Ankara Əliyev-Paşinyan razılaşmasından niyə kənarda qaldı?
Bu gün, 00:01

“Hamıya məlumdur ki, ABŞ təkbaşına beynəlxalq hökmranlığa nail olmaq üçün bütün mümkün alternativlərə qarşı siyasi və iqtisadi təzyiq göstərməyi özü üçün həyati vacib məsələ hesab edir. Bu kontekstdə ABŞ indiyədək Rusiyaya qarşı kifayət qədər aqressiv siyasət yürütməkdən də çəkinmədi. Ukrayna müharibəsi, Suriya və hətta Liviya bu iddialı siyasətin “hard politik” sahələri idi”.
Bu fikirləri İnönü Universiteti Strateji Araşdırmalar Mərkəzinin direktoru prof. Fikret Birdişli Globalinfo.az-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, avqustun 8-də Ağ Evdə ABŞ, Azərbaycan və Ermənistan liderlərinin tarixi görüşü ABŞ-ın Rusiyaya qarşı fərqli strategiya həyata keçirdiyindən xəbər verir:
“Fikrimcə, bu strategiya əvvəlkilərdən daha effeklidir. Rusiya yaxın tarix boyunca arxa bağçası hesab etdiyi bu bölgədə müharibənin qartalı roluna malik olduğu halda, ABŞ dünən eyni bölgə və ölkələr üzərində sülh göyərçini rolunu öz üzərinə götürdü.
Bu razılaşma ilə üç lider 35 ilə yaxındır davam edən qarşıdurmaya son qoymağı hədəfləyən sülh müqaviləsi və birgə bəyannamə imzaladılar. Bəyannamədə münaqişənin dayandırılması, diplomatik münasibətlərin qurulması və qarşılıqlı ərazi bütövlüyünə hörmət etmək öhdəliyi yer alıb.
Razılaşma çərçivəsində Cənubi Qafqazda strateji tranzit dəhlizinin yaradılması qərara alınıb. Bu “Tramp marşrutu” Azərbaycanı Naxçıvana, beləliklə də Türkiyəyə birləşdirəcək; enerji, ticarət və texnologiya xətlərinə ev sahibliyi edəcək. ABŞ bu dəhlizdə inkişafa dair eksklüziv hüquqlara sahib olacaq”.
F.Birdişli hesab edir ki, bu addım Rusiyanı Ukrayna müharibəsindən də böyük təzyiq altında qoyacaq və onun regiondakı təsirini məhdudlaşdıracaq.
“Bu razılaşmanın gözlənilən nəticəni verib-verməyəcəyini şərh etmək hələ tezdir, lakin buna baxmayaraq, deyə bilərik ki, bu region uzun müddətdir (I Dünya müharibəsindən indiyədək) adət etmədiyi prosesə şahidlik edir.
Bu razılaşma ilə bağlı proses gözlənildiyi kimi davam edərsə, onun geosiyasi nəticələri Rusiyanın bölgədəki təsirinin çəkilməsi ola bilər.
Trampın Putinə Ukraynadakı müharibəni bitirmək çağırışı cavabsız qaldıqdan sonra bu razılaşmanın ABŞ-ın “B planı” olduğunu deyə bilərik”.
O, Türkiyənin Azərbaycanla Ermənistan arasında Qarabağ münaqişəsində fəal rol oynamasına rəğmən belə bir sazişdən kənarda qalması və ya belə bir razılaşmanı təmin edə bilməməsi ilə bağlı tənqidlərin reallıqla uzlaşmadığını vurğulayıb:
“Türkiyə bu prosesə öz töhfəsini vermiş olsa belə, tərəfləri belə bir razılaşma üçün Ankarada masaya oturtmaq imkanı və bacarığından məhrum idi. Ancaq bu razılaşmanın istənilən halda Türkiyəyə də üstünlüklər verəcəyini nəzərdən qaçırmaq olmaz. Bu razılaşmanın icrası və davamlılığı ilə bağlı Türkiyəni görməzdən gəlməkdənsə, ABŞ və region ölkələrinin Türkiyə ilə əməkdaşlıq etməsi daha məntiqli olardı”.
Politoloq yekun olaraq deyib ki, bu saziş Rusiyanın Cənubi Qafqazda təsirini azaldan strateji müqavilədir:
“Rusiyanın bu addıma necə cavab verəcəyi maraq doğurur. Böyük güclər arasında geosiyasi rəqabətdən kənarda bu iki ölkə arasında qalıcı sülhün əldə edilməsi regionun və onun xalqlarının gələcəyi baxımdan mühüm nəticələr verəcək. Lakin, bunun üçün vaxtından əvvəl gözləntilər və romantik şərhlər iki icma arasında zamanla yığılmış düşmənçiliyi gözardı etmək demək olar. Ona görə də bu sazişin effektivliyi təkcə siyasi gedişlərdən deyil, həm də hər iki tərəfin atacağı sosial, mədəni və iqtisadi addımlardan asılıdır. Aradan qaldırılmalı olan çox sayda qərəzli məsələlər var. Əgər bunlar aradan qaldırılmasa, region manipulyasiyaya qarşı həssas olaraq qalacaq”.