Rusiya həddi aşır - indi də alimlərimiz hədəfə alındı

Bu gün, 10:26           
Rusiya həddi aşır - indi də alimlərimiz hədəfə alındı
Son vaxtlar Rusiya hakimiyyətində, mediasında və siyasi çevrələrində Azərbaycana qarşı şər, böhtan, qaralama kampaniyası geniş vüsət alıb. İndi də rus alimləri Azərbaycanın elm adamlarını hədəf alıblar və onlara qarşı açıq hücumlara başlayıblar.

“Bakı-Xəbər” məlumat verir ki, məsələn, rusiyalı tarixçi, Rusiya Elmlər Akademiyasının Tarixi İnstitutunun əməkdaşı Aleksandr Dyukov onlardan biridir.

Dyukov bildirib ki, Azərbaycanın tarix dərsliklərində Rusiya işğalçı və müstəmləkəçi kimi təqdim edilir.

Dyukovun sözlərinə görə, sözügedən dərsliklər iki azərbaycanlı tarixçi tərəfindən yazılıb: “Kərim Şükürov və Yaqub Mahmudov - hər ikisi Azərbaycanın aparıcı tarix universitetlərinə rəhbərlik edir və elmi nailiyyətlərinə görə dəfələrlə xaricdən dəstək alıblar. Yaqub Mahmudovu hətta Rusiyada da tanıyırlar, o, 2011-ci ildə Dağıstan Respublikasının əməkdar elm xadimi adına layiq görülüb”.

A.Dyukov Rusiya hakimiyyətini baş verənlərə reaksiya verməyə çağırıb. O bildirib ki, sözügedən dərsliklərin müəllifləri üzərində ayrıca iş aparılmalıdır və ən azı, onların hamısının Rusiya Federasiyasının ərazisinə girişi məhdudlaşdırılmalıdır, onlar Rusiyadan aldıqları adlardan məhrum edilməlidirlər.

Bundan başqa, Rusiya mediasında və sosial şəbəkələrində Azərbaycana yönəlik ittihamlar, hədə-qorxu, nifrət püskürmələri son 33 ildə heç vaxt olmadığı səviyyəyə çatıb. Ayrı-ayrı ictimai-siyasi xadimlər, jurnalistlər, patriot fəallar sanki Azərbaycan Rusiyaya hərbi müdaxilə edibmiş kimi çılğınlıq içindədirlər və sözün birbaşa mənasında “qan-qan” deyirlər.

O sırada Rusiya İnsan Hüquqları Şurasının üzvü Kirill Kabanov Azərbaycanla viza rejiminin tətbiqinə çağırıb. Onun fikrincə, Rusiya Azərbaycana qarşı daha qətiyyətli addımlar atmalıdır.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə iddia edib ki, Moskva ilə Bakı arasında münasibətlər möhkəm təmələ malikdir, lakin hazırda çətin dövrünü yaşayır. “Həqiqətən də möhkəm təməl var, iki ölkənin maraqlarının üst-üstə düşməsi var, qarşılıqlı hörmətə əsaslanan qarşılıqlı faydalı əməkdaşlıq var. Amma bəzən elə olur ki, iki ölkə arasında münasibətlərdə çətin dövrlər olur. İndi də belə dövrlərdən biridir”, - Peskov bildirib.

“Ümid edirik ki, bu müddət keçəcək” deyən Peskov ardınca deyib ki, Azərbaycanda ruslara hörmət edilməsi çox vacibdir. O, Rusiyada da çox böyük Azərbaycan diasporunun yaşadığını xatırladıb: “Azərbaycan diasporunun demək olar ki, bütün nümayəndələri qanuna tabe olan vətəndaşlarımızdır və burada layiqli hörmətə malikdirlər. Qanunları pozan vətəndaşlar qanunla məsuliyyətə cəlb olunurlar”.

Bəs Peskovun bu mesajını necə oxuyaq?

Millət vəkili Hikmət Babaoğlu mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Millət vəkili qeyd edib ki, son dövrlərdə Rusiyada Azərbaycana qarşı təşkil olunan anti-Azərbaycan kampaniyaları əslində neobolşevizm kimi qiymətləndirilməlidir: “Amma bolşevizmin sonunun necə olduğu və nə ilə sona çatdığı Rusiyada da, dünyada da hər kəsə məlumdur. Vaxtilə Rusiyada elm adamları hədəfə alınıb və bunun tarixi ənənəsi var. Knyaz Trubetskoydan tutmuş Nikolay Qumilyova, Anna Axmatovadan tutmuş Lev Qumilyova qədər elm və ədəbiyyat xadimləri təqiblərə məruz qalıblar. Bunun nəticəsi isə bu gün yalnızlaşan, müharibəyə cəlb olunan və beynəlxalq siyasətdə yerini və rolunu itirən Rusiya olub.

