Dərmanların 70 faizi tapılmır – İdxal dayanıb, apteklərdə təşviş yaranıb!
23-11-2016, 20:29
Dolların bir neçə ay içərisində 1,50 manatdan 1,70-ə kimi yüksəlməsi və qiymətinin ilin sonuna kimi hələ xeyli artacağı ilə proqnozlar bütün sahələrdə olduğu kimi, dərman bazarını da iflic edib. Ölkədə dərman qıtlığı yaranıb, əhali, xüsusilə sağlamlığında problem vətəndaşlar və onların yaxınları təşviş içindədir.
BakiPost.az-ın əldə etdiyi məlumata görə, artıq 10 gündür ki, dərman depolarından apteklərə dərman verilişi dayandırılıb. Apteklərə yalnız Azərbaycan istehsalı olan dərmanlar paylanır ki, bu da mövcud tələbatın yalnız 20 faizini qarşılayır.
Məlumata görə, apteklərdən tələb olunan dərmanların 70 faizi tapılmır. Bunlar əsasən Avropadan idxal olunanlardır. Xəstələrin əldə edə bildikləri dərmanla isə apteklərin özünün skladında olanlardır. Apteklərdən saytımıza daxil olan məlumatda bildirilir ki, əllərində olan dərman ehtiyatı bir neçə gün ərzində tükənəcək: “Bizə depolardan mal verilmir. Əlimizdə də hər dərmandan 3-4-ü qala, ya qalmaya. Tələbat çox olan dərmanlar isə çoxdan tükənib. Kim gəlir, deyirik ki, depoda yoxdur, ya da bizə verilmir. Onlar arasında ciddi xəstəliklərdən əziyyət çəkənlər də var. Həmin şəxslər heç yerdə dərman tapa bilmirlər. Kimin ki, xaricdə tanışı var, bəlkə o yolla təcili əldə edə bilər, kimin ki, yoxdur, çox çarəsiz vəziyyətdə qalıb. İnsanları rəsmən ölümlə üz-üzə qoyublar”.
Depolarda dərmanların tükənməsinə səbəb isə dolların qiymətinin qalxmasıdır. Ölkəyə dərman idxal edən şirkətlər dolların qiymətinin kəskin şəkildə bahalaşması səbəbiylə dərman almırlar. Bildirirlər ki, dolların indiki məzənnəsiylə xaricdən dərman alıb, buradakı qiymətlə satmaq onlara sərf etmir.
Əldə etdiyimiz məlumata görə, dərman biznesiylə məşğul olanlar Tarif Şurasının dərmanların qiymətinə növbəti dəfə əl gəzdirəcəyinə ümid edirlər. İş adamlarına dərmanların qiymətinin yaxın vaxtlarda yenidən qaldırılacağı sözü verildiyindən, onlar mallarını bazara çıxarmırlar.
Digər bir məlumata görə isə, dərman şirkətləri ilə yanaşı apteklərin özləri də dərmanların çoxunu satışdan çıxarıblar. Onlar köhnə məzənnəsiylə aldıqları həmin dərmanları da xəstələrə yeni qiymətlə satmaq niyyətindədirlər.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mövqeyini yayımlayacağıq.