Azərbaycanda saytlar və internet resursları kifayət qədər yaxşı qorunmur - GÖRÜNƏNİ BUDUR
Dünən, 17:31

2024-cü il ərzində dövlət qurumlarının informasiya resurslarına “AzStateNet” şəbəkəsi üzrə 814,370,000 zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 4,480,400 zərərverici, həmçinin "Sandbox" mühafizə sistemi vasitəsilə isə 195,082 zərərverici tərkibli elektron sənəd blok edilib.
Bu barədə “APA-Economics” Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə istinadən xəbər verir.
Qeyd edilib ki, bununla yanaşı kiberkəşfiyyat imkanlarından istifadə etməklə ötən il ərzində dövlət qurumlarının domenlərinə bənzədilmiş 100 saxta domen aşkarlanaraq bloklanması həyata keçirilib.
2024-ci il ərzində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən kiberhücumların analizi nəticəsində 1,069 kiberhücum indikatoru müəyyən edilib. Sözügedən kiberhücum indikatorlarının bloklanması nəticəsində dövlət qurumlarına qarşı hazırlanmış və xüsusi hədəflənmiş APT kiberhücumlarının qarşısı alınmışdır. Bu kibertəhdidlərin 550-si Xidmətin apardığı monitorinq nəticəsində, 520-si isə dövlət qurumlarının müraciətləri əsasında müəyyən olunub.
Sözügedən dövr ərzində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən dövlət qurumları üçün yaradılmış dövlət elektron poçt xidmətində 30,255,757 elektron poçt emal edilmişdir ki, onlardan 28,142,767-I istifadəçilərə çatdırılmış, 2,112,990-ı zərərli tərkibli olması müəyyənləşdirilməklə blok edilib.
2024-cü il ərzində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən aparılan audit yoxlamaları və monitorinq nəticəsində dövlət qurumlarının 857 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanaraq, aradan qaldırılması üçün müvafiq bildirişlə dövlət qurumlarına göndərilmişdir. Müqayisə üçün qeyd edək ki, 2023-ci ilin eyni dövrü ərzində dövlət qurumlarında aparılan audit/pentest yoxlamaları və monitorinqlər nəticəsində 553 dövlət informasiya sistemində təhlükəsizlik boşluqları və nöqsanları aşkar edilərək aradan qaldırılması təmin edilib.
Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov isə “Sherg.az”a açıqlamasında bildirib ki, hər il mütəmadi olaraq bir neçə rübdə kibertəhlükəsizlik üzrə boşluqlar ölkəmizdə statistika formasında verilir:
“Bu boşluqlar növbəti haker hücumlarına şərait və zəmin yarada bilər. Amma ki, bu dövlət qurumlardakı boşluqlar özəl sahəni əhatə etmir. Bu günün aktuallığı özəl sahələrlə bağlıdır. Azərbaycanda informasiya agentliklərinin ona yaxın kiber hücuma məruz qalaraq girişləri bağlanmışdır. Kiber hücumlar nəticəsində onların saytlarına radikal dini qruplar tərəfindən elanlar yerləşdirilmişdir. Bu müstəviyə baxanda görünür ki, Azərbaycanda saytlar və internet resursları kifayət qədər yaxşı qorunmur. Eyni vaxtda ona yaxın bir sayta hücum etmək, bu o deməkdir ki, kifayət qədər böyük boşluqlar var və onların həm kadr ehtiyatlarından düzgün istifadə etmədikləri, həmçinin də özlərini dövrün tələblərinə uyğun olaraq qorumadıqları aşkarlanır. Təbii ki, kiber sahədə yüzdə yüz özünüqoruma anlayışı yoxdur, amma 99 faiz qoruya bilərik. Çünki artıq bizim kifayət qədər seçimlərimiz və yaxşı kadrlarımız var. Azərbaycanda kibertəhlükəsizlik sahəsində şirkətlər mövcuddur. Məncə, şirkətlərimiz digər sahələrdə fəaliyyət aparan, həmçinin də informasiya agentlikləri şirkət daxili informasiya təhlükəsizliyini və kibertəhlükəsizliyini qorumaq üçün daha təkmil addımlar atmalıdırlar”.