Mal ətinin ardınca toyuq əti də bahalaşacaq

22-11-2016, 01:18           
Mal ətinin ardınca toyuq əti də bahalaşacaq
Vahid Məhərrəmov: «Mal ətinin qiyməti bahalaşdığı üçün toyuq ətinə olan tələbat artıracaq»

Bakı və bölgələrdə mal ətinin qiymətində bahalaşma müşahidə edilir. Sakinlərin bildirdiyinə görə, sümüklü mal əti Bakının bəzi yerlərində 10 manata təklif olunur. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev azvision.az-a bildirib ki, qiymətlər bazarda tələb və təklif əsasında formalaşıb: “Bu ilin 9 ayında ölkədə iribuynuzlu heyvanların sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,6 faiz artım var. Azalma müşahidə edilməyib. Heyvandarlığın inkişafı ilə əlaqədar “Aqrolizinq”in xətti ilə yeni cins heyvanlar gətirilir. Bu məqsədlə cari ilin 9 ayı ərzində ölkəyə 3255 baş iri buynuzlu damazlıq heyvan gətilib, 50 faiz güzəştli lizinq yolu ilə fermerlərə verilib. Eyni zamanda ilin sonuna qədər 1500 baş cins xırdabuynuzlu heyvanların gətirilməsi nəzərdə tutulub”.


Qiymətlər tələb-təklifə görə qalxıb

Nazirlik rəsmisi vurğulayıb ki, qiymət artımı istehsalla bağlı deyil, mövsümi xarakter daşıyır. “Məhsulların qiymətində mövsümlə bağlı dəyişiklik müşahidə olunur. 10 gün bundan öncə yumurtanın qiymətində müəyyən qədər artım var idisə, bu həftə ucuzlaşma müşahidə olunur. Ümumiyyətlə, qiymətlər bazarda tələb-təklif əsasında tənzimlənir. Qeyd edim ki, ölkədə ət istehsalı 9 ayda 341 min 303 ton olub, 1,6 milyon ton süd istehsal olunub. İstehsalda artım müşahidə olunur”.

Mal ətinin qiymətinin artması heç şübhəsiz nisbətən ucuz olan toyuq və toyuq məhsullarına tələbatı artıracaq. Bu bu adda məhsulun da qiymətinin artmasına səbəb olacaq.

Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov bildirdi ki, hökumət kənd təsərrüfatını məhv etməkdə davam edir. Ölkədə kifayyət qədər, 1,6 milyon hektar əkin sahəsi olduğu halda, həmin sahələrdən səmərəli istifadəni təmin edə bilməyən, torpaqların deqradasiyaya, eroziyaya məruz qalmasının, şoranlaşmasının, şorakətləşməsinin qarşısını ala bilməyən hökumət, indi təbii biçənək, örüş sahələrini əkin üçün dövrüyəyə buraxır. Ekspertin fikrincə, bu çox təhlükəli haldır: «Örüş sahələrinin az və zəif olması, ölkədə təlabata uyğun yem bazasının yaradılmaması azmış kimi təbii otlaq ərazilərin əkinə verilməsi heyvandarlıqda çox ciddi problemlər yaradacaq. Son illərdə 100 min hektara yaxın örüş sahələrinin, təbii biçənəklərin əkin üçün istifadəyə verilməsi ota, yemə olan təlabatın artmasına, bu da öz növbəsində yem və heyvandarlıq məhsullarının qiymətlərinin bahalaşmasına gətirib çıxarıb. Yem bazasının zəif olması heyvanların zəifləməsinə, xəstəliklərin geniş yayılmasına, təlafata və məhsuldarlığın kəskin azalmasına səbəb olmuşdur. Bu ilin 10 ayı ərzində ölkəyə idxal olunan ət məhsullarının miqdarı keçən ilin eyni dövrü ilə müqayisədə 160 faiz, süd məhsulları isə dəyər ifadəsində 60,8 faiz artmışdır. Digər tərəfdən ölkədə şoranlaşmış, şorakətləşmiş eroziyaya, deqradasiyaya məruz qalmış torpaq əraziləri genişləndiyi halda, xam torpaqlara kotan salınması, şum qaldırılması barbarlıq kimi dəyərləndirilməlidir. Azərbaycanda torpaqqoruyucu texnologiyadan istifadə olunmadığı üçün örüş sahələrinin əkinə verilməsi bəribaşdan həmin torpaqların münbitliyinin itirilməsi, deqradasiyaya məruz qoyulması deməkdir».

«Qiymətin tələbat üzündən artdığını söyləmək absurddur»

V.Məhərrəmov onu da bildirdi ki, hazırda əhalinin alıcılığının aşağı düşdüyü bir zamanda mal ətinin qiymətinin tələbat üzündən artdığını söyləmək absurddur. V.Məhərrəmovun sözlərinə görə, bunu deyənlər real vəziyyəti dəyərləndirə bilməyənlərdir: «Bu gün əhalinin alıcılıq qabiliyyəti kəskin şəkildə aşağı düşüb. Ölkəyə ət məhsullarının idxalı 160 faiz artıb və digər tərəfdən süd məhsullarının da idxalı 60 faiz artıb. Bu onu deməyə əsas verir ki, ölkədə heyvandarlıq məhsullarının istehsalı kəskin şəkildə azalıb. İstehsalın azalması həm qiymətlərin qalxmasına, həm də idxalın artmasına səbəb olub. İstehsalın azalmasının səbəbi isə ölkədə gərəkən səviyyədə yem istehsalının olmamasıdır. Ona görə ətin və südün məhsuldarlığı azalıb»,.

Ətin qiymətinin qalxmasının toyuq ətinin qiymətinə necə təsir edəcəyinə gəlincə isə, V.Məhərrəmov vurğuladı ki, hələlik toyuq əti üçün istifadə olunan yem xaricdən gətirilir. Manatın dəyərdən düşməsi idxal olunan toyuq yeminin qiymətini bahalaşdırır: «Bu da öz növbəsində toyuq ətinin qiymətinə mütləq təsir edəcək. Digər tərəfdən mal ətinin qiyməti bahalaşdığı üçün bəzi istehlakçılar toyuq ətinə üstünlük verəcək. Bu da toyuq ətinə olan tələbatı artıracaq».












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.