Trampın regionda hiyləgər gedişi – Bakı və İrəvan üzərindən görün nə edəcək
Bu gün, 17:38

Son zamanlar ABŞ-ın Cənubi Qafqazdakı proseslərə, xüsusən Bakı və İrəvan arasında davam edən sülh danışıqlarına yanaşması beynəlxalq siyasi arenada diqqət çəkir. Prezident Donald Tramp və Ağ Ev hökuməti mətbuata açıqlamalarında iki ölkə arasında sülhün çox yaxın olduğunu vurğulayır və bu prosesdə Ağ Evin rolunu xüsusi qeyd edirlər. Analitiklərin fikrincə, Tramp “Nobel” Sülh Mükafatını almağı hədəflədiyi üçün hazırda bu arzusuna yalnız Azərbaycan və Ermənistan arasındakı münaqişəyə son qoymaqla nail ola biləcəyini düşünür. Çünki Rusiya-Ukrayna, İran-İsrail kimi digər münaqişələrdə işlər onun gözlədiyi kimi getməyib.
Bakı və İrəvan arasındakı sülh Trampın arzularını reallaşdırması üçün kifayət edərmi? ABŞ prezidenti bu xəyalını Cənubi Qafqaz vasitəsilə həyata keçirə biləcəkmi?
Globalinfo.az-a danışan politoloq Vəli Əlibəyov deyib ki, Donald Tramp ilk prezidentliyi dövründə də “Nobel” Sülh Mükafatını almaq üçün əlindən gələni edirdi.
Politoloq qeyd edib ki, onun əsas arqumentlərindən biri “İbrahim razılaşmaları” adlanan sənəd idi:
“Bu layihə İsrail ilə bəzi ərəb ölkələri arasında münasibətlərin normallaşdırılmasına yönəlmişdi. Bununla yanaşı, Tramp Şimali Koreya lideri ilə də görüşlər keçirərək sülh təşəbbüslərini önə çıxarmağa çalışırdı. O hesab edirdi ki, belə addımlar Nobel Sülh Mükafatına layiq görülməsi üçün kifayətdir. Lakin Nobel Komitəsi bu səyləri kifayət qədər ciddi saymadı. İkinci prezidentlik dövründə də Tramp düşünür ki, nə olursa olsun, sülh mükafatını alacaq”.
Ekspert bildirib ki, Ağ Ev lideri hakimiyyətə gələn kimi Ukrayna-Rusiya müharibəsini iki gün ərzində dayandıra biləcəyinə ümid edirdi:
“Amma bu müharibənin qlobal xarakter daşıması və çoxsaylı beynəlxalq güc mərkəzlərinin maraqları onun planını puça çıxardı. Bir müddət əvvəl Hindistan və Pakistan arasında gərginlik yaşanmışdı və deyilənə görə, Trampın vasitəçiliyindən sonra tərəflər arasında atəşkəs əldə olunub. Eyni iddialar İran və İsrail arasında gərginlik zamanı da səsləndirilmişdi. Bildirilirdi ki, Tramp tərəflərlə təmasdan sonra münaqişənin səngiməsinə töhfə verib. İndi diqqətini Cənubi Qafqaza yönəldən Tramp, Azərbaycan və Ermənistan arasında 30 ildən çox davam edən münaqişənin sülh müqaviləsi ilə yekunlaşmasını siyasi kapitala çevirmək istəyir. Onun hesablamasına görə, bu razılaşmada ABŞ-ın, daha dəqiq desək, birbaşa öz adının çəkilməsi Nobel Sülh Mükafatı üçün mühüm əsas ola bilər”.
Politoloq vurğulayıb ki, reallıq bir qədər fərqlidir:
“Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistanla sülh danışıqlarını birbaşa, vasitəçi olmadan aparır. Hətta ABŞ-ın Minsk Qrupunun həmsədri kimi bu prosesdə indiyədək real rol oynamadığı vurğulanır. Hazırda Vaşinqtonun sülh prosesinə töhfə vermək üçün müəyyən cəhdləri müşahidə edilir. Mümkündür ki, ABŞ Ermənistan tərəfinə müxtəlif zəmanətlər verərək danışıqları stimullaşdırmaq niyyətindədir. Çünki İrəvan sülh müqaviləsi qarşılığında gələcəkdə Bakıdan zəmanət istəyir. Bundan başqa, bir neçə gün öncə ABŞ-ın hansısa özəl şirkətinin Zəngəzur dəhlizini icarəyə götürməsi və bu bölgədə təhlükəsizliyin təmin olunacağı ilə bağlı xəbərlər yayıldı”.
Vəli Əlibəyov əlavə edib ki, bütün bu addımlar Vaşinqtonun regionda daha aktiv görünmək istədiyini və Trampın Nobel arzularının hələ də gündəmdə olduğunu göstərir:
“Yaxın gələcəkdə sülh müqaviləsi imzalanarsa və bu prosesdə ABŞ-ın, xüsusilə də Trampın rolu təsdiqlənərsə, bu, onun Nobel mükafatı şanslarını artıra bilər. Əgər Vaşinqton eyni zamanda Rusiyanın regiondakı təsirini neytrallaşdıra bilsə, o zaman Trampın təşəbbüsləri region dövlətləri tərəfindən dəstəklənə bilər. Yox, bütün cəhdlər nəticəsiz qalsa, Trampın Nobel Mükafatına qovuşması real görünmür.”