İranın axtardığı “sehrli barmaq” haradadır?
Dünən, 10:38

Tehran rejimi hələ də ölkədəki problemlərin kənardan yaradıldığını iddia edir
İsraillə müharibə və ondan sonrakı müddət Tehran hakimiyyətinə repressiyaları gücləndirmək üçün əlavə imkan yaradıb.
Əvvəllər müxalif düşüncəlilərə “İsrail casusu” damğası vurmaqda, yaxud belə adlandırmaqda bir az çətinlik çəkərdi. Bunun üçün şübhəli şəxs istintaq olunmalı, məhkəmə araşdırması aparılmalı və başqa hüquqi prosedurlara əməl olunmalı idi. Ancaq İsraillə müharibə zamanı Tehran hakimiyyəti ciddi hüquqi prosedur aparmadan bəzi vətəndaşlarını “casus” ittihamı ilə mühakimə edib.
Yeri gəlmişkən, İraqla müharibə zamanı da İslam Respublikasının rəhbərliyi oxşar “cinayət işləri” açmışdı. O vaxt hakimiyyət müxalifəti və etirazçıları sıradan çıxarmaq, neytrallaşdırmaq üçün müharibədən bəhanə olaraq istifadə etmişdi. Ölkənin ayrı-ayrı sahələrində çatışmazlıqlara qarşı çıxanları, bu rejimi qəbul etməyənləri və başqa etirazçıları istintaqsız-məhkəməsiz cəzalandırardı. Onlar barədə cəza qərarını azsaylı üzvdən ibarət komitə verərdi. Yeri gəlmişkən, İranın 13-cü hökumətinin başçısı, 2024-cü il mayın 19-da helikopter qəzasında həlak olmuş İbrahim Rəisi komitənin prokurorlarından olmuşdu. Elə buna görə ona el arasında “qəssab” da deyirdilər.
“İsrail casusu” ifadəsi ilə bağlı xəbərlər 12 günlük müharibə zaman çox yayğın idi.
Hakimiyyət müharibədə uğursuzluğunu ört-basdır etmək üçün bu üsuldan gen-bol istifadə edib. Savaş bir az da uzansaydı, hakimiyyətin yüksək eşelonunda təmsil olunanlar da bu cəzaya tuş gələ bilərdi. Ancaq gələcəkdə belə bir məhkəmənin qurulmayacağına da təminat yox deyil.
Bu günlərdə İran parlamentindən Prezident Məsud Pezeşkiana qarşı ciddi ittiham irəli sürülüb: “O, islam inqilabına son qoymağa çalışır, Xameneini devirmək istəyir”.
30-dan çox deputat hökumət başçısını Seyid Əli Xameneini devirmək üçün çevriliş cəhdində ittiham edərək, onun dərhal istefası verməsi tələbi ilə çıxış ediblər.
Mühafizəkarlar, hakimiyyətdaxili sərt xətt tərəfdarları hökumət başçısının səlahiyyət həddini aşdığını və guya mövcud teokratik quruluşu dağıtmaq üçün gizli siyasət yürütdüyünü iddia edirlər. Keçmiş səfir və deputat Əbülfəzl Zöhrəvənd Məsud Pezeşkianın administrasiyasının “prezidentlik müddəti bitməmiş İslam İnqilabına son qoyacağını” bildirib. O, ölkəyə qarşı baş verənləri açıq şəkildə “ali liderə qarşı çevriliş cəhdi” adlandırıb.
İttihamlar İsraillə 12 günlük müharibədən sonra mərkəzi gücün zəifləməsi və Xameneinin mediada nəzərəçarpacaq dərəcədə olmaması, idarəçilik böhranı ilə bağlı şayiələrin artması fonunda səslənib.
BMT-nin insan hüquqlarının müdafiəsi üzrə ekspertləri isə İsraillə 12 günlük müharibədən sonra İranda həbslərin, edamların yeni dalğası barədə xəbərdarlıq edərək, Tehranı insan haqlarına hörmətlə yanaşmağa və artan repressiyalara son qoymağa çağırıblar. Təşkilatın İran üzrə xüsusi məruzəçisi May Sato deyib: “İranda edamların, kütləvi həbslərin və etnik azlıqlara qarşı repressiyaların artması insan hüquqlarının vəziyyəti ilə bağlı təhlükə siqnalıdır”. Satonun sözlərinə görə, müharibədən sonra İranda ən azı 6 vətəndaş "İsrailin xeyrinə casusluq" ittihamı ilə edam edilib.
Əslində isə İran hakimiyyəti İsrailə casusluqda şübhələndiyi yüzlərlə insanı həbs edib. Tehranın məhkəmə sistemi və rəsmiləri onları "Mossad agentləri" adlandırır.
