"Qanunsuz tikintilər müvafiq dövlət qurumlarının gözü qarşısında baş verib" - ONA GÖRƏ DƏ...

Dünən, 12:28           
 "Qanunsuz tikintilər müvafiq dövlət qurumlarının gözü qarşısında baş verib" - ONA GÖRƏ DƏ...
Dəmir yolu xətləri arasında torpaq sahələrini qanunsuz zəbt edib tikinti aparanlarla bağlı cinayət işi başlanıb. Belə qanunsuz tikililərə paytaxtın Nərimanov rayonunda Bakı sərnişin-Keşlə, Nərimanov-Böyükşor dəmir yolu xətləri arasında rast gəlinir. Bu ərazilərdə mühafizə zolağına aid torpaq sahələri zəbt olunaraq qanunsuz tikinti işləri aparılıb.
DİN Mətbuat Xidmətinin məlumatına görə, fakta görə Cinayət Məcəlləsinin qanunla müəyyən edilmiş, istifadə və ya icarə hüququ olmadan özbaşına tikinti və ya tikinti işlərini aparma maddəsi ilə cinayət işi başlanıb. Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir. "Azərbaycan Dəmir Yolları" QSC-nin Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəxtiyar Hacıyev “APA-Economics”ə açıqlamasında bildirib ki, dəmir yollarının ətrafında qanunsuz tikintilər uzun illərdir davam edən problemlərdən biridir. Əsasən Abşeron dairəvi xətti üzrə dəmir yolu, o cümlədən Nərimanov-Böyükşor, Keşlə sahələrində mühafizə zolağını nəzərə almadan tikilən evlər ciddi təhlükə törədir. Hazırda ərazidə 161 qeyri-qanuni tikilmiş ev var. Burada ümumilikdə 156 ailə, 543 nəfər yaşayır. Araşdırma göstərir ki, yaşayan şəxslər Azərbaycanın 40 şəhər və rayonunu təmsil edirlər. Onlardan yalnız 12-si keçmiş məcburi köçkün ailəsidir. Bunlardan 54 ailənin başqa ünvanda evi var. 11 nəfər isə oradakı evini kirayəyə verib. Evlər sənədsizdir, qeyri-qanuni tikilib. Dəmir yolunun mühafizə zolağında yerləşən bu evlər dəmiryolu nəqliyyatına ciddi problemlər yaratmaqla yanaşı, sakinlərin həyatı üçün də təhlükəlidir. Son 3 ildə dəmiryolunun mühafizə zolağında yerləşən ərazilərdə çoxsaylı bədbəxt hadisə baş verib, 30-dan artıq adam həyatını itirib və ya ağır xəsarət alıb. Bundan başqa, yanğınsöndürən, təcili tibbi yardım maşınları əraziyə daxil ola bilmir. Kommunal xidmət çox aşağı səviyyədədir, işin müvafiq qaydada təşkili mümkün deyil. Buna görə də antisanitariya mühiti mövcuddur. Eyni zamanda, tikinti normalarına uyğun olmayan bu evlər şəhərin ümumi görünüşünü pozur. Bakı şəhərində və ətraf ərazilərdə sürətli urbanizasiya və əhali artımı nəqliyyat və mobillik sahəsində islahatları zəruri edir. Mövcud vəziyyətdə şəhərin nəqliyyat sisteminin səmərəliliyini artırmaq və urbanizasiya nəticəsində yaranan çətinliklərin qarşısını almaq üçün strateji tədbirlərə ehtiyac var. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 30 yanvar 2025-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi ilə bağlı tədbirlər planına əsasən, Bakı və ətraf ərazilərdə dəmiryol nəqliyyatının əlçatanlığının artırılması məqsədilə Bakıxanov–Binə–Qala, Zabrat–Maştağa–Bağlar, Qaradağ–Güzdək, Yeni Suraxanı–Hövsan və Güzdək−Qaradağ dəmiryol xətlərinin bərpası, eyni zamanda, bu xətlər boyunca yeni dayanacaqların istismara verilməsi nəzərdə tutulur. Məqsəd Bakı şəhərində və ətraf ərazilərdə dayanıqlı nəqliyyat sisteminin qurulması, sərnişin mobilliyinin keyfiyyətinin artırılması və yol-nəqliyyat hadisələrinin, habelə ekologiyaya dəyən ziyanın həcminin azaldılması üçün zəruri tədbirlər görülməsidir. Lakin qeyd edilən dəmiryol xətlərinə yaxın ərazilərdə inşa olunmuş fərdi evlər, obyektlər dövlət əhəmiyyətli layihələrin icrasında, o cümlədən dəmiryol xətlərinin bərpasında bir sıra çətinliklər törədir. Mövcud vəziyyətin aradan qaldırılması məqsədilə infrastruktur layihələrinin icrasına mane olan tikililərin sökülməsi zəruri xarakter daşıyır.

Konstitusiya Araşdırmaları Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyev Sherg.az-a açıqlamasında qeyd etdi ki, sənədsiz evlər məsələsi ölkədə ən ciddi problemlərdən biridir:
“Qanunsuz tikintilər müvafiq dövlət qurumlarının gözü qarşısında baş verib. Bəzi hallarda onların hərəkətsizliyi, bəzi hallarda isə böyük sövdələşmələr və rüşvət müqabilində qanunsuz tikililərə göz yumulub. 2011-ci ildə cənab Prezident tapşırıq verdi ki, İşçi Qrup yaradılsın, bu problem həll edilsin. İşçi Qrupun fəaliyyəti nəticəsində koordinatlar müəyyən edildi və 430 min fərdi tikili, 40 mindən artıq da qeyri-yaşayış sahəsi haqqında məlumat toplandı. Bu məlumatlar rəsmiləşdirildi. Sənədsiz evlərin sayı gah 500 min göstərilir, gah 1 milyon, 430 mini haqqında rəsmi məlumat var. Boş ərazilərdə tikilənlər var, kommunikasiya xətlərinin keçdiyi ərazilərdə də tikilənlər var. Amma bu evlərin 99 faizi işıq, təbii qaz və su ilə təmin edilib. Yəni bu evlərlə bağlı legitimləşdirmə baş verib. Amma sənədləşmə illərdir ki, yubanır. Sənədsiz evlərlə bağlı ümumi amnistiya elan edilə bilər. Sadəcə, hansı tikililər ki dövlət ehtiyaclı torpaqlar və kommunikasiya xətlərinin üzərində tikilib, vətəndaşların həyatı üçün təhlükə daşıyır, dövlət ehtiyaclarının da qarşılanmasını ləngidir, o tikililər ləğv edilməli, vətəndaşlar da o evlərdən köçürülməlidir. Amma kompensasiyanın ödənilməsi şərtilə. Həmin adamlara, “evi sökürük, çıx get”, demək və prosesi bu cür aparmaq qətiyyən olmaz. Vətəndaş dövlət tərəfindən mülkiyyətlə təmin edilməlidir. Çünki vətəndaşın qanunsuz ev tikməsinin məsuliyyəti dövlət qurumlarının üzərindədir”.

Ə.Nuriyev qeyd etdi ki, kommunikasiya xətlərinin üzərində evlərin tikilməsi böyük təhlükədir:
- Magistral qaz boruları, su kəmərləri, elektrik xətlərinin üzərində, neft mancanaq dəzgahları (“kaçalka”) yaxınlığında, neftlə çirklənmiş ərazilərdə, eləcə də dəmir yolu xətləri arasında və ya yaxınlığında fərdi evlər, obyektlər inşa etmək, əlbəttə doğru deyil. Bu, qanunsuz olmaqla yanaşı, həm də çox təhlükəlidir. Qaz sızması da ola bilər, suyun evlərin altına, zirzəmilərə dolması da baş verə bilir. Yadınızdadır, magistral su kəməri üzərində tikilmiş fərdi ev barədə bir müddət əvvəl məlumat paylaşıldı. Su borusunu təmir etmək mümkün deyildi, çünki üzərində ev vardı. Yəni vətəndaşlar mənzil problemini guya ki həll etmək üçün qanunsuz inşaata əl atır, amma düşünmürlər ki, bununla həyatlarını təhlükəyə atırlar. Niyə vətəndaş dəmir yolu xətləri arasında ev tikməlidir? Bu, real təhlükədir. Sakinlər üçün, uşaqlar üçün. Eləcə də tikintiyə icazə verilməyən ərazilərdə fərdi yaşayış sahələrinin salınmasına, evlərin tikintisinə gərək icazə verilməsin, belə hallara göz yumulmasın. Ancaq təhlükəli zonalarda, kommunikasiya xətlərinin üzərindəki tikililərə görə yerli icra orqanları məsuliyyət daşıyır. Vaxtilə buna göz yumublar, nələrinsə müqabilində qeyri-rəsmi icazə veriblər. İndi isə əziyyət çəkən vətəndaşdır, sakinlərdir. Hesab edirəm ki, qanunsuz tikililərə görə cavabdehlik daşıyan məmurlar məsuliyyətə cəlb olunmalıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru