Putin-Tramp razılaşması: Sülhə doğru addım, yoxsa geosiyasi tamaşa? - İNCƏLƏMƏ

Bu gün, 08:27           
 Putin-Tramp razılaşması: Sülhə doğru addım, yoxsa geosiyasi tamaşa? - İNCƏLƏMƏ
Kremlin məlumatına görə, Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Tramp ilə telefon danışığı zamanı Ukrayna və Rusiyanın enerji infrastrukturuna zərbələrin 30 gün müddətinə dayandırılması təklifini dəstəkləyib. Məlumatda qeyd olunur ki, Putin hərbi komandanlığa artıq müvafiq göstərişlər verib.

Bundan əlavə, Moskva “xoş niyyət jesti” olaraq 23 ağır yaralı ukraynalı hərbçini Kiyevə təhvil verməyə və “175-in 175-ə” formatında əsir mübadiləsi aparmağa razılıq verib.

Danışıqlarda müzakirə edilən mövzulardan biri də Kursk vilayətindəki vəziyyət olub. Vladimir Putin ABŞ prezidentinin orada mühasirəyə düşən Ukrayna hərbçilərinin həyatını qorumaq çağırışını nəzərə alaraq, Rusiyanın “humanitar mülahizələrə” əsaslanmağa hazır olduğunu vurğulayıb. O, Ukrayna Silahlı Qüvvələrinin təslim olan hərbçilərinə həyat və ləyaqətli münasibətin təmin olunacağını vəd edib.

Bundan başqa, Rusiya prezidenti münaqişənin dinc yolla həlli yollarının axtarışına sadiq olduğunu bildirib və mümkün həll variantlarını ətraflı nəzərdən keçirmək üçün ABŞ tərəfi ilə birgə işləməyə hazır olduğunu qeyd edib. Lakin Putin vurğulayıb ki, istənilən razılaşma hərtərəfli, uzunmüddətli olmalı və Rusiyanın təhlükəsizlik sahəsində “qanuni maraqlarını” nəzərə almalıdır.

Kremlin məlumatına görə, hər iki lider Rusiya-Amerika münasibətlərinin normallaşdırılmasında qarşılıqlı maraqlı olduqlarını bildiriblər.

Ağ Ev də Tramp və Putin arasında əldə olunan razılaşmaları təsdiqləyib və Ukrayna və Rusiyanın enerji infrastrukturlarına hücumların müvəqqəti dayandırılması barədə razılığa gəlindiyini bəyan edib. Bundan əlavə, Vaşinqton Qara dənizdə “dəniz razılaşması” ilə bağlı “texniki danışıqların” başlanması və tam miqyaslı atəşkəsin mümkünlüyü ilə bağlı anons verib. ABŞ administrasiyası qeyd edib ki, bu danışıqlar ən qısa zamanda Yaxın Şərqdə başlayacaq.

Vaşinqton həmçinin Rusiya və ABŞ arasında ikitərəfli münasibətlərin yaxşılaşdırılması perspektivinin son dərəcə vacib olduğunu vurğulayıb. Bəyanatda Moskva və Vaşinqtonun yaxınlaşmasının “geniş iqtisadi imkanlar açdığı” və “sülh əldə edildikdən sonra qlobal geosiyasi sabitliyə” töhfə verdiyi qeyd olunub.

Tramp və Putin strateji silahların yayılmasının məhdudlaşdırılması məsələlərini də müzakirə ediblər və bu məqsədin həyata keçirilməsi üçün digər ölkələrlə əməkdaşlıq etmək barədə razılığa gəliblər. Ağ Ev əlavə edib ki, “hər iki lider İranın İsraili məhv etmək imkanına malik olmamalı olduğu fikrini bölüşür”.

Burada ortaya bir neçə vacib sual çıxır. Kreml və Ağ Evin Putin və Tramp arasında danışıqlarıla bağlı açıqlaması fonunda bu danışıqlar nə dərəcədə effektiv görünür? Ukrayna həqiqətən də 30 gün ərzində enerji infrastrukturuna hücumlardan xilas ola bilərmi? Bu cür şifahi razılaşmaların icra mexanizmi necədir? Yoxsa deyilənlərə inanmağa dəyməz?

Eyni zamanda, tərəflər İran və İsrail məsələsi də daxil olmaqla bir sıra mövzulara toxunublar. Danışıqlar bir neçə saat davam edib. Bu danışıqlar zamanı Cənubi Qafqaz məsələləri də müzakirə oluna bilərdimi? Gürcüstanla hələ də həll olunmamış ərazi problemləri, Ermənistan rəhbərliyinin Qərbyönlü ritorikası və Bakı ilə İrəvan arasında Moskvanın vasitəçiliyi olmadan sülh müqaviləsinin imzalanmasına doğru addımlar atıldığı bir zamanda Putin regionda mövcudluğunu qoruyub saxlamağa çalışır. Tramp Putinə Cənubi Qafqazla bağlı nəsə deyə bilərdimi?

Ukraynanın keçmiş informasiya siyasəti nazirinin müavini, Postinformasiya Cəmiyyəti İnstitutunun direktoru, Kiyev-Moqilyansk Akademiyasının müəllimi Dmitro Zolotuxin Pressklub.az-a açıqlamasında bu məsələlərlə bağlı fikirlərini bölüşüb.

“Məsələlər olduqca mürəkkəbdir. Buna görə də, gəlin, proseslərin forması və məzmununu müəyyən edək. İlk növbədə, danışıqların forması barədə danışarkən qeyd etmək lazımdır ki, Vladimir Putin “KQB”-dəki keçmişinin ona Trampın qarşısında teatr oyunu qurmağa imkan verəcəyinə tam əmindir. Axı keçmişdə onun bunu uğurla bacardığı iddia olunur.

Buna görə də, Rusiyanın bütün addımları tamamilə gözlənilən oyun, teatr tamaşasıdır. Putin kartları qarışdırır və konkret nəticə əldə etməyi gözləmədən mərcləri artırır. Putinin bütün təklifləri bəyan edilən məqsədlərdən fərqli hədəflərə malikdir və gələcəkdə də belə olacaq.

Danışıqların məzmununa gəldikdə isə gündəliyi Donald Tramp formalaşdırır. O, seçicilərinə müharibəni dayandıracağına söz verib. Hərçənd, müsahibələrindən birində “müharibəni 24 saata dayandırmaq” vədinin sarkazm olduğunu desə də, danışıqları konkretləşdirmək onun maraqlarına uyğundur. Bununla belə, hələlik Putin öz manevrləri ilə prosesin bu istiqamətə yönəlməsinə imkan vermir.

ABŞ prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində yazıb ki, Vladimir Putinlə telefon danışığı zamanı “enerji və infrastruktur obyektlərinə hücumların dərhal dayandırılması” barədə razılıq əldə olunub. Lakin bu söhbətdən cəmi bir neçə saat sonra Putin Ukraynanın yaşayış məntəqələrinə hava hücumları ilə cavab verdi. Buça və Qostomel rayonları bombalandı, Slavansk və Kramatorsk şəhərlərinə zərbələr endirildi, nəticədə Slavanskin bir hissəsi işıqsız qaldı. Sumı şəhərindəki xəstəxanaya da raket hücumu təşkil edildi. Eyni zamanda, Kiyev, Jitomir, Sumı, Çerniqov, Poltava, Xarkov, Kirovoqrad, Dnepropetrovsk və Çerkassı vilayətlərinin üzərində kamikadze dronlar peyda oldu.

Putin telefon danışığı zamanı ABŞ və Ukrayna nümayəndə heyətlərinin martın 11-də Ciddədə razılaşdırdıqları tam miqyaslı atəşkəs təklifini faktiki olaraq rədd edib. Zelenskinin sözlərinə görə, “Rusiyanın sülh istədiyini” ən yaxşı şəkildə statistika göstərir: Ciddə danışıqlarından sonra Rusiya Ukraynaya qarşı 1342 idarə olunan hava bombası, 8 raket, 580 kamikadze dronu, 44 “Lancet” tipli dron və 250 digər zərbə həyata keçirib.

Martın 19-na keçən gecə Ukrayna Hərbi Hava Qüvvələri Tramp və Putinin telefon danışığından sonra Rusiyanın həyata keçirdiyi hücumun miqyaslarını açıqlayıb: 2 “İskəndər-M” raketi, 4 S-300 raketi, 145 kamikadze dronu və 56 “saxta hədəf” dronu buraxılıb.

Bu rəqəmlər və hadisələr aydın şəkildə göstərir ki, kim sülhə can atır, kim isə proseslə manipulyasiya edərək dinc əhalinin qətlini və Avropa ölkəsinin terror olunmasını davam etdirmək istəyir.