Ona görə də istənilən ölkənin alimlərinin, xüsusilə də tarixçi alimlərin hədəfə alınması Rusiya üçün yaxşı heç nə vəd etmir. Çünki nəticə etibarilə alim alimdir və o, akademik üsullarla tarixi öyrənir. Heç kəs inkar edə bilməz ki, 1828-ci ildə Azərbaycan Rusiya tərəfindən işğal edilərək parçalanıb. Heç kəs inkar edə bilməz ki, 1805-ci ildə Qarabağ ruslar tərəfindən işğal edilib, 1813-cü ildə Azərbaycanın bir hissəsi yenidən ruslar tərəfindən işğal olunub. Və nəhayət, heç kəs inkar edə bilməz ki, 1920-ci il aprelin 28-də 11-ci qırmızı ordu Bakını işğal etməklə Azərbaycan Xalq Cümhuriyyətinə son qoyub. Ona görə də bu tarixi faktları gizlətmək mümkün deyil və cəhd göstərmək də faydasızdır.

Dyukovun sözlərinə gəlincə, o özü rus işğalının nəticəsində ruslaşmış tatardır, türkdür. Ona görə də özünün assimilyasiya edilməsi ilə bağlı aşağılıq kompleksindən qurtulmaq üçün başqalarına hücum edir. Bunu psixoanalizin banisi Freyd də qeyd edərək bildirir ki, assimilyasiya olunmuş etnik qruplar zamanla assimilyasiya edən dominant etnosa heyranlıq duymağa başlayır və onu daha çox müdafiə edir.

Baskakovun maraqlı bir kitabı var - “Türk əsilli rus soyadları”. Böyük Baskakov öncə öz soyadını izah edərək yazır ki, “Mən tataram, amma ruslaşmış tataram. Mənim soyadımın mənası türk dilində "bas" - "kalk" - yəni basıb qaldırmaq, möhür deməkdir. Yəni möhürü basırsan və qaldırırsan”. Maraqlıdır ki, Baskakov Dyukov soyadını da tatar familiyası kimi izah edir və deyir ki, bu da türk mənşəlidir - “duyuq düşən, sezən, hər şeyi əvvəlcədən hiss edən” deməkdir. Ona görə də Dyukov tarixçi kimi getsin, əvvəlcə öz kökünü araşdırsın, Baskakovu oxusun, öyrənsin, görsün kimdir və nə üçün Azərbaycana qarşı bu qədər aqressivdir? Onun Azərbaycana qarşı aqressivliyinin altında əzilmişlik və assimilyasiya olunmuşluq kompleksi dayanır".

Hikmət Babaoğlu son zamanlar Rusiya-Azərbaycan münasibətlərindəki gərginliyin səbəblərini də şərh edib: “Məsələ ondadır ki, siyasətçilər daha çox soyuqqanlı davranmalıdırlar və Rusiyanın neobolşevik siyasətinə son qoymağı bacarmalıdırlar. Biz də ümid edirik ki, Rusiya prezidentinin köməkçisi Peskovun ifadə etdiyi fikirlər doğrudur - yəni dövlətlərarası münasibətlər həmişə düz və hamar olmur, burada enişlər və yoxuşlar olur. Hazırkı dönəmdə Rusiya-Azərbaycan münasibətləri xeyli gərgindir və bu gərginliyin səbəblərini də Rusiya siyasi dairələri yaxşı bilirlər.

Düşünürəm ki, Rusiyada hələ də Rusiya-Azərbaycan münasibətlərini düzgün qiymətləndirməyi bacaran və bu münasibətlərin nə qədər vacib olduğunu anlayan siyasətçilər var. Və əmin olmaq istəyirəm ki, bu gərginliyin aradan qaldırılması üçün Rusiya tərəfi lazımi addımları atacaq. Biz də bu addımları gözləyirik. Çünki Azərbaycan öz tərəfinə düşən addımları atır və atmağa da hazırdır".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru