Bakı Moskvaya mesaj verir ki, biz dost, müttəfiq ola bilərik... - amma mən sənin kiçik qardaşın deyiləm
Dünən, 17:47

Ötən il dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-ın sərnişin təyyarəsinin raketlə vurulmasından sonra Azərbaycan-Rusiya münasibətlərində yaranan gərginlik davam edir. Təyyarə insidenti ilə bağlı Azərbaycan tərəfi Rusiya qarşısında üç şərt qoyub: təyyarənin vurulmasına görə üzr istənilməsi, cinayətkarların cəzalandırılması və kompensasiya ödənilməsi. Rusiya tərəfi isə hər vəchlə təyyarənin raketlə vurulmasını boynuna götürmür, eyni zamanda, Bakının tələblərindən ikisini – günahkarların cəzalandırılmasını və kompensasiya tələbini yerinə yetirmir.
Əvəzində Rusiya mediasında anti-Azərbaycan təbliğatı aparılmaqdadır. Bu isə münasibətlərdə gərginliyi pik həddə çatdırıb. Artıq tərəflər qarşılıqlı addımlar atırlar. Məsələn, Rusiya tərəfi “miqrant kartı”nı gündəmə gətirir və ictimai-siyasi şəxslər bununla manipulyasiya etməkdədirlər. Azərbaycanlıların Rusiyadan deportasiya edilməsi gündəmə gətirilməkdədir. Azərbaycan tərəfi isə Bakıdakı “Rus Evi”nin fəaliyyətini dayandırmaqla, “Sputnik” İnformasiya Agentliyinin fəaliyyətini məhdudlaşdırmaqla cavab addımı atıb. Eyni zamanda, əksər ekspertlər Rusiyaya qarşı başqa addımların atılmasını da zəruri hesab edirlər.
Yeri gəlmişkən, təyyarəmizin qəzaya uğraması ilə bağlı istintaq hesabatı 2025-ci ilin dekabr ayına qədər hazır olacaq. Bu barədə Qazaxıstanın nəqliyyat nazirinin müavini Talqat Lastaev açıqlama verib: “Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) tələblərinə və tövsiyə olunan təcrübələrinə uyğun olaraq, istintaq bir il davam edir. Buna görə də, 2025-ci ilin dekabr ayına qədər yekun istintaq hesabatı tamamlanacaq”.
İki ölkə münasibətlərindəki gərgin situasiyanı AYNA-ya müsahibəsində şərh edən Moskvada yaşayan azərbaycanlı politoloq, beynəlxalq münasibətlər üzrə ekspert, Rusiya Xalqlar Dostluğu Universitetinin dosenti Anar Həsənov məsələyə bir qədər fərqli yanaşır:
- İki ölkə münasibətlərindəki gərginlik sadəcə mətbuat müstəvisindədir. Yəni ki, informasiya məkanında bəyanatlar verilir. Bu gərginlik Rusiya və Azərbaycan rəhbərliyi arasında yaşanmır. Azərbaycan və Rusiyanı idarə edən siniflər arasında gərginlik müşahidə edilmir. Pərdə arxasında dialoq var, konstruktiv danışıq var. Ən əsası, pərdə arxasında Rusiya tərəfindən Azərbaycanın qadağalarına münasibətdə anlayış mövcuddur. Ona görə belə hesab edirəm ki, analoji hal başqa dövlətlərdə, məsələn, Moldovada baş verəndə biz fərqli yanaşma müşahidə etdik.
Mən Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Moldova “Rus Evi”nin bağlanması ilə bağlı açıqlamasını xatırlatmaq istəyirəm. Azərbaycanda “Rus Evi” bağlananda isə biz Rusiyanın qıcığını görmədik. Rusiya tərəfi bəyan etdi ki, bu məsələni dialoq yolu ilə həll etməyə hazırdır. Demək istədiyim odur ki, fərqi hiss etməli və görməyi bacarmalıyıq. Fərqi görə bilmiriksə, qaranlıq otaqda qara pişik axtarmamalıyıq.
- Yəni ki, siz loyal yanaşma tərəfdarısınız...
- Loyal yanaşma demirəm, sadəcə Rusiyanın Azərbaycanın addımlarına yanaşmasının digər ölkələrə yanaşmasından fərqləndiyini demək istəyirəm. Ona görə “anlayış var” deyirəm ki, Azərbaycan tərəfinin demarşının arxasında üçüncü qüvvə dayanmır və bunu Rusiya yaxşı başa düşür. Rusiyada bilirlər ki, Azərbaycanın atdığı addımların arxasında üçüncü qüvvə yoxdur. Əgər bu addımlar Ermənistan, Moldova, yaxud Ukrayna tərəfindən atılırsa, Moskva dərhal bunun arxasında üçüncü qüvvənin dayandığını anlayır. Azərbaycan isə diktə ilə davranmır. Bu da Rusiyanın anlayışına gətirir, Moskvada qıcıq yaratmır.
Baş verənlərin arxasında dayanan amillərə gəlincə, hesab edirəm ki, yaxın zamanlarda Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında yeni dünya düzəni ilə bağlı sövdələşmə dayanır proseslərin arxasında. Sövdələşmədən əvvəl Azərbaycan həm Amerikaya, həm də Rusiyaya mesaj göndərir ki, “mənim taleyim həmin masa arxasında mənim iştirakım olmadan müzakirə edilə bilməz”. Xüsusən də, Azərbaycan Rusiyaya mesaj göndərir ki, “biz dost və tərəfdaş dövlətik, mən sənin kiçik qardaşın deyiləm, müttəfiq və dost ola bilərik, amma digər statusa iddialı olma”.
