İordaniya Suriyanın bərpa etmək istəyir, BUNUN ÜÇÜN...
Bu gün, 00:10

İordaniya Xarici İşlər və Mühacirət Nazirliyinin məlumatına görə, çərşənbə axşamı İordaniya-Suriya-ABŞ formatında görüş keçiriləcək və müharibədən zərər görmüş Suriyanın yenidən qurulmasına dəstək yolları müzakirə olunacaq.
Bu barədə “Aljazerra” məlumat yayıb.
Məlumata görə, Dəməşq beynəlxalq şirkətlərlə investisiya sazişləri bağlayaraq dağıdılmış iqtisadiyyatını canlandırmaq istəyir.
Nazirliyin verdiyi bəyanata əsasən, görüşdə Suriya xarici işlər naziri Əsəd əl-Şeybani və ABŞ-ın Suriya üzrə elçisi Tomas Berrakın iştirak edəcəyi gözlənilir. Suriya prezidenti Əhməd əl-Şəranın yeni hökuməti hazırda ölkənin cənubundakı Süveyda vilayətində bədəvi və druz döyüşçüləri arasında baş verən məzhəb zorakılığının, həmçinin İsrailin Suriya əsgərlərinə və paytaxt Dəməşqə endirdiyi zərbələrin nəticələri ilə mübarizə aparır.
Suriya iqtisadiyyatı təxminən 14 illik müharibə və keçmiş prezident Bəşər Əsədin dekabr ayında devrilməsindən sonra hələ də ağır vəziyyətdədir.
Qeyd edək ki, İordaniyanın bu açıqlaması Dəməşqin çərşənbə günü 14 milyard dollar dəyərində 12 saziş imzalamasından sonra gəlib. Bu razılaşmalara Qətərin UCC Holding şirkəti ilə 4 milyard dollarlıq yeni hava limanının tikintisi və Birləşmiş Ərəb Əmirliklərinin milli investisiya korporasiyası ilə Dəməşqdə metro layihəsinin yaradılması üçün 2 milyard dollarlıq müqavilə daxildir.
Suriya İnvestisiya İdarəsinin rəhbəri Talal əl-Hilali Dəməşqdəki prezident sarayında keçirilən mərasimdə bildirib ki, layihələr “ölkənin hər yerini əhatə edəcək və infrastrukturla iqtisadi həyatda keyfiyyətcə dəyişiklik yaradacaq”.
O, bu sazişləri “Suriyanın gələcəyi üçün dönüş nöqtəsi” adlandırıb.
Suriya rəsmi SANA agentliyinin məlumatına görə, imzalanma mərasimində həm əl-Şəraa, həm də Berrak iştirak edib. /APA