AZAL təyyarəsinin hər iki mühərriki qəza anınadək problemsiz çalışıblar
Bu gün, 00:19
“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinə məxsus "Embraer-190" təyyarəsinin hər iki mühərriki qəza anınadək problemsiz çalışıblar.
Bu barədə Beynəlxalq Mülki Aviasiya Təşkilatının 1944-cü il Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının 13 saylı Əlavəsinin tələblərinə uyğun aparılan araşdırmanın ilkin hesabatında qeyd olunub.
"Hava gəmisinin mühərriklərinin hər ikisi qəza anına qədər hər hansı texniki problem olmadan çalışmışlar. Bu məlumat (FDR vasitəsilə təsdiq olunmuşdur). Hava gəmisi Rusiya Federasiyasının hava məkanında, o cümlədən Qroznı hava limanı üzərində uçuş əməliyyatları həyata keçirərkən GPS siqnallarının itməsi halı ilə üzləşmişdir", – hesabatda bildirilib.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Rusiya ərazində vurulub və sonra Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
İlkin məlumatlara görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında vurulub.