Azərbaycanın bu mövqeyi yerindədir. Dost dövlətlər arasında “kiçik qardaş”, “böyük qardaş” anlayışı olmamalıdır. Yəni Azərbaycanın qətiyyətli addımlarının arxasında dayanan amil hər iki dövlətə göndərilən mesajdır. Düşünmürəm ki, gərginlik təyyarə qəzası ilə bağlıdır. Bunun arxasında yeni dünya düzəni ilə bağlı Azərbaycanın həm ABŞ-a, həm Rusiyaya, həm də Çinə göndərilən mesajları dayanır. Konkret deyilir: “biz obyekt deyilik, subyektik”. Hesab edirəm ki, Rusiyada bunu çox gözəl anlayırlar və Bakının mövqeyinə hörmətlə yanaşırlar.
- Məlumdur ki, Azərbaycanın təyyarə hadisəsi ilə bağlı Rusiyadan tələbləri var. Moskva isə bu tələblərin yerinə yetirilməsindən yayınır. Bunun səbəbi nədir?
- Bu ilin dekabrında hadisə ilə bağlı son söz deyiləcək. Qazaxıstan tərəfi istintaq hesabatının dekabradək hazır olacağını açıqlayıb. Məlum olsa ki, bu hadisədə Rusiya tərəfi günahkardır, o zaman Azərbaycanın haqqı ödəniləcək, tələbləri yerinə yetiriləcək. Yəni ki, yekun hesabat bu ilin dekabrında veriləcək. Düşünürəm ki, istintaqın son nəticəsini gözləmək daha yaxşıdır. Həm də vaxt məsələsi var. Düzdür, zaman heç də problemi həll etmir, amma hissləri soyudur, əsəbləri sakitləşdirir, gərginliyi azaldır. Bu mənada, məsələnin zamana buraxılması daha müdrik addım olar.
- Sizcə, hazırkı gərginlik nə qədər davam edəcək?
- Yenə deyirəm, münasibətlərin gərginliyi ancaq ictimai, yəni mətbuat müstəvisindədir. Ölkəni idarə edənlər arasında gərginlik yaşanmır. Hakimiyyətlər arasında konstruktiv dialoq var. Təbii ki, mətbuat müstəvisində olan gərginlik yeni mərhələ ilə bağlıdır. Müharibə dövründə də, postmüharibə dövründə də müşahidə edilib. Bəzən bunun arxasında dövlətlər dayanmır, şəxsi təşəbbüslər olur. Bəzi jurnalistlər peşə etikasını pozurlar. Söhbət hər iki tərəfdə olan media əhlindən gedir. Azərbaycana qarşı təbliğat aparan jurnalistlərin arxasında hər zaman Kreml dayanmır axı. Yəni bu gərginlik həm də jurnalistlərin öz peşə borcunu yerinə yetirdiyi zaman buraxdığı səhvlərdən irəli gəlir. Biri var dissidentlik, nəyisə tənqid etmək, bir də var söyüşdən istifadə etmək. Bunlar fərqlidir. Hərənin öz səviyyəsi var. Ona görə də, hesab edirəm ki, gərginlik yoxdur. Yenə deyirəm, Azərbaycanın addımlarına Rusiya tərəfində rəsmi səviyyədə anlayışlı yanaşma var. Bəli, Valuyev nəsə deyə bilər, başqası nəsə danışa bilər. Amma heç də hamının mövqeyinin arxasında dövlət dayanmır. Bəzən insanların özlərinin də şəxsi təşəbbüsü olur.
- Rusiyadan azərbaycanlıların deportasiyası gündəmə gətirilib. Bu, realdırmı?
- Məsələni bu kontekstdə dəyərləndirmək doğru deyil. Nəticəyə və addımlara baxmaq lazımdır. Bu məsələni media şişirdir. Kimsə hansısa çağırış edə bilər, amma bu çağırışı rəsmi mövqe kimi qiymətləndirmək doğru deyil. Rusiyada Azərbaycan mərkəzləri var, hansı bağlandı? Heç biri. Hansı azərbaycanlı ictimai fəalın pasportu əlindən alınıb? Belə hal yoxdur. Ümumiyyətlə, hansı miqrant deportasiya edildi? Biz bunu görmürük və şükür ki, görmürük. Rusiya dövləti Azərbaycanın addımlarına anlayışla yanaşır.
Əslində Rusiya öz ərazisində miqrasiya ilə bağlı qanunları mükəmməlləşdirir. Siz buna sərtləşdirmə, biz mükəmməlləşdirmə deyir. Mən sual verirəm: xoşunuza gələrmi ki, Azərbaycanda Çindən, Banqladeşdən, Pakistandan, Ərəbistandan əmək miqrantları gəlib işləsinlər? Hətta, turist kimi gələndə də bu, sizlərdə qıcıq yaradır. Mən Azərbaycanda turistlər haqqında mənfi fikirlər çox eşitmişəm. İndi sual verirəm: Rusiya öz ərazisindən qeyri-qanuni miqrantları çıxarırsa, bu, miqrasiya qanunlarını normaya salmaqdır, yoxsa düşmənçilikdir? Söhbət ondan gedir ki, Rusiyada qanuni yaşayan azərbaycanlılara heç bir təzqyiq yoxdur. Sərtlik sadəcə qanunu pozanlaradır. Düşünürəm ki, Azərbaycanda qanunsuz yaşayan banqladeşliləri bölməyə sığallayaraq gətirmirlər, onlarla da sərt davranırlar.