Polis cinayətkarları cəzalandırmaqdan niyə yayınır?

24-11-2016, 01:37           
Polis cinayətkarları cəzalandırmaqdan niyə yayınır?
Avtomobil ustasını vəhşicəsinə döyüb, ağır vəziyyətə salan idmançını himayə edirlər

Noyabrın 20-də Binəqədi yolu, “Vel” adlı avtoservisdə motorist işləyən Xəqani Balayev iş yerinin qarşısında üç nəfər tərəfindən elə döyülüb ki, hazırda da xəstəxanada vəziyyəti ağırdır. Döyülmə nəticəsində burnu və almacıq sümüyü sınan, beyninə qan sızan Xəqani Balayev 1 saylı Kliniki Tibbi Mərkəzdə saxlanılır, yaxınları da daxil olmaqla, heç kimi tanımır.

Cinayət barədə dərhal hüquq-mühafizə orqanlarına xəbər verilib, polis hadisəni törədənlərdən birinin kimliyi haqda ətraflı məlumatlandırılıb. Amma nədənsə, hadisəni törədənləri məsuliyyətə cəlb etmək üçün bu üç gün polisə kifayət etməyib. Bununla əlaqədar zərərçəkmişin qardaşı Elnur Balayev Daxili İşlər naziri Ramil Usubova və Baş prokuror Zakir Qaralova şikayət ərizəsilə müraciət edib.


Məktubun surətini “Azadlıq”a da göndərən Elnur Balayev deyir ki, avtoservisdə işləyən Bəhruz və Aslan adlı şəxslər hadisənin necə baş verdiyini görüblər. Elə Daxili İşlər Nazirliyinin 102 saylı “Qaynar Xətti”nə də onlar dərhal məlumat veriblər. Göstəriblər ki, Xəqaninin vəhşicəsinə döyülməsində iştirak edənlərdən biri keçmiş idmançı Rza Xəlilovdur. Elnur Balayev qeyd edir ki, həmin bu keçmiş idmançı bundan əvvəl iki dəfə adam döyməyə görə həbs olunub.

“Onlar hadisə yerinə “Mercedes” markalı, 99 DH 636 saylı dövlət nömrə nişanı olan avtomobildə gəliblər. Hadisə ilə bağlı araşdırma aparmaq və cinayətkarları məsuliyyətə cəlb etmək Binəqədi rayonu, 4-cü polis bölməsinin təhqiqatçısı Natiq Teymurova həvalə olunub. Amma o, hadisənin üstündən 3 gün keçməsinə baxmayaraq, heç bir əməliyyat-axtarış hərəkəti həyata keçirməyib. Təhqiqatçı bizə deyir ki, Rza Xəlilov onun qohumudur. Bu da onun hadisənin üstünü ört-basdır etməkdə maraqlı olduğunu deməyə əsas verir”, – deyə Elnur Balayev qeyd edir.

Şikayətçinin dediyinə görə, qardaşının başına gələnlər, həmçinin cinayətkarların məsuliyyətə cəlb olunmaması ilə əlaqədar 4-cü bölmənin rəisinə də müraciət ediblər. Amma yenə də heç bir addım atılmayıb.

Artıq Balayevlər belə nəticəyə gəliblər ki, keçmiş idmançı Rza Xəlilov və ətrafındakıları polislər şübhəli şəkildə himayə edirlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.