Saakaşvili səhv edir, bundan hər 3 ölkə, o cümlədən Gürcüstan qazanclı çıxacaq.

Bu gün, 00:08           
Saakaşvili səhv edir, bundan hər 3 ölkə, o cümlədən Gürcüstan qazanclı çıxacaq.
Həbsdə olan Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili Vaşinqton razılaşmasını “Gürcüstan üçün ən pis geosiyasi fəlakət reallaşmaq üzrədir” şəkilndə dəyərləndirməsində nə dərəcədə haqlıdır? Mixail Saakaşvilinin arqumenti budur ki, ABŞ-ın Zəngəzur dəhlizini 100 il müddətinə icarəyə götürdüyü müqavilə Rusiya və İranla yanaşı Gürcüstandan da yan keçməklə Avropadan Çinə yeni tranzit dəhlizi açır. Mixail Saakaşvili vəziyyətin bu həddə çatmasında Bidzina İvanişvili hakimiyyətini günahlandırıb. Keçmiş Prezidentin sözlərinə görə, İvanişvili hökuməti Gürcüstanı əsas müttəfiqlərindən təcrid etdi və indi bütün bunlara görə Gürcüstan tranzit qovşağı funksiyasını itirir.
Hardan hara gəldik. Vaxtilə Cənubi Qafqaz ölkələrindən məhz Gürcüstan Qərblə strateji tərəfdaşlıq münasibətləri qurmuş, Azərbaycan və Ermənistan isə balanslı siyasətə üstünlük verirdilər. İndi isə tərsinə Qərbin Gürcüstanla münasibətlərində ciddi suallar var, Azərbaycan və Ermənistan isə Vaşinqtonla strateji tərəfdaşlığa üstünlük veriblər. Bu məsələdə Saakaşvili haqlıdır. Ancaq Saakaşvilinin Zəngəzur dəhlizinin Gürcüstanın tranzit qovşağına son qoyduğu fikri ilə razılaşmaq olmur. Bəli, Zəngəzur dəhlizi işə düşəndən sonra Çin və Mərkəzi Asiyadan çıxan yüklərin bir hissəsi bu marşrut üzərindən Avropaya daşınacaq. Ancaq Bakı-Tbilisi-Qars dəmiryolundan kimsə imtina etməyəcək. Zəngəzurdan keçəcək dəmiryolu Bakı-Tbilisi-Qars dəmiryolundan qısa olsa da, daşınmanın həcmi çox olacağı halda bütün marşrutlardan istifadə ediləcək.
Azərbaycanla Ermənistan arasında müharibələr Gürcüstana imkan verdi ki, neft və qaz boru xətləri bu ölkənin ərazisindən keçsin və Gürcüstan bundan milyardlarla dollar qazandı və gələcəkdə də qazanacaq. Azərbaycanla Ermənistanla arasında sülh müqaviləsi imzalanandan sonra yeni maşrutlar gündəmə gələ bilər. Buna baxmayaraq, Gürcüstanın itirəcəkləri çox deyil. Önəmli olan Cənubi Qafqazda sabitlik və hərtərəfli əməkdaşlığın bünövrəsinin qoyulmasıdır, bundan isə hər 3 ölkə, o cümlədən Gürcüstan qazanclı çıxacaq.
Elxan Şahinoğlu
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru