Ölkənin baş gömrükçüsünün ABSURD İZAHATI... - Necə olur ki, texniki nasazlıq üç ay davam edir?”
Dünən, 10:38
“Ümumiyyətlə, Azərbaycanda bir çox dövlət qurumlarında vəziyyət belədir: işçi və əməkçi ən axırıncı kateqoriyaya qoyulur. İyerarxiyada, əslində, işçi və əməkçi birinci sırada olmalı, onlara göstərilən xidmət və qayğı da birinci sırada olmalıdır”.
Bu sözləri Yenicag.az-la söhbətində Ağ Partiya başqanı Tural Abbaslı deyib.
Partiya sədri Dövlət Gömrük Komitəsinin işçilərə 3 aydır ki, maaşlarını verməməsinin səbəblərini və bununla bağlı mediada gedən informasiyaları şərh edib:
“Təəssüflə qeyd etməliyik ki, bu belə olmur. Mən bilmirəm, Dövlət Gömrük Komitəsində necə texniki nasazlıq ola bilər ki, 90 gün ərzində işçilərə maaş verilmir. Bu, bir az fantastik səslənir, çünki 90 gün ərzində hər şey ola bilər. Məsələn, Əsəd rejimi 13 günə dəyişdi. Bu insanları da düşünmək lazımdır: onlar nə ilə yaşayıblar, kommunal xərclərini necə ödəyiblər, kredit borclarını necə bağlayıblar, övladlarını məktəbə nə ilə yola salıblar? Bütün bunları düşünmək lazımdır və bunun texniki səbəblərlə əlaqəli olmasına inanmıram. Ola bilsin ki, maliyyə çatışmazlığı və ya digər problemlər olub, amma bu da kiminsə səhlənkarlığı səbəbindən baş vermiş ola bilər. Necə olur ki, texniki nasazlıq üç ay davam edir?”
“İndi çoxumuz onlayn ödənişlər edirik, hətta Mozambikdən mal gətirəndə belə, onun qeydiyyatını aparan bir sistemimiz var. Necə olur ki, dövlət qurumu öz əməkçisinə üç aylıq maaş verə bilmir? Yəni kitabça qoysunlar, ata-bala qaydasında qol çəksinlər, sonra texniki məsələləri düzəldərlər. Bu etirafın özü də qəbahətdir. Əgər bir dövlət qurumu üç ay texniki səbəblərdən işçilərinin maaşını verə bilmirsə, bu, maaş verə bilməməkdən daha böyük qəbahətdir. İnsanlar bunu izah etməlidirlər: “pul yoxdur, verə bilmirik” Amma başqa bir halda, pul var, amma texniki səbəblərdən verə bilmirlər, bu daha böyük qəbahətdir”.
“Biz bu məsələlərdə hər zaman əməkçilərin yanında olmuşuq, indi də onların yanındayıq. Düzdür, indi deyə bilərik ki, şikayət etmirlər, əməkçilərdən heç kim istefa verməyib. Amma insanları varlıqla yoxluq arasında sınamaq olmaz. Onlar da bilirlər ki, iş tapmaq nə qədər çətindir. Amma hər birimiz, yenə də deyirəm, bütün planlarımızı aylıq gəlirlərimizə və müddətlərə uyğun qururuq. İndi bu insanlar nə əziyyət çəkiblər, nə çəkirlər, başqa məsələdir. Mən burada türklərin bir sözünü xatırlayıram: “Üzrü qəbahətdən böyük çıxıb” bu məsələdə. Yəni belə üzücü bir haldır. Dövlət qurumunda belə hadisənin olması üzücüdür”, – deyə o, fikirlərini yekunlaşdırıb.