanı aldı. Şimalda Polşa ordusu Pripyat çayı tərəfdə Dneprə yaxınlaşdı. Həmin günlər 25 mindən çox qırmızı əsgər əsir alındı, 2 zirehli qatar, 120 top və 418 pulemyot ələ keçirildi. Mayın 6-da Belaya Tserkov alındı. Ertəsi gün qırmızılar Kiyevdən çıxdılar və süvari polyaklar şəhərə daxil olaraq, Dneprin sol sahilində plasdarm yaratdılar.
Kiyevlilər son 3 il ərzində gözlərinin önündə baş verən yeddinci, ya səkkizinci hakimiyyət dəyişikliyini sakit qarşıladılar.
Amma görünür, Varşavada sovet təhlükəsinin miqyasını yetərincə qiymətləndirməmişdilər. Semyon Budyonnının komandanlığı altında Birinci Süvari ordusunun (17 min nəfər, 48 top, 6 zirehli qatar və 12 təyyarə) Cənub-Qərb cəbhəsinə göndərilməsi Polşa komandanlığı üçün gözlənilməz oldu.
Zərbə qüvvəsinin Maykopdan hərəkəti hələ aprelin 3-də başlamışdı ki, bu da sovet qüvvələrinin planlı şəkildə müharibəyə hazırlaşdığını göstərir. Məhz Süvari ordusu Jitomir və Berdiçevə hücum edərkən iyunun 5-də Polşa müdafiəsini yararaq, düşmən üçün mühasirə təhlükəsi yaratdı. General Rıdz-Smiqlının 3-cü ordusu mühasirəyə düşməmək üçün iyunun 10-da körpüləri partladaraq Kiyevdən çıxdı və Mazoviya rayonuna hərəkət etdi. İki gün sonra Kiyev yenə bolşeviklərdə idi...
(Davamı olacaq)
Hazırladı: Yadigar Sadıqlı
Mənbə: