Məktəblər publik hüquqi şəxsə çevrilərsə… –Müsbət və mənfi tərəfləri
10-04-2025, 11:28

“Məktəblərin publik hüquqi şəxsə çevrilməsi idarəetmə baxımından bir çox üstünlük yaradır. Məktəb direktorlarının qərarvermə səlahiyyəti genişlənəcək, müəllim seçimi və işə qəbul prosesi daha çevik və şəffaf əsaslarla həyata keçiriləcək”.
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov məktəblərin publik hüquqi şəxsə çevrilməsi ilə bağlı təklifi şərh edərkən deyib.
Onun sözlərinə görə, bu dəyişikliklər təhsilin idarəetməsində daha çox nəticəyönümlü yanaşmanın formalaşmasına zəmin yaradacaq:
“Publik hüquqi şəxslər büdcə planlamasında sərbəst olduqları üçün təchizat, infrastruktur, ixtisasartırma tədbirləri kimi istiqamətlər üzrə prioritetləri məktəbin spesifik ehtiyaclarına uyğun müəyyənləşdirə biləcəklər. Eyni zamanda, bu prosesin mənfi tərəfləri də gözardı edilməməlidir. Hüquqi və maliyyə müstəqilliyi o zaman effektiv olacaq ki, məktəbləri idarə edən şəxslər bu sahədə zəruri bilik və bacarıqlara malik olsunlar. Mövcud direktor korpusunun əksəriyyəti pedaqoji təcrübəyə malik olsa da, menecment, hüquq və maliyyə idarəçiliyi sahəsində ciddi boşluqlar mövcuddur. Əgər bu boşluqlar aradan qaldırılmasa, publik hüquqi şəxs modeli yalnız formal islahat kimi qalacaq və məktəblərin real idarəetmə keyfiyyətinə təsir etməyəcək. Bu səbəbdən məktəb rəhbərləri üçün yeni sertifikatlaşdırma və ixtisasartırma proqramlarının hazırlanması, xüsusilə menecment və ictimai idarəetmə sahəsində təlimlərin keçirilməsi vacibdir”.
Ekspert əlavə edib ki, publik hüquqi şəxs modelinin bərabər imkanlara mənfi təsir riski də nəzərə alınmalıdır:
“Şəhər məktəbləri sponsorlar və layihələr hesabına əlavə maliyyə resursları cəlb edə bildiyi halda, ucqar və kənd məktəbləri bu imkanlardan məhrum qala və bu zaman məktəblər arasında sosial və maliyyə uçurumu dərinləşə bilər. Bu fərqin aradan qaldırılması üçün dövlət tərəfindən əlavə subsidiyalar və ya regionlararası tarazlaşdırıcı mexanizmlərin tətbiqi zəruridir. Müəllimlərin əmək hüquqları məsələsi də xüsusi diqqət tələb edir. Publik hüquqi şəxs modelində müəllimlərin müqavilə əsasında işə götürülməsi onların sabitlik və sosial təminat baxımından narahatlığına səbəb ola bilər. Bu baxımdan yeni model tətbiq edilərkən müəllimlərin sosial müdafiəsi, staj və pensiya hüquqları tam şəkildə qorunmalı, qanunvericilikdə bu istiqamətdə konkret təminatlar öz əksini tapmalıdır”.
Kamran Əsədov deyir ki, məktəblərin publik hüquqi şəxsə çevrilməsi ilə yanaşı, ictimai nəzarət və hesabatlılıq mexanizmləri də mütləq qurulmalıdır:
“İllik fəaliyyət hesabatlarının ictimaiyyətə açıqlanması, valideyn icmaları və müşahidə şuralarının hüquqi statusa malik olması, yerli ictimaiyyətin qərarvermədə iştirakı bu mexanizmlərin əsas elementi olmalıdır. Əks halda müstəqil idarəetmə şəffaflığa deyil, qapalı və nəzarətsiz strukturların formalaşmasına gətirib çıxara bilər. Bütün bu amilləri nəzərə alaraq məktəblərin publik hüquqi şəxsə çevrilməsi prosesi təkcə status dəyişikliyi ilə məhdudlaşmamalı, bu sistemə keçidi təmin edən kompleks hüquqi, institusional və maliyyə islahatları ilə müşayiət olunmalıdır. İdarəetmədə peşəkarlığın artırılması, maliyyə resurslarının bərabər bölüşdürülməsi, sosial ədalət prinsipinin qorunması və şəffaflıq – bu modelin uğurla tətbiq olunmasının əsas şərtləridir”.
Kamran Əsədov hesab edir ki, məktəblər publik hüquqi şəxs statusuna malik olarsa və adambaşına maliyyələşmə modeli tətbiq edilərsə, şagird başına ayrılan vəsait daha şəffaf, məqsədyönlü və effektiv şəkildə istifadə edilə bilər:
“Belə modeldə məktəbin gəlirləri şagird sayına əsasən formalaşacaq. Bu məktəbləri daha çox şagird cəlb etmək, keyfiyyəti artırmaq və resurslarını düzgün yönəltmək üçün rəqabətə sövq edəcək, həm də idarəetmədə innovasiyaların tətbiqi üçün stimuldur”.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyi məktəblərin publik hüquqi şəxsə çevrilməsi təklifi ilə çıxış edib.