Generallar toplandı: Ordumuz bu ölkədə əməliyyat keçirə bilər – İlk dəfə

Bu gün, 09:06           
Generallar toplandı:
Son dövrlər Türkiyə və Azərbaycan arasında hərbi sferada müşahidə olunan intensivlik diqqət çəkir.

Yanvarın 21-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Xankəndidə Quru Qoşunlarının əməliyyat müşavirəsi keçirilməsindən qısa müddət sonra nazirin müavini, Quru Qoşunlarının Komandanı general-polkovnik Hikmət Mirzəyevin Türkiyəyə səfər etməsi maraq doğurub.

Hər iki toplantı əməliyyat masası başında reallaşıb və Quru Qoşunları komandanları, generalların iştirakı ilə baş tutub.

Bu iki toplantı arasında nə kimi əlaqə var?

Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, Yaxın Şərqdə baş verən olaylar, İran ətrafında hadisələrin inkişafı, Cənubi Qafqazda Ermənistanın müharibə ritorikası Türkiyə və Azərbaycanın hərbi rəhbərlərinin davamlı müzakirələr aparmasını zəruri edir:

“Bu iki ölkənin generallarının qısa müddətdə iki dəfə ayrı-ayrılıqda hər iki ölkədə görüş keçirməsini regionda və bütün dünyada hərbi-siyasi vəziyyətin olduqca gərgin şəraitdə davam etməsi ilə əlaqələndirirəm.

Həm Yaxın Şərq, həm də Cənubi Qafqazda vəziyyət o qədər qeyri-sabitdir ki, istənilən halda qarşıdurma silahlı insidentə çevrilə bilər. Belə hadisə baş verərsə, təbii ki, Türkiyə və Azərbaycanın anında müdaxiləsi tələb olunacaq. Düşünürəm ki, Türkiyə və Azərbaycan generalları belə hadisələr zamanı müdaxilə etmək üçün hazırlıq işləri aparırlar.

Regiondakı vəziyyətə diqqətlə nəzər yetirdikdə Türkiyənin Suriyadakı əməliyyat şəraitinə nəzarət etməsi yeni fazaya keçmək ərəfəsindədir. Oradakı kürdlər ABŞ və İsrailin dəstəyi ilə silahı yerə qoyub yeni hökumətə qoşulmaqdan imtina edir. Görünən odur ki, uzun müddət belə davam edə bilməyəcək və Türkiyə Suriya qoşunları ilə birlikdə orada PKK-çılara qarşı əməliyyata başlaya bilər. Bu əməliyyat zamanı Azərbaycan hərbçilərinin də türk ordusu ilə çiyin-çiyinə döyüşəcəyi istisna olunmur. Bu barədə kütləvi informasiya vasitələrində artıq bəzi məlumatlar verilib”.

Ekspert hesab edir ki, Ermənistanın hərbi ritorikası – ciddi şəkildə silahlanması və sərhəddə istehkam qurğuları yaratması Azərbaycanı da ehtiyat tədbirləri görməyə məcbur edir:

“Bakı haqlı olaraq düşünür ki, İrəvan bu hazırlıqları müharibə üçün görür. Belə olan halda Türkiyə və Azərbaycan öz hərəkətlərini koordinasiya etməyə məcburdurlar. Ermənistanla gözlənilən müharibə vəziyyətində bu vaxta qədər olduğu kimi yenə də Azərbaycan və Türkiyə əsgərləri bir yerdə olacaqlar.

İrana qarşı ABŞ və İsrail tərəfindən gözlənilən müharibə də Türkiyə və Azərbaycanın müzakirələr aparmasına zəmin yaradır.

Regional proseslər Türkiyə və Azərbaycan hərbçilərindən vəziyyətin istənilən istiqamətdə inkişafına hazır olmağı tələb edir. Müdafiə naziri Zakir Həsənovun Xankəndidə, Hikmət Mirzəyevin Ankarada həmkarı ilə görüşü, düşünürəm ki, bu hazırlıqlarla bağlıdır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.