Səhiyyə Nazirliyinin lisenziyasını ləğv etdiyi və adlarını gizli saxladığı 35-ə yaxın plastik cərrah KİMLƏRDİR? - AKTUAL

Bu gün, 10:10           
Səhiyyə Nazirliyinin lisenziyasını ləğv etdiyi və adlarını gizli saxladığı 35-ə yaxın plastik cərrah KİMLƏRDİR? - AKTUAL
Son günlər plastik cərrahların fəaliyyəti gündəm mövzusudur. Buna səbəb bu sahədə olan ciddi nöqsanlarla, hətta ölüm halları ilə bağlı vətəndaş müraciətləri və plastik cərrahiyyə ilə məşğul olan bəzi həkimlərin tibb təhsil sənədlərinin olmaması və ya saxta olmasıdır. Bir neçə həkimin plastik cərrah kimi fəaliyyət göstərməsi üçün saxta sənədlər əldə etdiyi iddia edilib.

Bu səbəbdən plastik cərrahların peşə fəaliyyətinin və buna icazəsinin olub olmamasının yoxlanması məqsədilə səhiyyə nazirinin müvafiq əmri ilə Səhiyyə Nazirliyinin, Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyinin və Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb.

Nazirlik plastik cərrahlara peşə fəaliyyətinin qanunauyğunluğunu təsdiq edən sənədlərinin notariat qaydasında təsdiq edilmiş surətlərini (baza ali tibb təhsili, diplomdansonrakı təhsilə aid bütün sənədlər, əmək kitabçası, tibbi fəaliyyət ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə, sertifikasiya şəhadətnaməsi və s.) 2025-ci il 31 yanvar tarixinədək Səhiyyə Nazirliyinə şəxsən təqdim etmələri üçün müraciət edib.

Ölkədə plastik cərrahiyyə fəaliyyəti ilə məşğul olanlara sənədlərin təqdimi üçün verilən müddət bitdiyi vaxt nazirlik onlarla bağlı növbəti məlumat yayıb. Məlumatda bildirilib ki, göstərilən tarixədək Səhiyyə Nazirliyinə 82 mütəxəssis tərəfindən sənədlər tələb olunan qaydada təqdim edilib. Xüsusi Təftiş Komissiyası daxil olan sənədləri onları təqdim edən şəxslərin iştirakı ilə fərdi qaydada yoxlayacaq. Yekun nəticələr barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Nazirlik yekun nəticələr haqqında ictimaiyyəti məlumatlandırmaq öhdəliyini qeyd etsə də, hələki buna əməl olunmur. Belə ki, bir neçə gün öncə plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının müəyyənləşdirilməsi məqsədilə Səhiyyə Nazirliyinin müvafiq əmri ilə 25 həkimin lisenziyasının ləğv edildiyi qeyd edilib. Bu gün isə daha 10-a yaxın plastik cərrahın lisenziyasının ləğv edildiyi ilə bağlı məlumatlar yayılıb. Lakin həmin həkimlərin adları ictimaiyyətə açıqlanmır, gizli saxlanıılır.

Bu məlumatı dəqiqləşdirmək və adları öyrənmək üçün bir neçə dəfə Səhiyyə Nazirliyinə informasiya sorğusu göndərsək də, sorğumuz görməzdən gəlinib.

Ayrı-ayrı mətbuat orqanının əldə etdiyi məlumata görə, məşhur plastik cərrahlar, “Milan VİP” hospitalın həkimi Könül Ağamirova, “Azərtürkmed” klinikasının cərrahı Şövkət Əliyeva və estetik cərrah Sevinc Heydərovanın da adının lisenziyası ləğv edilənlərin siyahısında olduğu bildirilib.

Plastik cərrah kimi fəaliyyətinə dair saxta sənəd almaqda ittiham olunan bir neçə həkimlə əlaqə saxladıq.

Onlardan bir neçəsi Bizim.Media-ya tələb olunan sənədləri nazirliyə təqdim etsələr də, nəticə barədə onlara bir məlumat verilmədiyini bildiriblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.