Tam miqyaslı atəşkəs əvəzinə yalnız enerji infrastrukturuna hücumların dayandırılması təklifi irəli sürüldü. Halbuki Ukrayna tərəfi əvvəlcə hava və dəniz hücumlarının tamamilə dayandırılması təklifində israr edirdi. Ukrayna ABŞ-ın sülhyaratma təşəbbüslərini dəstəkləyərək atəşkəsə razılıq verdi. Lakin Putin ilkin təklifləri belə qəbul etmədi və yalnız enerji infrastrukturu ilə bağlı məhdud atəşkəs variantını irəli sürdü. Başqa sözlə, yaşayış evləri və xəstəxanalara hücumlar onun üçün prioritet olaraq qalır”, - institut direktoru hesab edir.

Eyni zamanda, o, qeyd edib ki, Rusiya üçüncü ildir Ukraynanın enerji infrastrukturuna hücumlar təşkil etsə də, bu ona heç nə vermir. “Qış başa çatdı. Son üç ayda, ənənəvi raket hücumları və lokal enerji kəsintilərindən başqa, enerji sektorunda heç bir ciddi insident baş vermədi. Bu andan etibarən Rusiyanın Ukraynanın enerji sisteminə zərbələri tamamilə mənasız olur. Ukraynada kifayət qədər enerji istehsalı və paylanması var, bu da Rusiyanın terror hücumlarını neytrallaşdırır.

Eyni zamanda, Rusiya energetikası, xüsusilə yanacaq-enerji kompleksi çöküşün astanasındadır. Buna görə də, Putin enerji sektoruna zərbələrin dayandırılması təklifini öz ölkəsini tənəzzüldən xilas etmək üçün irəli sürür.

Moskva “hamının hamıya” prinsipi ilə əsir mübadiləsi aparmaq əvəzinə, artıq Ukrayna tərəfindən irəli sürülmüş “175-in 175-ə” formatında mübadilə təklif etdi. Ukrayna prezidenti axşam müsahibəsində qeyd edib ki, bu mübadilə uğurla həyata keçirilib və Tramp və Putinin bu prosesə heç bir töhfəsi olmayıb.

Rusiya tərəfi ukraynalıların qətliamının dayandırılması istiqamətində real addımlar atmaq əvəzinə, İranın vəziyyətindən tutmuş beynəlxalq hokkey turnirlərinə qədər bir çox ikinci dərəcəli məsələləri müzakirəyə daxil edərək prosesi yayındırmağa çalışır. Moskva bununla ölkənin beynəlxalq izoliyasiyasını aradan qaldırmaq istəyir.

Yaxın Şərqdə əməkdaşlıq məsələsi, eləcə də İran, Çin və Hindistan kontekstində qarşılıqlı əlaqələr həqiqətən əsas mövzulardan biridir. Lakin Putin bunu yalnız Trampı çaşdırmaq üçün istifadə edir və regionda real məqsədlərə nail olmağa çalışmır.

Rusiya biznesmenləri ilə bağlı qapılar arxasında görüşən Putin bildirib ki, danışıqlar zamanı Krım, Xerson, Zaporojye, Donetsk və Luqansk vilayətlərinin Rusiyanın tərkib hissəsi kimi tanınmasını tələb edəcək. Guya bunun qarşılığında Odessa və digər ərazilərdən imtina edə bilər.

Faktiki olaraq, Ukrayna tərəfinin ABŞ-ı xəbərdar etdiyi ssenari baş verdi: Rusiya nə sülhə, nə də atəşkəsə hazır deyil. Əksinə, Rusiya mediası yeni ərazilərin tutulması, Ukraynanın zəiflədilməsi və Qərbin hərbi dəstəyinin dayandırılması barədə təbliğat aparmağa başlayıb. Bununla belə, Donald Tramp FOX News-a verdiyi müsahibəsində qeyd edib ki, Putinlə söhbət zamanı Ukraynaya Qərb yardımı məsələsi ümumiyyətlə müzakirə olunmayıb.

Son 10 ildə Putin ona olan bütün etibarı itirib. Buna görə də onun Odessa, yaxud enerji infrastrukturu ilə bağlı verdiyi hər hansı vədlər ciddiyə alınmayacaq. Tramp isə əksinə, böyük və gözəl sövdələşmələr axtarır. Bunu bilən Putin söhbəti istənilən mövzuya yönəltməyə çalışacaq – istər hokkey olsun, istərsə də İrəvan.

Yerdəki vəziyyət və real hadisələr (o cümlədən Cənubi Qafqazdakı proseslər) Putin üçün həmişə ikinci dərəcəli və məzmunsuz olacaq, yetər ki, o, təsirini davam etdirə bilsin”, - deyə Zolotuxin yekunlaşdırıb.

Pressklub.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.