İran-İsrail müharibəsinin başlanğıcından sonra İranda İsraillə əlaqədə şübhəli bilinən mindən çox insan həbs olunub.
Ölkənin rəsmi KİV-i də belə insanlar məhkəməsiz-istintaqsız ittiham edir, onlara cinayətkar damğası vurur: “İsrailin İrana hücumunun başlanğıcından bəri sionist rejiminin (İsrail hökumətini nəzərdə tutur - red.) casus şəbəkəsi ölkədə son dərəcə aktivləşib”.
“Mizan” agentliyi edam edilən üç nəfərin adlarını açıqlayıb: İdris Əli, Azad Şücai və Rəsul Əhməd Rəsul.
Daha iki nəfər - Mohammad-Amin Mahdavi Şayesteh və Macid Mosaybi isə onlardan bir neçə gün əvvəl edam edilib.
Medianın məlumatlarına görə, onların hamısı "sionist rejimi ilə əməkdaşlıq"da, xüsusən də sonradan adı açıqlanmayan yüksək rütbəli şəxslərin öldürülməsində istifadə olunan avadanlıqların qaçaqmalçılığında təqsirli bilinib.
Tehran hakimiyyətinin isterikası təkcə daxildə casus ovuna çıxmaqla və Pezeşkianı istefa ilə hədələməklə bitmir. Bu rejimin ən yüksək eşelonunda təmsil olunan siyasi ideoloqları İsraillə əlaqə saxladığı üçün Azərbaycan Respublikasına qarşı beynəlxalq səviyyədə təbliğat aparırlar.
İranın ali rəhbəri ayətullah Seyid Əli Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əliəkbər Vilayəti Pakistanın daxili işlər naziri ilə görüşdə Azərbaycana qarşı qərəzli fikirlər söyləyib: “Sizin Azərbaycanla yaxın münasibətləriniz var, ancaq eyni zamanda qeyd etmək lazımdır ki, Azərbaycan dövləti İslam dünyasının baxışlarına zidd addımlar atır. Onların arasında Əl-Culani (Əhməd Əş-Şaraanı nəzərdə tutur-red.) ilə “sionist rejim” arasında vasitəçilik və İsrail rejiminin məzlum Fələstin xalqına qarşı cinayətlərinin ən qızğın çağında İsrailə neft ixrac etmək var".
Bu iddialardan ürəyi soyumayan müşavir Azərbaycanın daxili işlərinə müdaxiləni davam etdirib: “Siz onlardan soruşa bilərsiniz ki, niyə müsəlmanların və İslam ölkələrinin fikrinə zidd olan bu addımlar atılır?”
Belə İsrail düşmənliyi məntiqi ilə bu rejim yarım əsrə yaxındır Yaxın Şərqdə pozuculuq fəaliyyəti göstərir, müsəlman dövlətləri arasında birliyə mane olur.
Azərbaycanın torpaqları işğal altında olduğu illərdə İslam Respublikasının təcavüzkar Ermənistana etdiyi yardımları Vilayəti nə tez unudub? Axı, bunlar heç uzaq keçmişdə baş verməyib.
Neft ixracı məsələsinə gəldikdə isə 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycandan 18 ölkəyə 12 milyon 46 min 352,54 ton həcmində neft ixrac edilib. Dövlət Gömrük Komitəsinin statistikasına əsasən, hesabat dövründə Azərbaycanın neft ixrac etdiyi 10 ölkələr sırasına İtaliya, Çexiya, Xorvatiya, Rumıniya, Portuqaliya, Almaniya, Böyük Britaniya, İrlandiya, Yunanıstan və Niderland daxil olub.
Fələstini məzlum gününə qoyan ən əsas qüvvə isə İrandır. O, indiyədək fələstinlilərin hüquqlarının müdafiəsi adı altında regionda proksi qüvvələr saxlayır. İran İnqilab Keşikçiləri Qvardiyasının (SEPAH) xarici ölkələrdə fəaliyyət göstərən “Qüds qoşunları”nın fəaliyyətini yada salmaq da kifayət edir. Vilayəti 12 günlük müharibədə məğlubiyyəti ört-basdır edən komandanın üzvü kimi əsas məsələlərdən yayınaraq, “nala-mıxa” vurma taktikasını seçib.
İran hakimiyyəti iqtidarda olduğu 46 il ərzində bütün problemlərin kənardan gəldiyini iddia edir. Onlar hələ də ölkəni qarışdıran, onun qələbəsinə mane olan hansısa gözəgörünməz qüvvə, “kənar barmaq” axtarışındadırlar…
Sədrəddin Soltan
pressklub