Paşinyandan yeni həyasızlıq
Dünən, 23:10
Paşinyan hərbi cinayətlər törətmək ittihamı ilə Bakıda məhkəmə qarşısına çıxarılan ermənilər haqda danışıb və iddia edib ki, “bu şəxslərə qadağan olunmuş psixoaktiv maddələrin verildiyinə dair İrəvanda kəşfiyyat məlumatları var”, “məqsəd onların ifadələrindən istifadə edərək, regionda gərginliyi artıracaq bəyanatların verilməsidir”.
Paşinyan ilk dəfədir Qarabağda həbs edilən bu dəstə haqda “müdafiə” xarakterli çıxış edir və “onları rəqibim hesab etmirəm” deyir. Əslində Araik Arutyunyan və digərlərinin həbs olunması – Xankəndidən İrəvana qayıtmaması indiyə qədər Paşinyana sərf edib, çünki separatizmin ləğvindən sonra bu dəstənin Ermənistana qayıtması həmin vaxt hakimiyyətə qarşı etirazları fərqli məcraya yönəldə, daha təhlükəli edə bilərdi. Artıq bu təhlükə sıradan çıxıb və məhkəmənin getdiyi vaxt erməni ictimai rəyində hakimiyyətə qarşı ittihamlar intensivləşdiyi üçün Nikol bu dəstəni müdafiə etdiyini nümayiş etdirir.
Hərçənd, Paşinyanın iddialarının əsas səbəbi qorxularıdır:
1. Bu dəstənin məhkəmədə verəcəyi ifadələr – etirafları;
2. Bu etirafların Paşinyan da daxil olmaqla Ermənistanı ittiham altına salması;
İlk məhkəmə prosesində Araik Arutyunyan şəxsi təşəbbüsü ilə çıxış üçün söz alaraq, Gəncənin bombalanmasından danışdı və bildirdi ki, “vurulma əmrini o verməyib, onun belə bir səlahiyyəti, hətta rəy bildirməyə də imkanı olmayıb”. 44 günlük müharibə dövründə bütün əmrlər Paşinyan tərəfindən verilirdi, o cümlədən, Azərbaycan şəhərlərinin bombalanması. Məhkəmə prosesində hər şey Araik Arutyunyan və digərləri tərəfindən etiraf edilsə, bu, Ermənistanın, birbaşa Nikol Paşinyanın hərbi cinayətlərini ispatlayacaq. Hətta məhkəmə prosesində Ermənistanın dəhşətli cinayətlərinə dair çoxsaylı faktların ortaya çıxması da gözləniləndir.
Paşinyanın “qadağan olunmuş psixoaktiv maddələrlə” bağlı iddiası da məhz özünü sığortalamağa, Bakıdakı məhkəmə prosesinin və Ermənistanın hərbi cinayətləri ilə bağlı ortaya çıxacağı gözlənilən faktların legitimliyini şübhə altına almağa hesablanıb.
Asif Nerimanli
TEREF