AYNA 9 ayda “SMCS” MMC ilə ikinci dəfə anlaşıd: 2.2 milyonluq hansı işlər görüləcək?
Bu gün, 17:14

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Bakı şəhərində dayanacaq pavilyonları quraşdıracaq.
Tribunainfo.az xəbər verir ki, bununla bağlı tenderin nəticəsi açıqlanıb.
Həmin nəticələrə əsasən AYNA Bakı şəhərinin küçə və prospektlərində sərnişinlərin avtobus gözləmələri üçün dayanacaq pavilyonlarının quraşdırılması işlərini reallaşdıracaq. “SMCS” MMC ilə bu məqsədlə 1 milyon 744 min 985 manatlıq satınalma müqaviləsi imzalayıb.
Araşdırmamız zamanı o da məlum olub ki, bu, AYNA ilə “SMCS” MMC arasında ilk tender anlaşması deyil. Belə ki, ötən ilin avqustunda da AYNA eyni məzmunlu tenderin qalibi olaraq sözügedən şirkəti göstərib. Həmin vaxt isə bu işlərə 500 min 907 manat pul ayırıb.
Qeyd edək ki, “SMCS” MMC 2018-ci ildə yaradılıb, nizamnamə kapitalı 88 500 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Cəfərov Mübariz Məhərrəm oğludur. Bundan əvvəl isə Ehtiram Heydərli Etibar oğlu olub. Hüquqi ünvanı AZ1111, Bakı şəhəri Nəsimi rayonu, Cavad Xan, ev 70, m. 19 ünvanında yerləşir.
Açıq mənbələr üzərindən apardığımı araşdırma zamanı o da bəlli olub ki, bu şirkət SM Construction Supplies MMC adı altında fəaliyyət göstərib. 2023-cü ilin sentyabr ayında isə adını dəyişərək indiki adı – “SMCS” adı altında fəaliyyət göstərməyə başlayıb.
MMC-nin əvvəlki qanuni təmsilçisi Heydərli Ehtiram Etibar oğlunun adı isə iki məhkəmə çəkişməsində keçir. Bunlardan biri Novruzov Azad Pərviz oğlunun avtomobilin geri alınması, digəri isə “Bank Standart”ın kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi əsasında baş tutan məhkəmə işidir. Ehtiram Heydərli hər iki işdə cavabdeh qismində çıxış edib. Birinci işdə iddia təmin edilsə də, ikincidə baxılmamış saxlanılıb.
Araşdırmamıza görə, “SMCS” MMC müxtəlif işlər üzrə milyonluq tenderlər udub. Belə ki, qalib şirkət yolların əsaslı təmiri işləri, elektrik təchizatının təmin olunması, inşaat materialları əlaqədar işlərin görülməsi, təmir-tikinti və.s kimi işlər üzrə vəzifələri icra edib. Bu şirkət 2024-cü ildə ümumilikdə 15 milyon 111 min 960 manat olan 11 tender udub.