Putinə meydan oxumaq – Təyyarə qəzasından “soyuq müharibə”yə?
Bu gün, 11:38
Azərbaycanın mülki təyyarəsinin vurulmasından sonra Bakı və Moskva arasında yaranan soyuqluq daha da dərinləşir. Bakı Moskvaya getdikcə daha aydın şəkildə bildirir ki, təyyarənin məhv edilməsi və vətəndaşlarının ölümünün üstünü ört-basdır etməyə imkan verməyəcək.
İlham Əliyevin dekabrın 29-da Rusiyanın ünvanına birbaşa ittihamlar səsləndirdiyi kəskin çıxışından sonra müəyyən fasilə yaranmışdı. Lakin Rusiya KİV-lərində və sosial şəbəkələrində yayılan, təyyarənin vurulmadığı, pilotların bortda qaz balonunun partladığı və ya quşlarla toqquşduğu barədə məlumat verdiyini iddia edən açıqlamaları yeni gərginliyə səbəb oldu.
Bu dəfə Bakı daha geniş miqyasda fəaliyyətə başladı. Azərbaycan rəsmilərinin Ukrayna diplomatları ilə artan təmaslarına çoxları diqqət yetirmədi. Azərbaycan hakimiyyəti indiyə qədər Moskvanı qıcıqlandırmamağa çalışaraq, Kiyev nümayəndələri ilə o qədər də çox təmas qurmamağa çalışırdı. İlham Əliyevin Davosda Volodimir Zelenski ilə görüşü bu seriyadan olan addımdır və görünür, sonuncu deyil.
Rusiya qəzetlərində AZAL təyyarəsinin qəzasının ABŞ və ukraynalıların işi olduğu barədə iddialar, həmçinin Rusiya xarici işlər naziri Sergey Lavrovun qara qutuların deşifrə edilməsinin rusların təyyarə qəzasına aidiyyatının olmadığını sübut etdiyini deməsi Bakını hiddətləndirdi.
AzTV Moskvanı ədalətsizlikdə və dürüst olmamaqda ittiham etdi. Hakimiyyətə yaxın KİV-lərə Rusiyanın Bakı mərkəzindəki “casus yuvasını” ifşa etmək göstərişi verildi.
Bunun ardınca misli görünməmiş təhdid səsləndi – Bakı, vurulmuş təyyarə ilə bağlı günahını etiraf etməsə, Moskvanı beynəlxalq məhkəməyə verəcəyini bəyan etdi.
Bu qədər sərt ritorika ikitərəfli münasibətləri əhəmiyyətli dərəcədə çətinləşdirə bilər. Lakin təcrübə göstərir ki, İlham Əliyevin emosional yanaşması və riskli oyunları siyasi məsuliyyətsizliyin təzahürü deyil, daha çox hesablanmış hərəkətlərdir. Bu, həmçinin, Azərbaycanın heç kimə ona hörmətsiz yanaşmağa imkan verməyəcəyi barədə məşhur şüarının nümayişidir. Bunun real addım, yoxsa öz əhəmiyyətinin həddən artıq şişirtmə olub-olmadığını isə gələcək göstərəcək.
Bununla belə, rəsmi Bakının Moskvadan nə istədiyi maraqlıdır. İctimaiyyət qarşısında peşman olduğunu söyləmək, günahını etiraf edərək üzr istəmək? Bəs bu, Azərbaycan rəhbərliyinə nə verəcək? Bu, Putini və onun ətrafını ölkəmizə qarşı çevirməyəcəkmi? Bu, Rusiyanın dövlətimizə zərər vurmaq üçün yollar axtarmsına səbəb olmazmı? Məsələn, hansısa bəhanə ilə yüz minlərlə (bəlkə də bir milyon) əmək miqrantını gözlənilmədən Azərbaycana qaytarmazlarmı?
Rusiyalı ekspert, Azadlıq Radiosunun jurnalisti Vadim Dubnov (Praqa) bununla bağlı fikirlərini Pressklub.az-la bölüşüb.
O düşünür ki, burada üç əsas məsələ var. “Birincisi, anlaşılan və emosionaldır, çünki İlham Əliyev üçün subyektiv emosional məsələlər və şəxsi münasibətlər həqiqətən çox önəmlidir. Bu baxımdan, Moskvadan gələn etirazlar onu qıcıqlandırır. Necə ki, 2018-2020-ci illər ərzində Paşinyanın bəyanatları onu qıcıqlandırırdı.
Buradan, əlbəttə, siyasi aspekt də ortaya çıxır. Tramp özünü “yox” deyilə bilinməyən bir şəxs obrazında təqdim etdiyi kimi, indi digər liderlər də bu cür davranmağa çalışırlar. Əliyev isə bu siyahıda ilk yerdədir. Çünki o, ənənəvi Cənubi Qafqaz sərhədlərindən daha geniş regionda mübahisəsiz liderlik iddiasını ortaya qoyub. Bu mənada o, heç bir halda “yox” deyilə bilməyən şəxs rolunu oynayır.
Bu kontekstdə onun hərəkətləri müəyyən mənada müdafiə xarakteri daşıyır. O, toxunulmaz hesab etdiyi mövqeləri müəyyən edib, lakin Moskva bu mövqelərə hücum edir. Moskva onunla oynamağa, zəif yerlərini, nöqtələrini tapmağa və təzyiq göstərməyə çalışır. Əliyev üçün bu cür cəhdlərdən özünü qorumaq çox vacibdir. O, müdafiə xarakterli olsa da, hücum strategiyasına üstünlük verir”, - deyə ekspert bildirir.
Ekspert deyir ki, bununla yanaşı, bu strategiya həqiqətən hücum xarakteri daşıyır. Çünki Əliyev özünü hər kəslə bu cür danışa bilən lider kimi təqdim edir. “O, hətta Putinlə də bu tonda danışa bilir. Əgər o, Putinlə bu cür danışa bilirsə, demək, məsələn Pezeşkiyanla da bu cür danışa bilər. Paşinyanla da bu cür danışmağı isə Allah özü məsləhət görüb.
Üçüncü məsələ isə tamamilə işgüzar və iqtisadi xarakter daşıyır. Ola bilsin ki, Zelenskinin rus qazından başqa istənilən qazı, xüsusilə də Azərbaycan qazını məmnuniyyətlə Ukrayna ərazisindən buraxa biləcəyi ilə bağlı dediyi ekstravaqant ifadə təsadüfi deyildi. Burada yeni bir kombinasiya mümkündür. Bu, Rusiya, Ukrayna, Avropa və Azərbaycan arasında gedən böyük oyundur. Əliyev bu oyunda artıq indidən müəyyən mövqeləri təmin etməyə çalışır. Mənə bu oyun hələlik uzaq görünür və konkret deyil. Lakin gələcəkdə bəzi cizgiləri aydınlaşa bilər. Əliyev də bu kontekstdə müəyyən mövqelərini ortaya qoyur.
Bundan əlavə, qaz məsələsi, Zelenskinin bəyanatından və Ukrayna nümayəndələri ilə görüşlərdən asılı olmayaraq, kifayət qədər aktualdır. Özü də, b, təkcə qaz mövzusu deyil, həm də sanksiyalarla bağlı digər məsələlərdir”, – deyə Dubnov yekunlaşdırır.
Rauf Orucov