"Yaxın günlərdə kənd təsərrüfatı və ərzaq məhsullarının qiymətlərində artım müşahidə edəcəyik"

3-11-2016, 19:49           
"Yaxın günlərdə kənd təsərrüfatı və ərzaq məhsullarının qiymətlərində artım müşahidə edəcəyik"
“Kənd Təsərrüfatı məhsullarının qiymətinin stabil olmamasının bir neçə səbəbi var”.

Bunu SalamNews-a açıqlamasında kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov deyib.

Mütəxəssis bildirib ki, qiymət artımını manatın dəyərdən düşməsi ilə əlaqələndirmək olmaz: "Azərbaycanda ümumiyyətlə əhalinin təlabatı qədər kənd təsərrüfatı məhsulu və ərzaq malları istehsal olunmur. Biz tələbatımızın 38 faizi qədər ət, süd, 60 faizi qədər yumurta, 35 faizi qədər toyuq əti istehsal edirik. Taxıla olan ehtiyacımızın isə 100 faizini idxalın hesabına ödəyirik. Hətta biz heyvandarlıqda istifadə olunan yem komponentlərini də xaricdən gətiririk. Əlbəttə, bu da heyvandarlıq məhsullarının maya dəyərinin baha olmasına gətirib çıxarır. Yəni Azərbaycan daxili istehsal hesabına ehtiyacını ödəyə bilmədiyi üçün bazarda problemlər yaranır. Təklif azdır, amma təlabat çoxdur.

Vahid Məhərrəmov bildirib ki, bu gün əhalinin alıcılıq qabiliyyəti zəifləyib: “Yəni təlabat nisbətən azalıb. Bu azalma getdikcə də davam edir. Paradoks ondan ibarətdir ki, bu gün Azərbaycanın istehsal etdiyi məhsul get-gedə azalır. İdxaldan asılı qalır. Bu ilin 9 ayı ərzində Türkiyədən idxal olunan ət 2 faiz, süd 60 faiz, tərəvəz 35 faiz artıb. Digər məhsulların - çay, şəkər, bitki yağlarının da idxalı xeyli çoxalıb. Göründüyü kimi, əsas kənd təsərrüfatı məhsullarının idxalı artıb. İdxal artıqca xərclər çoxalır."

V.Məhərrəmov qeyd edib ki, gömrük rüsumlarının artırılması ilə bağlı son qərardan sonra kənd təsərrüfatı məhsullarının qiymətində artım gözlənilir: "Bilirsiniz ki, gömrük xərcləri artırılıb. Təsəvvür edin, ölkəyə idxal olunan yumurtanın idxal dəyəri 3,8 sent olduğu halda, indi hər yumurta üçün 10 sent tələb olunacaq. Bu da idxal olunan məhsulların dəyərini kəskin şəkildə qaldırır. Hər kiloqram toyuq əti üçün 1 dollar vergi tələb olunur. Halbuki idxal olunan toyuq ətinin 1 kiloqramı 80 sentdir. Həm də süni olaraq qanunla, qaydalarla problem yaradılır ki, bu da kənd təsərrüfatı məhsullarının və ərzaq mallarının qiymətinə təsir göstərir. Mövsüm elədir ki, indi kənd təsərrüfatı məhsullarının istehsalı artıq mümkün deyil. Əgər varsa, soyuducu anbarlardadır. Bu da kənd təsərrüfatı məhsullarının qiymətinə təsir göstərir. Ümumilikdə biz yaxın günlərdə kənd təsərrüfatı və ərzaq məhsullarının qiymətlərində artım müşahidə edəcəyik. Bu da onunla bağlıdır ki, daxildə məhsul istehsal olunmur. Get-gedə də istehsal azalır. İdxal çoxalır. Bununla da manat dəyərdən düşür. Manat dəyərdən düşüdüyü üçün ölkəyə idxal olunan məhsul dollarla alınır. İstehsalçılara Azərbaycan manatı təklif olunanda qiymət artır. Təəssüf ki, qiymət artımı davam edəcək”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.