Mahmudovun “Mişa”sı haqda “milyonluq” faktlar - İSTİNTAQ AKTINDAN

24-11-2016, 22:00           
Mahmudovun “Mişa”sı haqda “milyonluq” faktlar - İSTİNTAQ AKTINDAN
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun və oğlu Anar Mahmudovun nəzarətində olan şirkətlərin faktiki, amma qeyri-rəsmi mühasibi “Mişa”nın on milyonlarla ölçülən vəsaitləri qanunsuz olaraq özündə saxlaması, vaxtaşırı müəyyən kanalları yönləndirməsi aşkarlanıb.

“Qafqazinfo”nun “Rabitə işi” üzrə hazırlanan ittiham aktından əldə etdiyi məlumata görə, “Mişa”nın bu funskiyasını Baş Prokurorluq öz əməliyyat araşdırması nəticəsində təsdiqləyib.

Belə ki, iş materiallarına əlavə edilmiş Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinin 22 dekabr 2015-ci il tarixli və 21 yanvar 2016-cı il tarixli xidməti məktublarından görünür ki, sabiq Milli Təhlükəsizlik Naziri E. Mahmudovun oğlu A. Mahmudovun və dostu Ayaz Kərimovun şirkətlərindən əldə olunan aylıq külli miqdarda gəlirin qeyri-qanuni yolla “Azəriqazbank” ASC-nin Mişa adlı işçisində toplanması, onun tərəfindən əvvəlcədən müəyyən edilmiş razılığa əsasən aidiyyəti üzrə Ayaz Kərimova və digərlərinə verilməsi, habelə toplanılmış vəsaitin bir hissəsinin özündə saxlanması müəyyən olunub. Mişa adlı şəxsin isə 19 aprel 1967-ci ildə Bakı şəhərində anadan olması, “Azəriqazbank” ASC-nin Müşahidə şurasının sədri Çingiz Əsədullayevin qaynı, eyni zamanda həmin bankın müşahidə şurasının üzvü Françev Mixail Yuryeviç olması bəlli olub.

A.Mahmudovun ortağı və faktiki olaraq şirkətlərinin icraçısı olan A.Kərimovun qaynı Elmar Useynovla “AKEY” MMC-nin baş mühasibi Nigar Əlizadə arasında görülən işlərə dair mesajlaşmaların istintaq zamanı üzə çıxması ilə bu prosesdə “Mişa”nın da böyük rolu olduğu aşkarlanıb.

Belə ki, E.Useynov N.Əlizadəyə yazdığı mesajlarda dövriyyədə milyonlarla məbləğin olduğu müəyyən olunur. Məsələn, 01 may 2014-cü il tarixdə “130000 gələcək. 76088 Ayazın krediti. Qalanı bura. Onlardan yerində ödə”, 06 iyun 2014-cü il tarixdə “132 137 dollar esas mebleg. 3 277 dollar faiz. Umumi 135 414 dollar. Bank Avrasiya”, 10 iyun 2016-cı il tarixdə “546677”, 06 avqust 2014-cü il tarixdə “626455”, “700000”, 08 sentyabr 2014-cü il tarixdə “611555”, 05 dekabr 2014-cü il tarixdə “500.000 götür. J lazımdır 437900”, 24 dekabr 2014-cü il tarixdə “cəmi 415020. 220450 götürərsən. 204500 apararsan. 20000 seyfə” məzmunlu mesajlar ittihamın sübutu kimi çıxış edir.

Bu tarixdən sonrakı əməliyyatlarda isə N.Əlizadə “Azəriqazbank”ın sədri Çingiz Əsədullayev və qaynı Françev Mixail Yuryeviçlə əlaqəyə girir. E.Useynov 2015-ci ilin 23 yanvarında ona mesaj yazaraq 184 min 850 manat Fuada verməsini, 59 min 318 manat kassaya qoymasını, 376 min 423 manat pulun isə “Mişa”da qalması barədə tapşırıq verir. Fevralın 17-də isə E.Useynov baş mühasibə Çingiz Əsədullayevin adını və telefon nömrəsini yazdığı “0502740858 Cingiz muellim”, 20 fevral 2015-ci il tarixdə “Misha Gazbank +994502351346” məzmunlu mesajlar göndərib onlarla danışmasını istəyir.

Martın 17-də 550 min puldan 261 min 810 manatının “Mişa”da qalacağı göstərişi verən mesaj yazır. Aprel ayında isə Elmar “Mişa” ilə görüşüb-görüşməyəcəyini soruşur. Növbəti mesajlarda yenə yüzminlərin bölüşdürülməsi aparılır. Məsələn, “556 mindən 306 min götür”, “350 mindən 198 min götür” mesajları aşkarlanır.

Bir maraqlı məqam isə 07 iyul mesajında üzə çıxır. Şərti adı “J” kimi qeyd olunan şəxsə də yüzminlərlə ödənişlərin olunduğu bəlli olur. Həmin mesajda “Orda cəmi 410000. Jj-yə 360940 vermək lazımdır. Qalanı 49060 ofisə.” deyə qeyd olunub.

N.Əlizadə 21 avqustda Elmara “Sabah səhər Mişanın yanına getmək lazımdır.” Məzmunlu mesaj yazaraq tapşırıq verib.

Nigar Əlizadə bu mesajları izah etmək üçün istintaqda dindirilib. O bildirib ki, A. Kərimov tərəfindən “AKEY” MMC-də işə götürülərkən ona Rabitə Nazirliyinin Beynəlxalq trafiklə bağlı həmin şirkətlə müqaviləsinin olacağı bildirilib: “Həmin ərəfədə “Caspian Crystal Hodingin” adına trafik mübadiləsi aparmaq üçün avadanlıq gətirilib. “Cartburq” şirkətinin əldə etdiyi gəlir qeyri rəsmi qaydada “Azərqazbank” ASC-nin işcisi Mişa ləqəbli şəxsə göndərilirdi. Yəni, “Cartburq” və “Caspian Telecommunication” şirkətlərinin Latviyada olan hesablarından pul vəsaiti kimliyini bilmədiyim şəxsə verilirdi, əvəzində isə “Mişa”dan nağd pul alırdıq. Ayaz Kərimovun göstərişi ilə pulların bir hissəsi Mişada saxlanılırdı, bir hissəsini isə Elmar götürüb Fuad adlı şəxsə verirdi. 2014-cü ilin dekabr ayında “Cartburq Networks” şirkəti MTN ilə təxminən 7.000.000 ABŞ dolları məbləğində müqavilə bağlayaraq xaricdən avadanlıq gətirərək həmin təşkilata satdı. 2015-ci ilin təxminən iyun-iyul aylarında “Cartburq Networks” şirkəti ilə MTN arasında ikinci müqavilə bağlandı, həmin müqavilənin məbləği isə səhv etmirsə 1.800.000 dollar idi. İkinci müqaviləyə əsasən bütün rabitə siqnallarını dayandıran qurğular alınmışdı”.

N.Əlizadə mesajlarda göstərilən irihəcmli məbləğlərin A.Kərimovun diktəsi ilə E.Useynova yazdığını, başqa heç bir şey bilmədiyini deyib: “Cartburg NC” şirkətinin hər ay üzrə təxminən 850.000 dollardan 950.000 ABŞ dollara qədər qazancı olurdu. Həmin məbləğ də qeyri rəsmi qaydada hər ay “Azəriqazbank” ASC-nin işçisi “Mişa”ya göndərilirdi. Ayazın göstərişi ilə bir necə dəfə Mişanın yanına gedib ondan 10.000, 20.000 və ya 30.000 dollar götürmüşəm. Gəlirlərdən hər ay 5.000 dollar çıxıldıqdan sonra qalan məbləği Elmar Mişadan götürülərək Cəlil Cəfərova verirdi. Bu da təxminən aylıq 400.000 və ya 450.000 dollar edirdi. 5.000 dolların kimə çatdırıldığını bilmirdim. Məbləğlər həmişə 51 faizin 49 faizə nisbətdə bölünürdü, pulun 51 faizi Fuada verilirdi, 49 faizi isə Mişada qalırddı. Fuad “Caspian Crystal Holdinq”in işçisi idi”.

Qeyd edək ki, istintaq materiallarında Ayaz Kərimovla Anar Mahmudovun mesajlaşmaları zamanı latviyadakı işlərə sabiq nazir oğlunun rəhbərlik etdiyi və onun Latviya nömrəsi ilə yazışmaların da olduğu aşkarlanıb. N.Əlizadənin ifadəsində “pullar latviyadakı kimliyini bilmədiyim şəxsə verilirdi” məluatında həmin şəxsin Anar Mahmudov olduğu bəlli olur. Mahmudovların pulları Çingiz Əsədullayevin qaynı Françev Mixail Yuryeviçdə tərəfindən qanunsuz olaraq “Azəriqazbank”da saxlanılıb. Şirkətlərin qazancı Fuad adlı şəxs vasitəsilə A.Mahmudova çatdırılıb, işlər üçün hər hansı məbləğdə xərc lazım olduqda isə Mahmudovun işçiləri xəzinədar “Mişa”ya müraciət ediblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.