Rusiyadan inanılmaz Qarabağ həmləsi: 17 illik taktika təkrarlanır? – Bu dəfə ermənilər…

Bu gün, 10:36           
Rusiyadan inanılmaz Qarabağ həmləsi:
Rusiya qondarma Abxaziya və Cənubi Osetiya Respublikalarından olan şəxslərə vətəndaşlıq verilməsi prosesini asanlaşdırıb. Artıq illərdir sözügedən şəxslərin Rusiya vətəndaşlığını alması üçün imkanlar genişləndirilir.

Paralel olaraq isə Qarabağdakı keçmiş qondarma rejimin erməni sakinlərin Ermənistandan xarici ölkələrə köçü artıb. Onların bir qisminin birdəfəlik Rusiyaya getdiyi bildirilir. Bu məsələ Bakı-Moskva gərginliyi fonunda bir sıra suallar doğurub. Artıq Kremlin əlində illərdir münaqişə vasitəsi olan Qarabağ problemi həll edilib, həmçinin Azərbaycanla Ermənistan arasında da sülh istiqamətində müsbət irəliləyiş var.

Maraqlıdır, Rusiya bu ölkəyə köçən Qarabağ ermənilərinə də vətəndaşlığın verilməsi prosesini asanlaşdıra, gələcəkdə onların Qarabağa qayıtması tələbini irəli sürə bilərmi?

Globalinfo.az-a danışan Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib ki, Abxaziya və Cənubi Osetiya uzun illər ərzində Gürcüstanın tərkibində olub:

“Bu separatçı rejimlər 2008-ci ildə Rusiyanın dəstəyi ilə Gürcüstanın tərkibindən ayrılaraq özlərini qondarma müstəqil dövlətlər elan etdilər. Təbii ki, Rusiya bu rejimi tanıdı, diplomatik əlaqələr quruldu, səfirliklər açıldı və onlara vətəndaşlıq verdi. Çünki bu ərazilər hansısa digər dövləti təmsil edə bilmirdi, heç bir dövlət tərəfindən tanınmırdı. Lakin həmin ərazilərin sakinlərinin səfər etmələri üçün pasporta ehtiyacları vardı.

Qarabağa gəldikdə isə, separatçı rejimin dövründə oranın sakinlərinin vətəndaşlığı ya Ermənistan Respublikası, ya da Rusiya Federasiyasına idi. Çünki “artsax”, yaxud “Qarabağ Respublikası” vətəndaşlığı mövcud deyildi, bu ərazilər heç bir dövlət tərəfindən tanınmırdı. Lakin fərq ondadır ki, biz Qarabağı tam olaraq işğaldan qurtardıq və suverenliyimizi bərpa etdik. Faktiki olaraq, onların Qarabağa Rusiya pasportları ilə qayıtmaları nonsensdir, bu, heç vaxt mümkün ola bilməz. Çünki Qarabağ Azərbaycanın tərkib hissəsidir”.

Politoloq qeyd edib ki, Abxaziya ilə Cənubi Osetiya Rusiyanın himayəsi altındadır:

“Qarabağ isə artıq azad edilmiş və Azərbaycanın tərkibində olan bir ərazidir. Burada yaşayan ermənilərə ABŞ, Rusiya, Ermənistan və ya başqa bir ölkənin pasportunun verilməsi onların şəxsi məsələsidir. Lakin Qarabağda artıq Azərbaycan qanunları keçərlidir. Onlar Azərbaycan vətəndaşlığını qəbul etmək üçün əvvəlcə digər vətəndaşlıqdan imtina etməlidir. Hansısa bir dövlətin vətəndaşı olmalıdır. Qondarma rejimin pasportu ilə harasa gedə bilməzlər, çünki heç bir dövlət onları qəbul etməz. Əminəm ki, Qarabağda yaşayan ermənilərin yalnız həmin pasportlarla qayıtması mümkün deyil, çünki bu, hüquqi və siyasi baxımdan mümkün olmayan bir vəziyyətdir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru