Qiymətli "kağız"... "Təhsil aldığı ixtisas üzrə biliyi olmayan məzunun magistr diplomu da "iş"ə yaramaz"
18-02-2025, 12:14

Ötən gün Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (1-ci cəhd) keçirib. İmtahan Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda ümumilikdə 85 binada təşkil olunub. İmtahanda iştirak üçün 21 min 926 bakalavr ərizə təqdim edib.
Magistr təhsili önəmlidirmi?
Magistr məzunu olmaq hansısa sahədə iş imkanı, vəzifə yüksəlməsi və ya maaş artımına müsbət təsir edirmi?
Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, magistr təhsili bakalavr təhsilinin daha dərinləşmiş pilləsidir: “Magistr təhsilli məzunlarını öz ixtisasını daha dərin formada bilən, eyni zamanda bakalavr təhsilindən daha üstün bacarıq və səriştələr əldə etmiş məzun olaraq görürük. Maaş artımında bakalavr təhsili və ya magistr təhsilinin bir fərqi yoxdur. Çünki vəzifə təsnifatı üzrə maaşlara münasibət mövcuddur. Magistr təhsilli məzun əgər daha yaxşı təhsil alıbsa və magistr təhsili aldığı müddətdə dərin biliklərə yiyələnibsə müqayisədə əmək bazarında tələblər nəzərə alınmaqla onun daha karyera yüksəlişində irəliləyişi daha böyük olur. İstər bakalavr təhsilli məzun olsun, istər magistr təhsilli məzun olsun, şəxs öz ixtisasını yaxşı bilməlidir. Yaxşı oxumalı, öz ixtisası üzrə bilikləri, bacarıqları əldə etməlidir. Mənim bakalavr diplomum var və yaxud magistr diplomum var, amma əldə etdiyim biliklər yoxdursa, təbii ki, mən əmək bazarında rəqabətə davam gətirə bilməyəcəm və burada hansısa karyera yüksəlişindən də söhbət gedə bilməz”.
İlqar Orucov qeyd edib ki, bacarıq və səriştələr də çox önəmlidir. Yəni təkcə diplomun olması şərt deyil, şərt həm də yaxşı biliyə və yaxşı bacarığa malik olmaqdır. Şəxs daim öz ixtisası üzrə yenilikləri öyrənməyə açıq olmaqdır.
Ekspert hesab edir ki, magistr təhsilinin yalnız o zaman üstünlüyü var ki, şəxs ixtisası üzrə aldığı təhsil pillələrindəki biliklərə yiyələnib. Çünki magistr təhsili zamanı o daha dərin biliklər alır və təbii ki, daha üstün olur.
“Bir kağız parçası olan diplomla təhsil səviyyəsi ölçülmür. İnsanın bilik və bacarıqları olmalıdır. Bəzən biz görürük ki, diplom yetərli deyil. Bəzən şəxslər imtahanın xətrinə oxuyur və zamanını keçirir. Bütövlükdə ixtisas üzrə həmin proqramın məzmunu yaxşı mənimsəmir. Bu zaman onun üçün problemlər olacaq”-deyə İlqar Orucov bildirib.
İradə Cəlil, Bizimyol.info