"İranı silkələyən partlayışlar arxasında kim dayanır?" - "The New York Times"
Dünən, 12:14

"Rəsmi Tehran susur, amma şübhələr birbaşa İsrailə yönəlir..."
Son iki həftədə demək olar ki, hər gün İranın müxtəlif şəhərlərində müəmmalı yanğınlar və güclü partlayışlar baş verir. Bəzi hallarda hədəf neftayırma zavodları, bəzən strateji hava limanlarına gedən yollar, bəzənsə yaşayış binaları və hərbi obyektlər olur.
Moderator.az xəbər verir ki, bu barədə "The New York Times" nəşri yazıb.
Nəşr qeyd edir ki, əvvəlcə bu hadisələrin sıradan texniki qəzalar və ya ehtiyatsızlıq nəticəsində baş verdiyi düşünülürdü. Lakin partlayışların miqyası və tezliyi artdıqca, İran xüsusi xidmət orqanları bu versiyanı kənara qoyaraq, xarici müdaxilə ehtimalını araşdırmağa başlayıb.
Ən real ehtimal xarici sabotajdır
"The New York Times" yazır ki, İran daxilində istintaq aparan mənbələr, o cümlədən SEPAH (İslam İnqilabı Keşikçiləri Korpusu) rəsmiləri bu hadisələrin arxasında məhz İsrailin dayandığına inanır. Hadisələrin ardıcıllığı, hədəf obyektlərin strateji əhəmiyyəti və həyata keçirilmə üsulları - sabotaj, dron zərbələri və digər metodlar bu nəticəyə gəlməyə əsas verir. Hətta avropalı təhlükəsizlik mütəxəssisləri də bu ehtimalı istisna etmir.
İranın bir çox düşməni olsa da, şübhələr əsasən İsrailə yönəlir. Məsələnin incəliyi ondadır ki, rəsmi Tehran bu şübhələri ictimai şəkildə dilə gətirməyə tələsmir. Nəşr yazır ki, rejim İsraili açıq şəkildə ittiham edərsə, bu, onu cavab verməyə məcbur edəcək və beləliklə, artıq zəifləmiş hərbi potensialla yeni bir münaqişəyə sürüklənə bilər.
Məlum olduğu kimi, 12 günlük son müharibə İranın resurslarını xeyli tükəndirib. İsrail tərəfi isə məsələ ilə bağlı rəsmi açıqlama verməyib. Bununla belə, MOSSAD rəhbəri David Barneanın əvvəlki bəyanatını xatırlamaq kifayətdir: "İranda olduğumuz kimi, yenə orada olacağıq".
Rəsmi açıqlamalar inandırıcı görünmür
İran rəsmiləri baş verən partlayış və yanğınları əsasən texniki nasazlıq, ehtiyatsızlıq, hətta "yabanı otların yandırılması" kimi gülünc səbəblərlə izah edir. Məsələn, Məşhəd beynəlxalq hava limanı yaxınlığında baş verən partlayış "nəzarətli alaq otlarının yandırılması prosesi" adlandırılıb, Tehrandakı fabrikdəki yanğın isə "zibilin yandırılması" ilə izah olunub.
Ən çox yayılan rəsmi izah isə qaz partlayışlarıdır - evlərin, hərbi obyektlərin və infrastrukturun sıradan çıxmasına səbəb olan partlayışlar guya qaz sızmalarından qaynaqlanır. Lakin bu açıqlamalar nə cəmiyyət, nə də mütəxəssislər tərəfindən ciddi qəbul olunmur.
Sosial şəbəkələrdə yayılan görüntülərdə, xüsusən Qum şəhərindəki dağıntılarda partlayışların sanki bomba ilə törədildiyi aydın görünür. İnsanlar öz gözləri ilə gördüklərinin dövlətin izahları ilə üst-üstə düşmədiyini anlayır.
Şəffaflığın yoxluğu şübhələri dərinləşdirir
Vaşinqtondakı DAWN beyin mərkəzindən İran üzrə ekspert Omid Mameryan bildirir ki, İran hakimiyyətinin informasiya gizlətməkdəki uzun təcrübəsi və qeyri-müəyyən cavabları əhali arasında qorxu və güvənsizlik yaradıb.
Onun sözlərinə görə, insanlar İran rejiminin İsrailin həyata keçirdiyi hücumları ya tam inkar etdiyinə, ya da minimuma endirdiyinə artıq öyrəşib. Belə bir vəziyyətdə İranın susqunluğu özü də bir mesajdır: rejim faktları ört-basdır etməklə yalnız yeni bir qarşıdurmanın qarşısını almağa çalışır. Lakin baş verənlər göstərir ki, bu səssizlik təhlükəsizliyin yox, zəifliyin ifadəsidir.